İtaliyada TAP-a qarşı Rusiya əngəlibackend

İtaliyada TAP-a qarşı Rusiya əngəli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan qazını Avropaya nəql edəcək Transadriatik Qaz Kəməri (TAP) layihəsinə yenidən baxılacağına dair İtaliyanın yeni hökumətinin bəyanatı ciddi müzakirə mövzusu olaraq qalmaqdadır.

Xatırladaq ki, İtaliyanın rusiyameylli “5 Ulduz” hərəkatı və “Şimal liqası” partiyaları tərəfindən formalaşdırılmış yeni koalision hökumətinin ətraf mühit naziri Serjio Kosta TAP layihəsini “tamamilə gərəksiz” layihə adlandırıb, bir sıra iri layihələrlə birlikdə ona da yenidən baxılacağını açıqlayıb.

Layihəni həyata keçirən konsorsium da İtaliyadan səslənən fikirlərə ilkin reaksiyasını açıqlayıb. TAP-ın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Liza Givert “Trend” agentliyinə açıqlamasında konsorsiumun İtaliyanın yeni hökuməti ilə “sıx əməkdaşlıq edəcəyini” deyib: “TAP İtaliyanın yeni hökuməti və onun müvafiq nazirlikləri ilə sıx əməkdaşlıq edərək bu layihənin İtaliya vətəndaşları üçün faydaları, o cümlədən məşğulluq, gəlirlər, təbii qazın qiymətinin aşağı salınması baxımından üstünlükləri barədə çatdıracaq”.

TAP konsorsiumunun rəsmisi qaz kəmərinin İtaliya üçün bir sıra üstünlüklərə malik olduğunu deyir. Liza Givert bildirir ki, TAP İtaliyada dekarbonlaşdırma prosesinin fasiləsiz həyata keçirilməsi üçün mühüm olan təbii qaz nəql edəcək, enerji efektivliyi və bərpa olunan enerji mənbələri baxımından əhəmiyyətli olacaq. Habelə İtaliyanın qaz təchizatının şaxələndirilməsinə imkan yaradacaq: “Mövcud qaz təchizatı marşutlarına (Rusiya, Əlcəzair, Liviya, Niderland və Norveç) əlavə olaraq TAP energetika təhlükəsizliyini daha da möhkəmləndirəcək. Bu da təchizat mənbələri arasında rəqabəti gücləndirəcək və logistika xərclərini azaldacaq”.

Onu da qeyd edək ki, bir çox mənbələr İtaliyada TAP-a qarşı bitməyən etirazların arxasında Rüsiyanın dayandığını deyirlər. Azərbaycandakı sabiq ABŞ səfiri Metyu Brayza bir müddət əvvəl problemin kökündə “Qazprom” dayandığını bəyan etmişdi. İtaliyada hökumət quran qüvvələr də Rusiyaya isti münasibətləri ilə tanınırlar.

İtaliyada TAP-a qarşı Rusiya əngəli

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanovun “Yeni Müsavat”a dediyinə görə, TAP-la bağlı problemlər kimlərinsə Azərbaycanı özünə rəqib görməsindən qaynaqlanır: “İtaliyada koalisyon hökumət quran qüvvələr daxilində müəyyən ölkələrə bağlı olanlar da var. Ümumiyyətlə, TAP-ın İtaliyaya girişi və çıxışındakı ərazilər üzrə lokal etirazlar əvvəlcədən də vardı. Bu etirazların arxasında həqiqi lokal səbəblər ola bilər. Amma belə problemlərin həlli üçün imkanlar hər zaman var. Bilirsiniz ki, Baltik dənizinin dibiylə yüzlərlə, minlərlə kilometr uzunluqda kəmər çəkən, Qara dənizin ” dibindən keçən kəmər çəkən ölkələr var. Bu zaman nədənsə heç bir ekoloji problem meydana çıxmır. Amma 200 zeytun ağacına görə problemlər ortaya çıxır, yaxud TransXəzər boru xəttinin çəkilməsi məsələsi mümkün sayılmır. Burada siyasi təzyiq məsələsidir. Bəzi ölkələrin Avropa ölkələri üzərindəki təsirinin, bəzi şirkətlərin buradakı təsirinin nəticəsini görürük. Elə Avropa İttifaqının diversifikasiya çalışmalarının arxasında da bu qorxu durur ki, bir dövlət və ya bir şirkətdən asılı qalmaq hansı fəsadlar verə bilir. İtaliyada gedən proseslər Avropa İttifaqının diversifikasiya istəyinin nə qədər yerində olduğunu, Azərbaycanın bu prosesdə oynadığı rolun əhəmiyyətini bir daha göstərmiş olur. Yəni çox xırda bir məsələyə görə, hələ bir neçə ildən sonra axmağa başlayacaq çox az miqdarda qaza görə yaşanan problemlər buna işarədir\”.

Mərkəz rəhbərinin fikrincə, ortada strateji mənada bir anlaşma var: “İtaliya Avropa İttifaqının önəmli dövlətlərindən biridir. Amma bu məsələdə çox müxtəlif siyasi-iqtisadi maraqlar rol oynayır. Mənə elə gəlir ki, ən pis halda boru xəttinin bir qədər gecikməsi baş verə bilər. Hətta mümkündür ki, bu da olmasın, layihə vaxtında başa çatsın. Prinsipcə, Azərbaycan bu məsələni etirazların arxasında duran dövlət və şirkətlərlə həll etmiş görünür. Sadəcə olaraq, bu şəkildə məsələlər ortaya atılmaqla, görünür ki, Azərbaycandan başqa mövzularda müəyyən güzəştlər əldə etməyə çalışırlar. Diplomatiya çoxkartlı bir prosesdir. Burada onlarca hadisə eyni zamanda dəyərləndirmə içərisindədir. Bir tərəfdən təzyiqi artırarlar ki, başqa bir məsələdə güzəşt əldə edə bilsinlər. Bu məsələ iqtisadi də ola bilər, siyasi də, təhlükəsizliklə bağlı məsələ də. Bu baxımdan, proses davam edir. İndiyədək çox maneələr aşılıb, bu da onlardan biri”.

Ekspert hesab edir ki, Cənub Qaz Dəhlizi ilə bağlı bir çox problemlər bilavasitə Rusiyanın mövqeyindən qaynaqlanır: “Lakin belə başa düşürəm ki, Kremldə bu məsələyə yaşıl işıq artıq yanır. Sadəcə olaraq, bu çətinliklər digər mövzularda Azərbaycan tərəfindən, bəlkə də digər konsorsium üzvlərindən nələrsə əldə etməyə yönəlib. Ola da bilsin ki, problemlər birbaşa Azərbaycanın özüylə deyil, digər iştirakçı ölkələr, şirkətlərlə bağlıdır. Çoxaktyorlu oyundur. Bp var, Yunanıstan, Türkiyə var. Hətta Azərbaycan qazının Türkiyəyə daxil olması belə bu ölkədəki Rusiya qazına rəqabət yaranması deməkdir. Hazırda söhbət qazın Avropaya çıxıb-çıxmamağından deyil, hansı şərtlərlə çıxmasından gedir. Bu şərtlər çox mürəkkəb situasiyada meydana çıxır və hərəsi bir məqsədə xidmət edir. Amma düşünürəm ki, onlar Azərbaycan qazının Avropa bazarına çıxışını ləngidə bilməyəcəklər”. (musavat)

İnterpress.az