Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyi yaradılıbbackend

Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, əvvəlcə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib.

RAB-nin sədri Vaqif Həsənov bildirib ki, təşkilatın təsis edildiyi 2018-ci il hər iki ölkənin tarixində əlamətdar bir ilə təsadüf edir: “Belə ki, Avropa və Asiya qitələrinin kəsişməsində yerləşən, Cənubi Qafqazregionunun ən böyük ölkəsi olan Azərbaycan, 28 may 2018-ci il tarixində Müsəlman Şərqində ilk demokratik, parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edib. Öz növbəsində Rumıniyada isə “Böyük Birlik”in yaradılmasından 100 il ötür”.

Sonra Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərini tarixi, eləcə də hər iki ölkə arasındakı əlaqələrin xronologiyasına həsr olunan qısa film nümayiş olunub. V. Həsənov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, təşkilatın yaradılmasında məqsəd Rumıniyada yaşayan həmvətənlərimizi, o cümlədən bu ölkədəki Azərbaycanın çoxlu sayda dostlarını bir araya gətirmək və hər iki ölkə arasında ən müxtəlif sahələrdə münasibətləri daha da gücləndirilməsinə töhfə verməkdir.

Təşkilat Rumıniyanın dövlət və hökumət orqanları, müxtəlif təşkilat və icmalarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.

Birliyin digər həmtəsisçiləri Robert Burlaku və Mihnea Alik də çıxış edərək təşkilatın qarşıya qoyduğu məqsədləri, həyata keçirəcəyi layihələr və gələcək fəaliyyətləri barədə məlumat veriblər.

Tədbirdə bu ölkədə təhsil alan və yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Rumıniya dövlət və hökümət nümayəndələri, Rumıniya Parlamentinin deputatları, bu ölkədə fəaliyyət göstərən bir sıra aparıcı şirkət rəhbərləri, iş adamları, enerji məsələləri üzrə mütəxəssislər, ali təhsil ocaqlarının professor və müəllim heyətləri, rumın tələbələr, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri iştirak ediblər.

İnterpress.az