Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təqdimatı keçirilibbackend

Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təqdimatı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AQSİA-nın sədri Səkinə Babayeva tədbir iştirakçılarını salamlayaraq, günümüzdə qadın sahibkarlığı və onun inkişafı, assosiasiyanın təsis olunması məqsədi və gələcək planlar, layihələr haqqında geniş məlumatlar verib. Həmçinin S.Babayeva bildirib ki, assosiasiya regionlarda fəaliyyətini genişləndirmək, qadınlar arasında sahibkarlığı təşfiq etmək üçün regionlara silsilə səfərlərə başlayıb.

“İlk səfər Gəncə şəhərinədir. Bu da təsadüfi deyil. Bildiyiniz kimi cari ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd edilir. Gəncə isə cumhuriyyətin ilk paytaxtı, ölkənin ikinci və ən qədim şəhəri, mədəniyyət beşiyidir. İnanırıq ki, Gəncəmizdə sahibkar qadınların sayının artmasına gələcək fəaliyyətlərimizlə müvəffəq olacağıq” deyə sədr bildirib.

Daha sonra AR İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov sahibkarlığın inkişafı üçün həyata keçirilən dövlət proqramları, islahatlar haqqında məlumat verib.
Çıxışlardan sonra AQSİA-nın icraçı direktoru Nigar Ələsgərova indiyə kimi görülən işlər haqqında hesabat xarakterli təqdimat edib. O cümlədən, AQSİA-nın tərkibində yaradılan yeni departamentlərin təqdimatı edilib və onların fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sonra AQSİA-da yeni yaradılan “Xidmət” departamentinin rəhbəri Təranə Məmmədova, “Beynəlxalq Əlaqələr” Departamentinin rəhbəri Günel Məmmədhəsənova, “Sosial iş” Departamentinin rəhbəri Gülnarə Xəlilova, “İnvestisiya və Qrantlar” şöbəsinin müdiri Sevda Nəcəfova, “İstehlakçılarla iş” şöbəsinin müdiri Ulduz Xanlarova departamentlərin strukturu haqqında danışaraq, Gəncənin sahibkar xanımlarını da fəaliyyətdə yaxından iştiraka dəvət ediblər.

Görüş müzakirələrlə davam edib və yeni layihələr üzrə təkliflər irəli sürülüb.

Məlumat üçün bildirək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası cənab prezidentin tövsiyyəsi ilə 26.10.2017-ci ildə ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təsis olunub, 22.12.2017-ci ildə dövlət qeydiyyatına alınıb. AQSİA-nın əsas məqsədi qadınlar arasında sahibkarlığın inkişafına kömək etməkdir.

İnterpress.az