Qadınları dəhşətli hala salan kosmetoloqun klinikası bağlandıbackend

Qadınları dəhşətli hala salan kosmetoloqun klinikası bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pasiyentlərinin dodaqlarını yandırıb, dəhşətli hala salmaqda ittiham olunan, özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayevanın klinikası, nəhayət ki, bağlanıb. Bu barədə zərərçəkmişlərin vəkili Toğrul Allahyarov criminal.az saytına məlumat verib. Vəkil qeyd edib ki, Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 4 ünvanında yerləşən mərkəz hazırda icarəyə verilir:

“Elnarə Rzayeva 3 ilə yaxın ”LA sisters\” mərkəzində qeyri-rəsmi işləyib. 2017-ci il sentyabrın 15-dən əmək müqaviləsi ilə həmin mərkəzə rəsmi işə düzəlib. Çoxsaylı şikayətlərdən sonra “LA sisters” rəhbərli tərəfindən işdən azad olunub. Onunla bağlanmış əmək müqaviləsi ləğv olunub. Bundan sonra Elnarə Rzayeva həmin mərkəzə yaxın yerdə, həmin binadan bir neçə metr kənarda özünə yer kirayələyərək işləməyə başlamışdı. Bir neçə zərərçəkmiş xanımın dodaqlarını həmin mərkəzdə yandırıb. Görünür, son zamanlar adı mediada hallandırıldıqdan sonra mərkəzi bağlayaraq qaçıb. Onun başqa bir mərkəzi də var. Səməd Vurğun 92-də, ona həbs qoydurmuşam\”.

“Yeni Müsavat”a daxil olan məlumata görə isə mərkəz bağlandıqdan sonra personal istintaqa cəlb edilib, araşdırma aparılır. Məsələ ilə bağlı Elnarə Rzayevanın mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Mərkəzdə çalışan digər kosmetoloq Vəfa Mustafayeva isə zənglərimizdən sonra mobil telefonunu söndürdü.

Xatırladaq ki, son vaxtlar Elnarə Rzayevanın qurbanlarının sayı durmadan artmağa başlamışdı. Bu günə qədər çoxlu sayda pasiyent, o cümlədən model Esmira Yusifova, Xalidə Qasımova, E.M-ova, Səlmi Əhmədova mətbuata müraciət edərək, onun prosedurlarından şikayət edib, dodaqlarında, üzlərində yaralar əməl gəldiyini bildiriblər.

Bəzi pasientlər isə şikayət etdikləri üçün kosmetoloq tərəfindən döyüldüyünü iddia edib, məhkəməyə müraciət ediblər. Məlum olduğu kimi, ötən ayın sonunda bununla bağlı Elnarə Rzayeva barəsində məhkəmə qərarı çıxarıldı. Qərara əsasən E.Rzayeva pasientləri Rəna Sultanova və Nigar Məmmədovanın ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumat paylaşıb, böhtanlar atdığı üçün 50 min manat təzminat ödəməli, eyni zamanda sosial şəbəkədə bacılardan üzr istəməlidir.

Qadınları dəhşətli hala salan kosmetoloqun klinikası bağlandı

Eyni zamanda pasiyenti Validə Firudinovanı pula görə döydüyü üçün barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başladılıb.

Onu da əlavə edək ki, bağlanan klinikanın lisenziyası olmadığı haqda iddialar var idi. Belə ki, Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verərkən bildirib ki, Elnarə Rzayevanın tibbi və əczaçılıqla ilə bağlı lisenziyası yoxdur. Qeyd olunub ki, Elnarə Rzayeva adında şəxs praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya prosesində iştirak etməyib və bununla bağlı onun Səhiyyə Nazirliyinə müraciəti daxil olmayıb. (musavat)

İnterpress.az