Deputatlardan məmurlara Xəzərdəki ekoloji fəlakətlə bağlı çağırışlar…backend

Deputatlardan məmurlara Xəzərdəki ekoloji fəlakətlə bağlı çağırışlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Vahid Əhmədov Bakı şəhərində yaşıllıqların kütləvi qırılması səbəbindən yaranmış problemlərə diqqət çəkdi. Həmçinin Göyçay rayonunda sel-daşqının yaratdığı problemlərdən də bəhs etdi.

Deputat Musa Quliyev Bakı bulvarındakı ekoloji problemə diqqət çəkdi: “Biz tez-tez Bakı bulvarında oluruq. Vətəndaşların bir şikayəti var ki, Xəzər dənizinin bulvar hissəsində məişət tullantılarının atılması səbəbindən çox pis mənzərə var. Orda bəzən elə üfunət qoxusu gəlir ki, adam xarici vətəndaşlardan utanır. Ona görə də əlaqədar təşkilatların bu məsələ ilə bağlı tədbir görməsini xahiş edirəm”.

M.Quliyev
Bakıdakı tullantıların çeşidlənməsini də vacib saydı, onların hamısının bir yerdə daşınmasını doğru saymadı. Əlavə etdi ki, bəzən 60-cı illərdən qalmış köhnə maşınlarla zibil daşınır: “Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı da tədbir görməlidir”.

Deputat Fəzail Ağamalı da həmkarının fikirlərini müdafiə etdi: “Bakı dünyanın inkişaf etmiş şəhərlərindən biridir. Bakıya dünyanın hər yerindən çoxsaylı turistlər gəlir. Bulvar tərəfdən, dənizdə həmin xoşagəlməz mənzərəni görmək, o qoxunu hiss etmək çox acı mənzərədir. Bununla bağlı çox sərt tədbirlər görülməlidir. Mən icra strukturuna bununla bağlı çağırış edirəm. Bir dəfə mən bu barədə çağırış edəndə diqqət artırıldı və xüsusi gəmilərlə dəniz suyunun təmizlənməsinə başlanıldı. Amma yenə də eyni mənzərə yaranıb. Orda çox pis vəziyyət var”.

F.Ağamalı kifayət qədər yüklənmiş Bakıda istismara yararlı olmayan avtomobillərlə bağlı tədbirlər görməyə də çağırdı.

Vitse-spiker Valeh Ələsgərov ekoloji fəlakət yaradanlara qarşı sərt olmağa çağırdı: “Bu yaxınlarda oxuyuram ki, Ceyranbatan su anbarına tullantı sularını axıdırlar. Onlarla bağlı araşdırma aparılıb və cavabdehlər 6550 manat cərimə ödəyiblər. Milyonlarla pul qazanan iki qurum 6550 manat cəriməni ödədi və işlərinə davam edəcək. Bu cərimələrin miqdarı o qədər yüksək olmalıdır ki, qanunsuzluğa yol verən qurum o addımlardan çəkinsin”.

Vitse-spiker Meksika sahillərində dənizi çirkləndirən şirkətin milyardlar ödədiyini, çökmək həddinə çatdığını xatırlatdı. (musavat)

İnterpress.az