Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla
İSTANBULDA ƏMLAK ALAN AZƏRBAYCANLILARA 25 PROFESSİONAL MƏSLƏHƏT


1. İlk növbədə əmlak alacağınız rayonu müəyyənləşdirin. İstanbul vilayətinin (İlinin) 39 rayonu var: Adalar, Arnavutköy, Ataşehir, Avcılar, Bağcılar, Bahçelievler, Bakırköy, Başakşehir, Bayrampaşa, Beşiktaş, Beylikdüzü, Beyoğlu, Büyükçekmece, Beykoz, Çatalca, Çekmeköy, Esenler, Esenyurt, Eyüp, Fatih, Gaziosmanpaşa, Güngören, Kadıköy, Kağıthane, Kartal, Küçükçekmece, Maltepe, Pendik, Sancaktepe, Sarıyer, Silivri, Sultanbeyli, Sultangazi, Şile, Şişli, Tuzla, Ümraniye, Üsküdar, Zeytinburnu. İstanbulda əhalinin 3/2 si Avropa, 3/1-i isə Asiya tərəfində yaşayır. Asiya tərəfində investisiya baxımından ən rentabelli rayonlar Bosfor boğazına çıxışı olan - Beykoz, Üsküdar və Kadıköydür. Asiya hissəsində əmlak qiymətlərinin baha olması bu tərəfdə dövlət reestrində olan torpaq sahələrinin az olmasıdır. İnşaat şirkətləri yaşayış kompleksləri inşa etmək üçün fabrik və zavodların ərazilərini almaq məcburiyyətində qalırlar ki, bu da mənzillərin maya dəyərini artırır. İstanbulda əmlak alan yerli və xarici vətəndaşlar daha çox Avropa tərəfində yaşamaq istəyirlər ki, bunun da əsas səbəbi infrastrukturun yüksək səviyyədə olması, həm ticari, həm də turistik baxımdan irəlidə olmasidir.

2. Əgər alacağınız evdə yaşayacaqsınızsa onun hava limanına, magistral yollara (məs. D-100 (E-5), TEM), metroya, hipermarketlərə, ticarət mərkəzlərinə yaxın olmasına diqqət edin. Ekoloji baximdan təmiz və "gecəqonduların" olmadığı səmtlərə üstünlük verin. Unutmayın: İstanbulda fabrik və zavodlar çoxdur. Bunların 70%-i Asiya tərəfindədir. Eviniz Sizə sevinc gətirməlidir. Memarlıq baxımından üstün, komfortlu, bağ-bağçalı, balkonlu, yay və qış hovuzu, əlverişli mənzil planı olan mənzillər seçin. Günəş şüalarını bol alan və mümkünsə dənizə yaxın olan evlərə üstünlük verin. Sevdiyiniz və ya vərdiş etdiyiniz mərtəbədə yaşamanız da çox vacibdir.

3. Ev almaq üçün Türkiyəyə gəldiyinizdə ağlınızda olan bütün sualları yazın və onlara cavab alın. Bütün suallarınıza dəqiq cavab almasanız ev almayın.

4. Ev alacağınız inşaat şirkətinin fəaliyyətini və əvvəllər problemləri olub-olmadığını araşdırın. Bəzi inşaat şirkətləri dövlət tərəfindən təsdiq olunmuş inşaat planından kənara çıxdıqları üçün çox sayda problemlər yaranır. Bunlara əlavə mərtəbələrin inşası misal ola bilər. Bu isə uzun müddətli məhkəmə prosesləri və cərimələrlə nəticələnir ki, bu cərimələri payçılardan əlavə məbləğ alaraq ödəmək istəyən inşaat şirkətləri az deyil.

5. Mənzilinizin aydat xərclərini dəqiqləşdirin. Aydatların yüksək olması Sizi qorxutmasın. Bu binanın prestijli olması deməkdir. Bəzi şirkətlər satış zamanı aydat xərcini az söyləyirlər. Aydatlar heç bir zaman sabit qalmır. Hər il inflyasiya səbəbindən müəyyən qədər qiymət artışı olur.

6. İnşaat şirkətlərindən və əmlak agentliklərindən Sizə verilən hər məlumat dəqiq olmaya bilər. Hər bir satış ofisində satılan mənzilin nümunəsi vardır. Buna "Örnek daire" deyirlər. Alacağınız evin özəlliklərini, inşaat materiallarını, məişət texnikasını, mətbəx mebelini və s. "Örnek daire"de görmək imkanınız vardır. Ancaq bəzən gördükləriniz həyata keçməyə bilər. Bunun qarşısının alınması üçün "Örnek daire"de gördüklərinizin imzaladığınız kontraktda "Teknik şartname" bölümündə əks olunmasına nail olun.

7. Kirayədə yaşayaraq ev alib icarəyə verməyin. İstanbulda eviniz, yəni daimi qeydiyyat ünvanınız olsa, yaxın ətrafınız, dövlət qurumları, banklar və biznes aləmi Sizə daha ciddi yanaşar.

8. Dünyada iqtisadi böhran olduğunu düşünüb sərmayə yatırımını gecikdirməyin. Bu böhran dollar və avro arasında gedən soyuq müharibənin nəticəsidir. Və yaxın zamanda öz həllini tapmaz. Dolların avro kursunun səviyyəsinə çatmaq və daha sonra onu nüfuzdan salmaq istəyi uzun illər böhran effekti yarada bilər. Xarici ölkə vətəndaşlarının Türkiyədə əmlak almaq hüququnu tənzimləyən yeni qanuna görə, mənzil sahibi olan əcnəbi sayı ərazi vahidinin (rayonun) ümumi əhali sayının 10%-ni keçərsə o rayonda xaricilərə əmlak satışı dayandırılacaqdır. Gördüyünüz kimi ev almaq istədiyiniz rayonun satış limiti hər zaman bitə bilər.

9. Evi sonradan satmaq məqsədilə aldınızsa, onu təməlindən alın. Sonra da bahalaşacağı vaxtı gözləyin. Əgər doğru seçim etmişsinizsə bu 3 ildən o tərəfə keçməz. Yaşı 15-i keçmiş binalar artıq rentabellilik trayektoriyasında enişdədirlər. Həmvətənlərimin əksəriyyəti ucuz ev axtardıqlarını söyləyirlər. Hətta bəziləri borcu üzündən ev satan olarsa onlara xəbər verməmi istəyirlər. Xəyalpərəst olmayın. İstanbulda kiçik bir borc üzündən heç kim evini satmaz. Türkiyədə stabil işi olan hər kəsin banklardan girov təminatı olmadan 20.000-30.000 dollar kredit alması müşkül bir iş deyil. Banka göndərilən bir "sms" hər şeyi həll edir. Unutmayın: ticarətdə satışda deyil, aldığınız zaman qazanırsınız.

10. Konseptli evlər yaşamaq üçün idealdır, amma sonradan satmaq məqsədilə bu evləri almayın. Məsələn, İtaliya vurğunusunuzsa "Venesiya" konseptli kompleksdə yaşamaq xoşunuza gələ bilər. Amma hər kəsin fərqli zövqü var və siz bu evi satmaq istəsəniz alıcı elə də asan tapılmayacaq.

11. İstanbulda mənzilinizdən açılan möhtəşəm mənzərənin uzun müddət qalacağı qarantiyası azdır. Ev aldığınız binayla bəyəndiyiniz mənzərə arasında özəl torpaq ərazisi və ya gecəqondular varsa, bu, yaxın vaxtlarda orda yeni bir kompleks inşa ediləcəyi deməkdir.

12. Bir neçə payçısı olan hissəli TAPU-lu əmlak almayın. Müqavilə imzalasanız da, satış ərəfəsində payçılar arasında problemlər yarana bilər və satış pozula bilər.

13. İstanbulda əmlak qiymətləri əvvəlcə rayon mərkəzlərində və magistral yolların kənarlarında yerləşən binalarda artır.

14. Alqı-satqı agentlikləri ilə çalışmaqdan qorxmayın və onlara komisyon verməkdə xəsislik etməyin. Bu da əmlakçıların halal zəhmət haqqıdır. Doğrudur hər yerdə olduğu kimi Türkiyədə də bu sahədə təsadüfi adamlar var. Ancaq onların xarici görünüşündən, inşaat şirkətləri tərəfindən qarşılanmalarından çox şey anlaya bilərsiniz. Professional əmlak agentinə ciddiyyətlə yanaşsanız, o Sizə çox sərfəli qiymətlərlə ev tapa və evinizi sata bilər. Təbii ki maddi marağı olarsa. Bəzi əmlak agentlikləri Sizə satış ofislərində təklif edilmiş eyni mənzili daha ucuz təklif edə bilərlər. Satış ofislərindən alacağınız mənzil o inşaat şirkətindən aldığınız anlamına gəlmir. Türkiyədə, xüsusilə də İstanbulda inşaat şirkətlərinin 90%-i satış səlahiyyətlərini müqavilə ilə anlaşdıqları əmlak şirkətlərinə həvalə edirlər. Bu həm qənaət, həm də ofis xərclərini azaltmaq üçün edilir. Odur ki satılan mənzil nə qədər baha olarsa, həmin firma daha çox komisyon alır. Bir də unutmayın: Antalya və Muğla bölgəsində inşaat şirkətlərinin evlərini satarkən əmlakçilar alıcıdan komisyon almırlar, çünki o bölgələrdə rəqabət çox güclü olduğu üçün satıcıdan 10-15% gəlir əldə edirlər. İstanbulda bu cür gəlir faizləri yoxdur. Odur ki megapolisdə əmlakçılar hər iki tərəfdən komisyon alırlar.

15. Sezonuna görə hərəkət edin. İstanbula daha şox yay aylarında gələcəksinizsə bu mövsümə görə ev alın. "Yazlıq" adlandırılan bu evlər yeni olmasa da, dəniz sahillərində yerləşir və nisbətən ucuz olur.

16. Əgər inşaat şirkətlərindən əmlak almaq istəyirsənizsə unutmayın: eyni binadan 3 mənzil almaq, ayrı-ayrı komplekslərdə 3 ev almaqdan daha sərfəlidir.

17. İnşaat şirkətlərini beton, kərpic, mərmər, mətbəx mebeli, seyf qapıları və s. təchiz edən istehsalçılar əvəzində barter əsasında mənzil alırlar. Sözləşməyə görə onlar həmin mənzilləri satış ofislərindən sonra satmalıdırlar. Bəzən barterlə alınan mənzillər inşaat şirkətininkindən 10-15%-dək ucuz olur. Belə mənzillərdən almaq istəsəniz bizə müraciət edin.

18. TV kanallarında reklamı yayımlanan inşaat kompleksləri "Marka"lı demək deyil. Bu reklam qiymətləri mənzil qiymətlərinin üzərinə əlavə olunur. Nəticə etibarilə reklam xərclərini alıcı ödəyəcək. İstanbulda irili-xırdalı 500-ə yaxın inşaat şirkəti var. TV kanallarında reklam verənlərin sayı isə 20-dən çox deyil.

19. Məşhur bir kəlam var: "Daşınmaz əmlak, zənginliyin səbəbi və nəticəsidir. Əmlak aldıqca zəngin olacaqsınız. Və zəngin olduqca da təkrar əmlak sahibi ola biləcəksiniz".

20. İstanbulda tarixi abidələrin, muzeylərin yerləşdiyi ərazilərin, Laləli kimi mərkəz məhəllələrdəki əmlakın hər zaman gəlirli olacağına güvənməyin. 3 il əvvələ qədər Taksim meydanında bir geyim mağazasının qiyməti boğazdakı villa qiymətinə bərabər idi. Gəzi parkı hadisələrindən sonra bu qiymətlər 30% ucuzlaşdı. Alternativ hər zaman var. Bu gün Atatürk hava limanının yerləşdiyi Bakırköy rayonunun Yeşilköy səmti İstanbulun ən lüks səmtlərindəndir. Burdakı villa və ofislərin qiymətləri Beşiktaşdakılarla eynidir. Lakin, 3-cü hava limanı istifadəyə verildikdən və Atatürk hava limanı bağlandıqdan sonra bu qiymətlər qüvvəsində qalacaqmı? Halbuki 1970-ci illərdə Bakırköyə imkansız ailələr köçürdü. 1970-2000-ci illərdə Etiler və Ortaköy Beşiktaşın ən lüks səmtləri sayılırdı. Orda yaşayanlar əsasən səhnə ulduzları və zəngin iş adamları idi. Lakin təqribən 10 ildir ki burda yaşayan məşhurlar başqa səmtlərə köç etməyə başladı. Səbəbi? O ərazidəki əmlakın hədsiz bahalaşması ilə yanaşı yaşlanması və alternativ modern və çox komfortlu yeni qəsəbələrin meydana gəlməsidir.

21. Daşınmaz əmlak alış-verişi ilə məşğul olmaq istəyirsənizsə bankların yerli müştərilərə rahat kredit ayıracaqları binalara üstünlük verin ki, satış zamanı probleminiz olmasın.

22. Əgər İstanbulda qeyri-yaşayış obyektləri alaraq onları işlətmək, ya da icarəyə vermək fikriniz varsa bunları bilməlisiniz: Oturma izninizin olması əsas şərtdir. Bunu almaq üçün isə İstanbul Polis idarəsinə qeydiyyat ünvanınızı göstərməlisiniz. Digər tərəfdən banklarda müxbir hesabınız olmalıdır ki icarəçi aylıq kirayə məbləğini ödəyə bilsin. Heç kim bu pulu Sizə nağd şəkildə əldən verməyəcək. Banklar Türkiyədə daimi qeydiyyat ünvanı və ya oturma izni olmadan əcnəbilərə müxbir hesabı açmırlar. Yox əgər kommersiya obyektini özünüz işlətmək istəyirsinizsə, o zaman müvafiq nazirliklərdən işləmək üçün icazə alınmalıdır ki, yenə də qeydiyyat adresinizi göstərməlisiniz.

23. Bir zamanlar Türkiyədə studio (1+0) və 1+1 tipli mənzillərə rast gəlmək mümkün deyildi. 1960-2000-ci illərdə əsasən 2+1, 3+1 və 4+1 mənzillər inşa olunurdu. İnsanlar brüt və net kv.m.-nin nə olduğunu belə bilmirdilər. Rezidans tipli komplekslər əsasən 2000 ci illərdə inşa olunmağa başladı. Odur ki, İstanbulda köhnə binalarda 1+1 mənzil tapmaq mümkün deyil. Studio mənzildən söz düşmüşkən: 1+0 adlanan və sahəsi 40 kv.m. i keçməyən bu dördbucaqlı mənzillər ucuz otel nömrəsini xatırladır. Bu mənzilləri satmaq çox çətindir, çünki qiyməti 2 otaqlı mənzildən çox az fərqlənir.

24. Təmirsiz ev və ya villa almaq istəyirsənizsə bunları mütləq yadda saxlayın: Evinizi təmir etdirirkən həftə sonları ara verin, yoxsa qonşular bələdiyyəyə şikayət edə bilər. Köhnə binalarda, ticarət obyektlərində otaqlar arasındakı pərdə-beton divarları sökməyin. 1999-cu ilin avqust ayında 7.5 bal gücündəki Marmara depremi İstanbulda 981 insanın həyatına son qoydu. O zaman İstanbulda zəlzələdən uçan binaların əksəriyyətinin altında ticarət obyektləri var idi ki, bunların da beton-pərdə divarları ortadan qaldırılmışdı. Köhnə binalarda yay aylarında hər gün bir-iki saatlıq su qıtlığı ola bilər. İstanbulda yazlıq ev alsanız binanın üstünə 5 tonluq su çəni qoymağı xəyalınızdan belə keçirməyin yoxsa binanın idarə heyəti ilə (Site yönetimi), qonşularla və bələdiyyə ilə problemlər yaşaya bilərsiniz. Bundan əlavə, villanızdakı su, qaz və elektrik sayğaclarının göstəricilərini geri çəkmək barədə də düşünməyin, çünki əvvəllər bir neçə adam bunun aci nəticələrini görüb.

25. İnternet saytlarından ya da qəzetlərdəki satış elanlarından ucuz ev axtaranlara bir neçə məsləhət. 1. Bazarlığınızı diqqətli edin. Elanlarda mənzilin qiyməti 200.000 isə, satıcıya "100.000 var, gəlin razılaşaq" deməyin. Qiyməti salmaq istəyirsinizsə bunu addım-addım edin. 2. Hər şey göründüyü kimi deyil. İnternet saytlarında elan verən şəxs hər zaman əmlak sahibi demək deyil. 0212 (Avropa tərəfi) və ya 0216 (Asiya tərəfi) kodları ilə başlayan nömrələr ev ya da ofis telefonu deməkdir. Yəni 90% əmlak agentliyidir. Sizə "Əmlakın sahibi mənəm" - desələr də. Çox bahalı əmlakın altında göstərilən GSM nömrəsi isə 99% onun sahibi deyil. Zəngin bir insan bütün günü müştərilərin suallarına cavab verməyəcək. Satıcılar mülk satışını əsasən etibarnamə ilə ya əmlakçılara, ya da yaxınlarına həvalə edirlər. 3. Söz verdinizsə dəqiq olun. Elanlar saytından ev seçib bir gün sonra baxmaq üçün görüş təyin edib oraya getməsəniz, o evə bir də baxma ehtimalınız çox azdır. 4. Diqqətli olun. 2-ci əldən satılan evlərin bəziləri ipoteka krediti borcu üzündən satılırsa və o ev bankda təminat olaraq göstərilibsə, evin satışı zamanı satıcının həyat yoldaşı yazılı razılıq verməlidir. Türkiyədə çalışma izni olmayan əcnəbilərə ipoteka krediti verilmir. Kim bunun əksini söylərsə inanmayın.

QEYD: TÜRKİYƏDƏ MƏNZİLLƏR, VİLLALAR, TORPAQ SAHƏLƏRİ VE ƏRAZİLƏRİ, OTEL VƏ MOTELLƏR, RESTORAN VƏ KAFELƏR, MARKET VƏ MAĞAZALAR, FABRİK VƏ ZAVODLAR, QUŞÇULUQ VƏ HEYVANDARLIQ KOMPLEKSLƏRİ, AGROFİRMALAR, DEPOLAR, LİMANLAR VE S. ALMAQ İSTƏYƏNLƏRƏ PEŞƏKAR MƏSLƏHƏTLƏR VERMƏYƏ HAZIRIQ.

Nazırladı Ramal HÜSEYNOV





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 433