Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçiribbackend

Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seminarı Aİİ-nin prorektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov idarə edib. A.Şirinov Aİİ-də mütəmadi olaraq müxtəlif mövzularda keçirilən seminarların maarifləndirmə məqsədi daşıdığını və bu tədbirlərin cəmiyyətdə maraqla qarşılandığını bildirib. A.Şirinov bütün cəmiyyətlərdə, həm Şərqdə, həm də Qərbdə hər zaman aktual olan dövlət-din münasibətlərinin Azərbaycanda daha spesifik olduğunu vurğulayaraq, mövzunun xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. .

Sonra İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycanda ən qədim dövlərdən başlayaraq dövlət-din münasibətlərinin tarixindən bəhs olunan məruzədə Azərbaycanın dini mənzərəsi əks olunub, xalqımızın əsrlər boyu digər din və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyi, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığı vurğulanıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərini xarakterizə edən C.Məmmədov bu dövrdə milli dirçəliş, demokratikləşmə, maarifçilik və xeyriyyəçilik hərəkatlarında din xadimlərinin fəal iştirak etdiyini söyləyib. Məruzədə Şeyxülislam Pişnamazzadə və Ağa Əlizadə haqqında məlumat verilib və həmin dövrdə din xadimlərinin razılığı ilə 1917- ci ilin aprelində Qafqaz Müsəlmanlarının Qurultayının keçirildiyi, 1918-ci il 1 sentyabr tarixli qərar ilə hər iki məzhəb idarəsinin “Məşixət” adlanan vahid bir idarədə birləşdirilməsindən danışılıb.

Sovet İttifaqı dövründə Azərbaycanda dini ibadət ocaqlarının dağıdıldığını, dini ibadətlərin yasaq olunduğunu bildirən ilahiyyatçı Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra, ölkədə din sahəsinə xüsusi qayğı göstərildiyini, ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığının təmin olunduğunu, bu sahə ilə bağlı qanunvericilik aktlarının beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığını qeyd edib. Vurğulanıb ki, Ümummilli liderin hakimiyyəti dövründə ibadət ocaqlarına, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırılıb, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyulub.

Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğunu qeyd edən alim qanunvericiliyə əsasən ölkədə hər hansı bir dinin digər dindən üstün olmadığını bildirib.
Məruzədə Ümummilli liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması, milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasındakı xüsusi xidmətləri vurğulanıb.

Qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu dövlət-din siyasəti sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Məhz bu baxımdan, ölkədəki dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənib, müxtəliflik harmoniyası qorunub saxlanılıb və daha da möhkəmləndirilib.
Seminar məruzə ətrafında müzakirələrlə başa çatıb.

Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib

İnterpress.az