Son üç səfər Azərbaycanın problemlərinə dəstəyi artıracaq – Deputatbackend

Son üç səfər Azərbaycanın problemlərinə dəstəyi artıracaq – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan dövlət başçısı İlham Əliyevin son günlər həyata keçirdiyi xarici səfərləri şərh edərkən deyib.

Millət vəkili hesab edir ki, Azərbaycan prezidentinin Qırğızıstana, Rusiyaya və Xorvatiyaya səfərləri Azərbaycan maraqlarının qorunması, əlaqələrin gücləndirilməsi baxımından xüsusi önəm daşıyır:

“Rusiya ilə münasibətlərin yüksək səviyyədə qurulması, ardınca türkdilli dövlətlərin Qırğızıstanda bir araya gələrək strateji məsələləri müzakirə etməsi və bir sıra məqamlar diqqət çəkir.

Eyni zamanda, Xorvatiya Avropa Birliyinin yeni və vacib ölkələrindən biridir. Həmin məkanda Azərbaycanla əməkdaşlıq edən, sıx bağlılığı olan dövlətdir. Ölkə prezidentinin bu qədər aktiv trafikdə və çətin vaxt məhdudiyyəti içində bu işlərin ardınca getməsi, çox önəmli müzakirələr aparması, Azərbaycan maraqlarını təmsil etməsi sevindirici haldır.

Mən hesab edirəm ki, bu səfərlərin müsbət nəticələri yaxın gələcəkdə üzə çıxacaq. Ən azı Azərbaycanın ağrılı problemlərinin həlli istiqamətində dəstək xarakterli addımların və mesajların çoxalmasına kömək edəcək.

Mənim fikrimcə, prezidentin belə sürətli səfərləri Azərbaycana dost olan ölkələrin bizim maraqlarımıza bağlanması baxımından xüsusi əhəmiyyətə malikdir.

Balkan regionu hər zaman diqqət mərkəzində olub. Baxın, Azərbaycanın bu regionda Serbiya ilə sıx əlaqələri var. Eləcə də Makedoniya və Monteneqro ilə gözəl münasibətlər qurulub. Azərbaycana əks mövqedə duran hər hansı Balkan ölkəsi yoxdur. Xorvatiya ilə yüksək əlaqələrin yaradılması xarici siyasətimizdə davam edən prosesin tərkib hissəsidir”.

İnterpress.az