“Rus dilinin bu qədər təbliği tələbatdan deyil, xəyanətdən irəli gəlir” – XALQ ŞAİRİbackend

“Rus dilinin bu qədər təbliği tələbatdan deyil, xəyanətdən irəli gəlir” – XALQ ŞAİRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist Gülnarə İlham özünün \”Facebook” profilində vətəndaşların kütləvi şəkildə xaricdə təhsilə, rusdilli bağça və məktəblərə meyl göstərməsinin səbəblərindən yazıb. Həmkarımız diqqətə çatdırıb ki, dövlət qurumlarından tutmuş metroların çıxışındakı köşklərə qədər işə götürənlərin rus dili tələbi çoxsaylı istedadlı kadrları \”şikəst” edib:

\”Onların aqibətini görən Azərbaycan dilli təbəqə neçə illərdir haqlı olaraq övladına rus dilində təhsil vermək üçün məktəblərdə yer üstündə dava aparır.

İndi isə yeni dəb düşüb. Yüksək vəzifələrə, şöbələrə əsasən Avropa və Amerika universitetlərində təhsil alanlar gətirilir. Ona görə də az qala hansı valideyni dindirirsən, deyir, \”övladımı xaricə oxumağa göndərəcəyəm”. Hansı universitet məzununu dindirirsən, deyir, \”heç olmasa magistratura təhsilimi xaricdə davam etdirim. İmkan olsa qayıtmayacağam. Qayıtsam da, \”hörmətlə\” qarşılasınlar”.

Doğrudan, nə etmək istəyirsiniz? Ümumiyyətlə, planlarınız nədir? Bəs, buradakı nüfuzlu ali təhsil müəssisələrini yüksək nailiyyətlərlə bitirən tələbələr necə olacaq? Xaricdə oxuyub gələnlərin əlinin altında köməkçi işlədəcəksiniz?”

\”Sherg.az\” olaraq məsələnin kifayət qədər ciddi və ağrılı olduğunu nəzərə alaraq Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı ilə əlaqə saxladıq. Jurnalistin fikirləri ilə tamamilə razılaşdığını deyən S.Rütsəmxanlı bildirdi ki, Azərbaycan dilinin arxa plana keçirilməsi, vətəndaşlardan rus və ingilis dillərinin mütləq şəkildə tələb edilməsi prosesinin əsasını qoyan qüvvələr Azərbaycanın müstəqil dövlət statusunu əlindən alıb, buranı Rusiya və ya Qərbin əyalətinə çevirmək niyyəti güdürlər:

\”Bu milli nihilizm, mədəniyyətinə, varlığına biganəlik başqa heç bir fikirlə əsaslandırıla bilməz. Ola bilər, bu qüvvələr ümumiyyətlə, Azərbaycan dilini, Azərbaycanın varlığını sevməyənlərdir. Bu millətin qanını daşıyan, bu torpağın çörəyini yeyən, dövlətə sayğı duyan insanlar ilk növbədə qanunlara hörmət etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili Azərbaycan dilidir. Ona görə, bütün müəssisələrdə Azərbaycan dili tələb olunmalı, kadrların öz
Ana dilini hansı səviyyədə bildiyi yoxlanmalıdır. Bundan sonra digər xarici dil məsələsi ortaya qoyula bilər. Niyə köşkdə, mağazalarda, adi marketlərdə çalışan işçilərdən rus, ingilis, digər dilləri mükəmməl bilmək tələb edilməlidir?

Orta məktəblərimizdə xarici dillər tədris olunur. Əgər bu proses yaxşı səviyyədə aparılsa, anadilli məktəblərdə öyrənilən xarici dillər yerli idarələrdə işləmək, hətta beynəlxalq əlaqələr qurmaq üçün kifayətdir. Xarici dillər üzrə təşkil edilən fakültələr var. Bir idarədə bütün işçilər hökmən xarici dil bilən olmalıdır deyə qayda yoxdur. Biz xarici dilə önəm verdikcə, ana dili arxa plana keçir. Baxın, məmurlarımız ana dilini hansı səviyyədə bilirlər? İdarələrdə, təşkilatlarda Azərbaycan dili hansı səviyyədə istifadə olunur? Bəzən şəhərin müxtəlif yerlərində elanlar vurulur, idarələrin, təşkilatların bildirişləri yayımlanır. Həmin sənədlərdə çoxlu səhvlər olur. Bütün bunlar sanki dilimizi aşağılamaq üçün qəsdən atılan addımlardır”.

S.Rüstəmxanlı vurğulayıb ki, hazırda beynəlxalq dil ingilis dili hesab olunur. Beynəlxalq əlaqələrdə belə rus dilinə o dərəcədə ehtiyac yaranmır:

\”Ona görə, israrlar övladlarımızı rus dilli məktəblərdə oxutmağımıza lüzum yoxdur. Hesab edirəm ki, rus dilinin bu qədər təbliğ edilməsi, ona meyl edilməsi tələbatdan deyil, xəyanətdən irəli gəlir.

Bu cür fikirlər səsləndirdikdə, başqa istiqamətə yozurlar. Guya biz, xarici dillərin – rus dilinin öyrənilməsinin əleyhinəyik. Halbuki, orta məktəblərdə də tədris edilən bu dil öyrənilsə, yaxşıdır. Amma rus dilini ana dili, dövlət dili statusuna qədər yüksəltmək olmaz. Moskvada sonuncu Azərbaycan məktəbi də bağlandı. Halbuki orada bir milyona yaxın azərbaycanlı yaşayır. Gürcüstanda, Dərbənddə, İranda Azərbaycan məktəbləri yoxdur və fəaliyyət göstərənləri də bağlayırlar. Azərbaycan dilinə qarşı belə cəbhə yaradılmasının səbəbi nədir, əmri haradan verilir? Niyə 50 milyonluq xalqın dilinə qarşı düşmən siyasəti aparılır? Bir yazımda qeyd etmişdim ki, Bakıda ermənilərin təsiri rusların təsirindən çoxdur. Belə görünür ki, burada erməni barmağı var”.

İnterpress.az