İran mətbəxi: MÖHTƏŞƏM 7 GÖZƏL PLOVUbackend

İran mətbəxi: MÖHTƏŞƏM 7 GÖZƏL PLOVU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərzaqlar:
Toyuq -1 ədəd
Portağal -1 ədəd
Baş soğan – 3 ədəd
Zirə – 1 çimdik
Zəfəran – 2 çimdik
Ərinmiş kərə yağı – 700 qr.
Fıstıq – 100 qr.
Kişmiş – 80 qr.
Badam – 100 qr.
Qızılgül suyu – 30 ml.
Nar suyu – 50 ml.
Duz

Hazırlanması:

İlk növbədə portağalın qabığı soyulur. Lap bir gün əvvəldən edə bilərsiz. Qabıq nazik soyulur, isti suda saxlanılıb, süzülür, sonra yenidən isti su alınır. Ta ki, su şəffaf olana kimi. Sonra qabıqlar çox nazik, uzunsov doğranılır.

Toyuq yuyulur, doğranılır,hissələrə bölünür. Soğanlar doğranılır, kərə yağında qovrulur. Rəngi çox tünd olmamalıdır. Sonra bura toyuğu əlavə edirsiz: əvvəlcə gec bişən qanadlar və kürək, sonra file və budu. Toyuğa yaxşıca duz, istiot, zirə səpin və bişirin. Qəşəng rəng alması üçün zəfəran də səpin. Qapağı bağlayıb, bişirin, bir az yarı-bişmiş olanda götürün. Budur, 1-ci gözəl hazırdır.

Ayrıca tavaya ərinmiş kərə yağı, şəkər tozu və zirə səpib qarışdırın. Burda portağal qabığı karamelləşdiriləcək. Qabıqları tökən kimi bir az su əlavə edib, qarışdırın və bir dəqiqə də gözdən qoymayın. Şəkər əriyib, qabıqlar karamelli olana kimi gözləyin. Sonra oddan götürün.

İndi badam və fıstığa keçirik. Ləpələri bir neçə yerə bölürük. Tavada kərə yağında badam bir az qovrulur: ətri gələnə kimi. Sonra da ayrıca fıstıq yağda qızardılır.

Ərik qurusu yuyulur və doğranılır. Dağ isidilmiş tavada az kərə yağında bişirilir. Azca yumşaldı, ətri gəldi götürün, çox qızartmayın!

Eləcə də kişmişi dağ tavada azca bişirin, kişmişlər bir az şişmiş olsun.

Budur! 6 gözəl hazırdır. Qaldı əsas gözəl: DÜYÜ
Düyünü 12 saat əvvəldən isti suda islatmaq lazımdır. Özü də Basmati düyüsü olmalıdır.

Qazana 5 litr su alınır və bura hər kq-a 100 ml. süd olmaqla, yarım litr süd qatılır. Bolluca duzlayırıq və düyü burda bişirilir.

Kərə yağı ilə digər aş qazanının dibi bolluca yağlanır, qazmaq üçün lavaşlar düzülür. İstədiyiniz kimi, bacardığınız formada düzə bilərsiz.Qazandan 3 qaşıq südlü su götürüb, stəkanda zəfəranı həll edirsiz.

Bişmiş düyüdən bir kiçik qazana yerləşəcək qədər götürüb üzərinə zəfəran suyu əlavə edib, tünd sarı rəngə salınır. Ayrıca dəmə qoyulur. Bu plovun sarı düyüsüdür.

Turş yetişmiş narın suyu sıxılır. Yenə də düyüdən kiçik qaba ya tavaya töküb, üzərinə nar suyu əlavəolunur, bu düyü qırmızı olur. (qırmızı düyü alınması üçün təmiz qızılgül suyu da istifadə edə bilərsiz. O zaman plov şahanə ətir verəcək).Dəmə qoyulur.

Düyü süzülür, indi dəmə qoymaq üçün plovumuz yığılır: bişmiş toyuq əti tavadan süzgəcə tokülür ki, suyu və yağı axsın. Sonra lavaşın üzərinə yığılır. Karamelləşmiş portağal qabığı mütləq toyuğun üzərinə yayılmalıdır, qazanın dibinə düşməməlidir. Sonra düyü tökülür, üzərindən quru meyvələr: kişmiş, badam, fıstıq, ərik səpilir. Quru meyvə, çərəzdən bir az dekor üçün saxlayın. Qapağa dəsmal bağlanılır, aş 15-20 dəqiqə dəmə qoyulur.

Plov süfrəyə veriləndə boşqaba çəkilən düyünün kənarına qırmızı sarı düyümüz də qoyulur. Qalan fıstıq, badam, kişmişdən səpilir. Nar ilə bəzək vurulur.

İnterpress.az