Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nuru Paşanı işğalçı sanan zehniyyət…

Mənim hər zaman qürur duyduğum Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyev Nuru Paşa və əsgərlərinə, onların Bakını azad etməsinə ən yüksək səviyyədə dəyər verdi, bu dəyəri bütün dünyaya göstərdi.

Dərc edilib: 21 sentyabr 2018 [12:13]
Baxış sayı: 50574

Hüquqda bir durum var. Adına hərəkətsizlik deyirlər. Bəlkə də düzgün ifadə etmirəm. Hüquqçu deyiləm, bilənlər qüsurumu bağışlasın. Amma izahı belədir: bir vəzifəli şəxs üzərinə düşən vəzifəni yerinə yetirmir, biganə yanaşırsa buna hərəkətsizlik deyilir və konkret cəzası var.

Cənnətməkan Nuru Paşadan və onun ordusundan yazıram. Daha doğrusu, o möhtəşəm ordunun, o müzəffər əsgərlərin Bakını düşmən işğalından azad etməsindən.

Mənim hər zaman qürur duyduğum Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyev Nuru Paşa və əsgərlərinə, onların Bakını azad etməsinə ən yüksək səviyyədə dəyər verdi, bu dəyəri bütün dünyaya göstərdi.

Sentyabrın 15-də Bakıda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı və çıxış etdiyi möhtəşəm paradla 100 il öncənin o möhtəşəm zəfəri qeyd edildi. Azərbaycan Prezidenti qardaş Türkiyə Prezidentini də yanına alaraq çıxış etdi, birlikdə paradı qəbul etdi.

Çox möhtəşəm görüntülərdi bunlar. Bir Azərbaycanlı, bir Türk olaraq çox qürurlandım, qəhərləndim, sevincim aşıb-daşdı.

Mənim kimi milyonlarla soydaşım bu sevinci doya-doya yaşadı, paylaşdı həmin gün. Ondan öncəki və sonrakı günlərdə də bu paylaşımların bolluğu diqqət çəkdi.

Kimlər yoxdu bu sevincə ortaq olanlar arasında? Bəzən “bu adamın millət duyğusu yoxdur” dediklərim belə vardı onların arasında. Onlar da şövqlə paylaşımlar edir, millətin sevincinə sevinc qatırdılar.

Demək istədiyim odur ki, Azərbaycan xalqı az qala bir nəfər kimi Nuru Paşaya gərəkli sayğını göstərdi, həmin gündən – 15 sentyabrdan zövq aldı, bu zövqü də açıq şəkildə bütün dünyaya göstərdi.

Amma elələri də oldu ki, məhz həmin günlərdə sübut etməyə çalışdı ki, bəs, Nuru Paşa Bakını işğal etmək üçün gəlibmiş!

İndi belələrinə sual vermək istəyirsən ki, ay filankəs, əgər o, işğal üçün gəlirdisə, niyə Bakı sakinləri, Bakıya qədər olan yolda kəndlərin sakinləri Nuru Paşa və əsgərlərini gül-çiçəklə qarşılayırdı? Harda görünüb ki, bir xalq işğalçını gül-çiçəklə qarşılasın?

İşğalçı sizin kimi manqurtların hələ də xiffətini çəkdiyiniz 11-ci qırmızı şeytan ordusu idi ki, onlar Bakıya daxil olanda sakinlər qaçıb dalan-divar arxasında gizlənmişdi!

Belə adamların hələ də var olması onu göstərir ki, milli özünüdərk üçün keçiləcək yolumuz qalmaqdadır. Nuru Paşanın erməni-bolşevik çetelərindən azad edib Azərbaycana paytaxt kimi qazandırdığı şəhərdə ən görkəmli yerdə oturub ən yüksək təminata sahib olasan, sonra o böyük komandanı işğalçı adlandırasan! Vay, şərəfsiz, vay!

Hə, yeri gəlmişkən, o ünsürlərdən birinin hətta Nuru Paşanın böyük qardaşı, Osmanlı komutanı Ənvər Paşanı xain elan etməsini də gördük. Özü də kimə istinadla yazırdı bunu? Aganbekyan soyadlı bir erməninin araşdırması əsasında. İndi əsl xain kimdir? Orta Asiyanı azad etmək üçün ömrünü fəda etmiş Ənvər Paşa, yoxsa aganbekyanları hələ də istinad nöqtəsi sayanlar?

Daha bir müşahidəm. Yazının girişində “hərəkətsizlik” haqqında yazmışdım. Məsələ ondadır ki, hərəkətsizlik bəzən ziyanlı hərəkətlilikdən daha dəhşətli olur. Nuru Paşa, Bakının işğaldan azad edilməsi məsələsində Azərbaycan dövlətinin çörəyini yeyib adam olan bəzi şəxslərin hərəkətsizliyini də görmüş olduq. Bu adamlar sosial mediada ən fəallardan olsalar da 15 sentyabrla, Nuru Paşayla bağlı bir dəfə də olsun paylaşım etmədilər. Bu adamlar heç o möhtəşəm parad haqqında da söz açmadılar, fikir bildirmədilər. Amma dövlətin tikdiyi, şəxsən Prezident İlham Əliyevin hədiyyə etdiyi mənzildə elə rahat yaşayır ki, bunların bəziləri…

Həmin günlərdə mən Varşavada, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun illik toplantısında növbəti dəfə iştirak edirdim. Bir az sıxıntılarım vardı, amma iştirakımı təmin edə bildim. Həm də eyni zamanda Bakının işğaldan qurtuluşunun 100 illiyi ilə bağlı imkan olduqca nəsə etməyə çalışdım…

Və bugünlərdə Nuru Paşa və əsgərlərini işğalçı adlandıranların, eləcə də bu böyük yubileydə susanların hamısının vahid siyahısını tutmaq lazımdır. Ki, bu adamlar sabah Rusiya, İran, nə bilim kimsə Azərbaycana qoşun yeridəndə onların qarşısına gül-çiçəklə çıxacaq acı potensialımızdır. Bilək bunların kimliyini. Bunlar evin içindəki düşmənlərdir. Belə düşmən isə ən qorxuncu olur…

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177