Yol polisindən möhtəşəm reyd – SÜRÜCÜLƏR ŞOKA DÜŞDÜ – VİDEObackend

Yol polisindən möhtəşəm reyd – SÜRÜCÜLƏR ŞOKA DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti dəfə reyd keçirib. Bakıdan regionlara və regionlardan Bakıya hərəkət edən nəqliyyat vasitələrinin sürücü və sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün reyd keçirilib. Reyd zamanı sərnişinlərin daşınmasında iştirak edən nəqliyyat vasitələri saxlanılaraq sürücü və sərnişinlərə qayğı göstərilib. Onların sağlamlığı barədə soruşulub və sağlamlığında problemi olan sürücü və sərnişinlər həkimlərin vasitəsilə ilkin tibbi yardım göstərilməklə müayinə olunub. Eyni zamanda, isti hava şəraiti ilə əlaqədar olaraq, sürücü və sərnişinlərə su təklif edilib.

Bu barədə İnterpress.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sözügedən reyd yol nəqliyyat hadisələrinin sayının azaldılması, yol hərəkətinin təhlükəsizliyinə xidmət edir: “Bölgələrdən paytaxt istiqamətində və paytaxtdan bölgələr istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri saxlanılmaqla onların sağlamlığına diqqət yetirilir. Tərəfimizdən sürücüləri saxlamaqla onların ac və susuz, səhhətlərinin necə olmasına qayğı ilə yanaşmaqla yol hərəkətinin təhlükəsizliyi təmin edilir. Bunun üçün də əvvəlcədən xidmət aparılan ərazilərə – postlara təcilit ibhi yardımın həkimləri cəlb olunub. Eyni zamanda, həmin postlar sərinləşdirici sular və dərman preparatları ilə təmin olunub”.

V.Əsədov qeyd edib ki, isti hava şəraiti ilə əlaqədar olaraq, başladılan reyd bir həftədir ki, davam edir: “Bizim məqsədimiz odur ki, isti hava şəraitində nəqliyyat vasitəsini idarə edən sürücünü bir neçə dəqiqəlik saxlamaqla onun halının, səhhətinin necə olduğunu öyrənək. Əgər, sağlamlığında problemi varsa, postlara cəlb olunmuş həkimlər vasitəsilə müayinə edilsin. Eyni zamanda yorğundursa, biz onun bir neçə saatlıq istirahət etməsi üçün də şərait yaradaq. Biz bu təşəbbüslə həm yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə, həm bədbəxt hadisələrin qarşısının alınmasına, həm də sürücünün qayğısına qalmağa nail oluruq. Çünki, bilirsiz ki, sürücülərin yorğunluğu səbəbindən o qədər yol nəqliyyat hadisələri baş verir ki. Biz istəyirik ki, bu kimi xoşagəlməz halların qarşısını alaq”.

Polis polkovniki reyd zamanı sürücülərin kefinin, halının soruşulması da yol polisinin hər bir əməkdaşının funksional vəzifəsinə daxil edilib: “Yayın gəlişi əlaqədar olaraq, ölkəmizdə isti hava şəraitinin müşahidə olunması bir çox hadisələrə yol aça bilər. Misal üçün, sükan arxasında əyləşən sürücünün halı pisləşə bilər, isti hava onu yuxulada bilər, başı ağrıya bilər. Ona görə də, biz rəhbərliyin tapşırığı əsasında postlarda və xidmət aparılan ərazilərdə bu məqsədlə reyd keçiririk. Sürücün kefi-əhvalı soruşulur, suya ehtiyyacı olub-olmaması soruşulur. Bununla yanaşı, digər göstəricilər nəzərə alınmaqla sorğu-sual olunur. Yenə deyirəm, biz yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin qayğısına qalmaq üçün bu addımı atmışıq. Bu tapşırıq yol polisinin hər bir əməkdaşının funksional vəzifəsinə daxil edilib”.

V.Əsədov sözügedən reydin nə zamana qədər davam etməsindən da danışıb. O, eyniz amanda, sözügedən reydə etiraz edən sürücülərin də olduğunu vurğulayıb: “Bununla bağlı təbii ki, rəhbərliyin göstərişi olacaq. Amma hələ ki, reyd davam edir və bütün yollarda regionlardan Bakı və Bakıdan regionlar istiqamətində hərəkət edən sürücülər üçün keçirilir. Sürücülər də bunu çox müsbət qarşılayıblar. Amma təbii ki, aralarında narazılıq edənlər də var. Misal üçün, bir sürücünü saxlayıb soruşuruq ki, özünüzü necə hiss edirsiniz? O da deyir ki, sizə nə var özümü necə hiss edirəm, məni niyə saxlayırsız – deyə, narazılığını bildirir. Eyni zamanda, saxlanılan nəqliyyat vasitəsindəki azyaşlı sərnişinlərdən birinin ac və susuz olması da müəyyən edilib. Özünü pis hiss edən daha bir sərnişin həkimlərin vasitəsilə müayinə və müalicə olunub. Biz çalışırıq ki, sürücülərin xasiyyətinə uyğun olaraq danışıqlar aparaq. Çünki bəziləri bizim onları saxlamağımızı normal qarşılamır və etiraz edirlər. Hətta bəzi sürücülərlə zarafat etməyə çalışırıq ki, onların könlünü alaq”.

Səid Qərib
İnterpress.az