Tanınmış qələm sahibi Cavad Cavadlının xatirəsi anılıbbackend

Tanınmış qələm sahibi Cavad Cavadlının xatirəsi anılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZƏRTAC xəbər verir ki, tədbirdə professor Nizami Xudiyev, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova, şairlər Oqtay Rza, Adil Cəmil və başqaları Cavad Cavadlının yaradıcılığından danışıblar.

Qeyd edilib ki, Cavad Cavadlı 1926-cı il aprelin 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Atası Ələsgər Qasımov dövrünün tanınmış ziyalılarından biri olub, ərəb, fars dillərini, Şərq ədəbiyyatını mükəmməl bilib. 1937-ci ildə ölkəni bürüyən repressiya Dəmirçi kəndindən də yan ötməyib. Onların ailəsini Qazaxıstana sürgün ediblər. Əzablara, haqsızlığa tab gətirməyən Ələsgər Qasımov 1938-ci ildə həbs düşərgəsində dünyasını dəyişib. Ərini, övladlarından birini itirən Keysu xanım oğlu Cavada “qaç, canını qurtar” deyib. On iki yaşlı uşaq iki dəfə sürgündən qaçaraq Qazaxıstandan Naxçıvana – Dəmirçi kəndinə gəlib. O zaman Şərurda Partiya Komitəsinin birinci katibi işləyən Süleyman Rəhimov Cavada kömək edib. Hətta ələ keçməsin deyə, Qasımov familiyasını dəyişərək babasının adını ona soyad seçib. C.Cavadlı əziyyətə qatlaşaraq oxuyub, Bakı Dövlət Universitetinin jurnalistika (filologiya fakültəsinin tərkibində olub) bölməsini bitirib.

C.Cavadlı əmək fəaliyyətinə “Kommunist” qəzetində başlayıb, ictimai-siyasi mövzuda məqalələri ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Sonradan ömrünün 50 ildən çoxunu “Azərbaycan müəllimi” qəzetində yaradıcılıq fəaliyyətinə həsr edib. C.Cavadlının bir-birinin ardınca “Şən pambıqçılar”, “Qara gözlər səadətdir”, “Səndən sonra” və digər şeir və publisistik kitabları nəşr etdirilib. Ömrünün ixtiyar çağlarında yazdığı “Sürgün” mənzum romanı ictimaiyyətin böyük marağına səbəb olub.

Vurğulanıb ki, Cavad Cavadlının əməyi dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına, Prezident təqaüdünə, habelə müxtəlif illərdə “Qızıl qələm”, “Ustad sənətkar”, “Əsrin ziyalısı” və digər mükafatlara layiq görülüb.

Tədbirdə ədibin əsərlərindən nümunələr səsləndirilib.

Sonda ədibin qızı, “Tarixi həqiqətlərin öyrənilməsi” İctimai Birliyinin sədri Lalə Cavadqızı tədbir iştirakçılarına minnətdarlığını bildirib.

İnterpress.az