“Əslinə qalsa, mən həmişə orucam” – Deputat Aqil Abbasbackend

“Əslinə qalsa, mən həmişə orucam” – Deputat Aqil Abbas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənim üçün oruc tutmağa əsas maneə yaradan siqaretdir. Ümumiyyətlə, mən nə səhər yeməyi, nə də günorta yeməyi yemirəm. Gün ərzində yalnız axşamlar bir dəfə yeyirəm. Əslinə qalsa, mən elə həmişə orucam. Sadəcə olaraq, siqaret çəkirəm”.

Bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. O bildirib ki, bu il oruc tuta bilməsə də, ötən il 3 gün oruc tutub: “Yalan danışaram, mən bu il oruc tutmamışam. Keçən il maraq üçün oruc tutdum. Siqareti çəkməmək üçün. Amma gördüm ki, Allah lütfü idi, oruc tutduğum həmin 3 gün nə könlümə siqaret düşmədi, nə də heç yemək və su ağlımdan keçmədi. Yəni ki, özüm də gördüm ki, oruc tutmaq olar. Elə bil ki, ilahi bir hikmət var burada. Amma bu il oruc tuta bilmədim. Oruc tutmamağıma səbəb sağlamlığım deyil. Mən kərbəlayi nəslində, ailəsində böyümüşəm. Babam kərbəlayi olub, nənəm oruc tuturdu, namaz qılırdı”.

A.Abbas Ramazan bayramı ilə bağlı gördüyü xeyriyyə işlərindən də danışıb. Onun sözlərinə görə, bir kəsin xeyriyyə işini görüb bunu camaat arasında yayması düzgün deyil. O qeyd edib ki, xeyriyyə işləri gizli qalmalıdır: “Məni bütün jurnalistlər tanıyır ki, mən xeyriyyəçi insanam. Amma gördüyüm bütün xeyriyyə işlərini mətbuata çıxartmağı bəyənmirəm. Nə də ki, bunu heç kimə demirəm. Çünki Hz Əli deyir ki, bir əlin verdiyini o bir əl bilməməlidir. İndi siz düşünün ki, mən kəndə getdim, kimə yardım etdim, kömək etdim və s. Öz də təkcə Ramazan ayında yox, bütün aylarda xeyriyyə işləri görmək lazımdır. Xeyriyyəçi hər zaman xeyriyyəçiliklə məşğul olmalıdır. Ramazanı gözləməli deyil. Yəni, əgər imkanı çatırsa, hansısa bir ayı gözləməsi düzgün deyil. Mən özüm də böyük bir müəssisə təşkilatının sahibi deyiləm, 2 min manat maaş alıram və təbii ki, əlimdən gələni də edirəm. Bu, məsələnin bir tərəfidir. Mən Məhəmməd Peyğəmbərdən sonra Hz Əlidən böyük bir insan tanımıram. Dini baxımdan deyirəm bunu. Əgər, Hz Əli elədiyimiz xeyriyyə işini ictimailəşdirməyi məsləhət görmürsə, mən bunu niyə ictimailəşdirməliyəm. Kimsə nümunə göstərmək istəyirsə, gedib göstərsinlər də”.

Millət vəkili gördüyü xeyriyyə işlərini ictimailəşdirənləri də qınayıb: “Hətta mən bunun haqqında dəfələrlə yazmışam. Bir də görürsən ki, biri qaçqın şəhərciyinə 5 kisə un aparır, 2 kisəni əlində aparır və televiziyada 4 dəfə qaldırırlar verirlər, qaldırırlar verirlər. Aparmısan, aparmısan da daha bunu televiziyada bu qədər şişirtməyə nə ehtiyyac var. Öz də kisələri qaldırırlar təkrar-təkar düşürürlər ki, guya, kisələrin sayı çoxdur. Yəni, belə şeyləri sevən deyiləm”.

Millət vəkili sonda bütün Azərbaycan xalqını Ramazan bayramı münasibətiylə təbrik edib.

Səid Qərib
İnterpress.az