Pis nümunə, pis (yaxşı) adamlar və Aqil Abbasbackend

Pis nümunə, pis (yaxşı) adamlar və Aqil Abbas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaradıcı şəxslərə, qələm adamlarına çox özəl, fərqli bir münasibətim, davranışım var. Bu həm xarakterdir, həm də özüm yazı-pozu adamıyam deyə, təbii olaraq, həssasiyyətim ikiqatdır. Amma xarakter əsas rol oynadığından jurnalist deyil, mühəndis də olsaydım, heç şübhəsiz, münasibətim yenə bu cür olacaqdı əhli-qələmə.

Xüsusən istedadlı, əsərlərində parlaqlıq gördüyüm gənc yazarlara yaxın olmaq, bacardığım dəstəyi vermək istəyirəm. Məlum pis olayı başına və başımıza gətirmiş gənc yazar Cəlil Cavanşirlə də belə bir yaxınlığım var…

Cəlilin doğulduğu, ata yurdu olan kəndi – Oğuz rayon Xaçmaz kəndi də ölkəmizin ən sevdiyim guşələrindən biridir. Neçə illərdir hər yay ora 3-5 günlük dincəlməyə gedirəm. Kəndində olanda Cəlilin özü, ata-anası ilə də görüşürəm, qonaqları oluram. Zəhmətkeş, ziyalı, olduqca mədəni bir ailədirlər…

İyulun 7-də facebookda canlı yayımda Cəlilin özünə qəsd etdiyi görəndə dəhşətə gəlməyə bilməzdim təbii olaraq.

Buradaca deyim; mən özünə qəsd edənləri hər zaman pisləmişəm, tənqid etmişəm və hətta aqressiv yanaşmışam. Cəlili də ərkim çatdığı üçün buna görə danlamışam heç şübhəsiz.

O niyə belə edirdi, mənə detalları, səbəbləri bəlli deyil. Cəlil sadəcə protest edib acıları canına çəkdirib qolunu doğrayırdı, bəlkə heç ölmək deyildi məqsədi. Amma onu qan aparırdı, canını doğrayırdı… Mən isə nə qədər qəzəbli olsam da, çörək kəsdiyim insanların səhv və ya düz davranışı olub-olmamasına rəğmən, belə anında onun yanındayam həmişə. Bu hiss digər bütün hiss və yanaşmalarımı üstələyir hər zaman…

Çevik düşündüm, nə edim, necə təcili durduraq onu. Şübhəsiz, dərhal DİN-dəki dostumuz, mətbuat xidmətinin rəisi Ehsan Zahidova telefon açdım, məlumat verdim. Ardınca qeyri-ixtiyarı şəkildə, Cəlili çox istəyən, ona daim həyan olan, vaxtı ilə işsiz olanda gətirib iş də verən deputat, dostumuz Aqil Abbasa zəng etdim. O da öz növbəsində DİN rəsmiləri ilə danışdı. Sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, tibb dəstəyimiz Səfayə Əhmədovadan yardım istədim…
Cəlilin kirayə qaldığı evi tapıb, ora yetişənə qədər Aqil Abbas hər 5 dəqiqədən bir zəng etdi, bir az qəzəblə, bir az narahatlıq hissi sezilən səslə “çatmadınmı, necə oldu o” deyə soruşdu.

Yetişdik Cəlilə. Bizdən öncə redaktor dostumuz Elçin Zahiroğlu, yaxınlıqda yaşayan gənc yazar Könül Səid, tanımadığım digər bir neçə şəxs haraya çatmışdılar.

Mənim evə girəndə gördüyüm mənzərə; artıq həkimlər qolunu sarıyıb getmişdilər.

Hə, bu məqamda səmimiyyətlə qeyd edim, Cəlil “alkaş”, əyyaş da deyil, hərdən şərab içər. Zəhmətə qatlaşıb kitab yazıb, tərcümələr, redaktələr edib başını dolandıran, ümumilikdə sakit təbiətli biridir. İndi isə Cəlil çox qəzəblidir, niyə, kimə, nə səbəbdən belə edir – bəlli deyil. Bu durumunda dostları, qardaşı, yaxınları və polislər otaqda Cəlili sakitləşdirirdi.
Burada digər bir mühüm müşahidəmi də qeyd etməsəm qeyri-obyektivlik olar. Cəlilin çox aqressiv və bəlli durumuna rəğmən polislərin onunla – facebooku, insanları bir-birinə qatan adamla peşəkar, maksimum sakit davranışına heyran qaldım. Xüsusi ilə 29-cu bölmənin rəis müavini olan Rasim müəllimin davranışları məni mat qoydu…

Gərginliyinə baxmayaraq, ona yetişən andaca Cəlilin özünə də bir az yüksək tonla dedim, bir daha nəzərə çatdırım: Ziyalı, ağıllı, ailəsini, balalarını, dostlarını, cəmiyyəti, perspektivini, QƏLƏMİNİ, oxucularını düşünən adam belə etməz, etməməlidir. Belə bir pis nümunə qoymaq olmaz ortaya, heç bir halda olmaz!..

Proseslər yekunlaşanda bütün qəzəbimlə yanaşı, bir ona sevinirdim ki, Cəlil sağdır, o nurlu, dəyərli pedaqoq olan anasının beli bükülməyəcək, gerisi isə zamanla düzələndir…

Hələlik düzəlməyən və məni narahat edən həm də başqa bir məqamdır: Bir çox vətəndaşlarımızın hər hansı hadisəyə \”qazanda nə bişməsindən\” xəbəri olmadan qaragüruh yanaşması. Təsəvvür edin, ara sakitləşəndən sonra gəlib facebooku açıb baxanda nə görsəm yaxşıdır? Hadisələr cərəyan etdiyi vaxtda bir dəqiqə bizi buraxmayan, bir neçə dəfə polislərlə əlaqə saxlayıb Cəlillə maksimum həssas davranmağı bir deputat kimi xahiş edən Aqil Abbası biriləri ağır təhqir edir. Bunun məsuliyyəti bəlkə həm də məndədir, çünki mən qatdım onu bu prosesə. Odur ki, Aqil Abbasa bu olayda deyilənlərə bir cavab vermək borcum da var.

Hətta biri facebookda yazmışdı ki, “Aqil Abbasın milyardı var, niyə Cəlilə kömək etmir”…

Təsəvvür edirsinizmi? Normal ağıla, beyinə 100 il sonra da çatmayacaq bir absurddur. Bu baş verənlərdə yanımızda səsi eşidilənlərdən bir Aqil Abbas olsun, onu da söyələr. Sanki bəzi insanlar ya Aqil Abbası yamanlamağın manyakına çevrilib, ya da kimlərsə onu Həzrət Abbas bilir. Cənablar, Aqil Abbas hər zaman çətində olan adamların bacardığı qədər yanında olub, ən azı buna xeyli epizodda özüm şahidəm (Xeyli işsiz yazara qəzetində iş verib və bu gün də bəziləri \”Ədalət\”də çalışırlar. Kitabı çıxan və təqdimatına dəvət edildiyi gənc yazarların azı 10 kitabını birdən alır. Vaxtaşırı çarəsiz ailə olanda ona yardım kampaniyası başladıram. Hər zaman ilk yardım göndərən Aqil Abbas olur. Onlarla belə nümunələr göstərə bilərəm). Amma o, Həzrət Abbas deyil! Gücü çatanı edir.

Və Cəlil də avara deyil, işləyir. Kitab yazıb satır, redaktə ilə məşğuldur. Amma bununla özünə, balalarına normal gün ağlayacaq qədər maaş ala bilməməsi isə başqa mövzunun söhbətidir. Özü iyulun 9-da problemləri barədə geniş yazı yazıb, burada mənim təxminlərim yersiz olar artıq…

Xülasə, bütün baş verənlərin fonunda üzə çıxan bir həqiqətimiz var. Yaxşı adamlar pis adamlardan çoxdur. Bu, çox qürurvericidir, həyatı sevmək üçün başlıca əsasdır.

Elşad MƏMMƏDLİ
İnterpress.az