Hüseynin MAMAsı Roza – Toğrul Allahverdili yazırbackend

Hüseynin MAMAsı Roza – Toğrul Allahverdili yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəlcə, Roza xalanın oğul dediyi Hüseynin və Hüseynin mama dediyi Roza xalanın dillər əzbərinə çevrilən şoularından danışmazdan öncə bu ilin Cümhuriyyət ili olduğunu oxucuların diqqətinə çatdıraq. Ki, bir neçə gün bundan əvvəl Cümhuriyyətimizin qeyd edilən 100 illiyi yadlarına düşsün. Cəmi iki il fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi heç iki gün müzakirə olunmadı. Amma onun yerinə bir maşının ətrafına toplaşıb bir-birilərinin az qala ətini yeyənlərin hər addımları Respublikamızın ən ucqar bölgəsindəki sıra dağların ətəklərində qoyunlarını otaran Pirverdi kişinin ömür gün yoldaşı Xanbacı xanımla müzakirə etdiyi mövzuya çevrildi.
Nə qədər təəccüblü görünsə də, bir o qədər realdır. Elə ona görə də, həmin bu Pirverdi kişi orucluqdan sonra oğlu üçün edəcəyi toy mərasimində Roza xalanın “muzikant”ları ilə birlikdə oxuyub-çalmasına görə qoyunlarının yarısını ona verməyi düşünür. Pirverdi kişi deyir ki, onu Cümhuriyyətdən daha çox Hüseynin maması Roza cəzb edir. Ona görə də, o, mama Roza ilə maraqlanmağı hər şeydən üstün tutur.

Mətləbə keçməzdən öncə, iki gün bundan əvvəl qüdrətli ordumuzun daha bir kəndimizi işğalçı ermənilərdən azad etdiyini də xatırladım. Ki, başları Rozanın arxasını çevirdiyi studiada çəkiliş aparan kameraların gözü ilə səhnəyə baxmasına qarışan tamaşaçılarımızın da xəbəri olsun. Onların xəbəri olsun ki, onlar evlərə məcburi olaraq icazəsiz daxil olan bu cür verilişləri izləyib müzakirə etdikləri zaman səngərdəki əli silahlı Azərbaycan oğulları 26 ildir ermənilərin işğal etdiyi 11 min hektarlıq ərazini geri qaytarıblar.

Onlar bu ərazini geri qaytarmaq uğrunda döyüşürkən bəziləri Hüseynin “mama”sını müzakirə edirdilər. Əslində, Roza və Hüseyn Azərbaycan teleməkanını obrazlı şəkildə canlandıran iki tipdir. Yəni, televiziyalarımız özü insan olsaydı, ya Roza, ya da Hüseyn kimi bir insan olardı. Ölkədə bu qədər əhəmiyyətli hadisələr ola-ola siz nəyi müzakirə etdiyinizin fərqindəsinizmi? Yoxsa, müzakirə olunası mövzu qıtlığından əziyyət çəkirsiniz?

Qadın paltarı geyinib təlxəklik edən birinin müzakirə olunmasının dərəcəsi həddini aşıb. Burada bir sual gəldi ağlıma ki, bunu yazmasam narahat olaram: Sizcə, qadın paltarı geyinib insanları mənasız gülüşə qərq edənlə, hərbi formanı geyinib torpaqları azad edən igidlərin döyüşməsi ilə insanların sevinc göz yaşlarına qərq olması arasında nə fərq vardır? Əlbəttə, fərqlər yerlə göy qədərdir. Amma bu fərqləri görməzdən gələnlər yerlə göyün arasındakı ən cılız məxluqlardır.

Bu arada, bu şou, eyni zamanda, digər kanalda yayımlanan Xoşqədəmin aparıcısı olduğu verilişin missiyasını da davam etdi. Burada kimisi, əvvəlcə anasını, daha sonra atasını tapdı.

Toğrul Allahverdili
İnterpress.az