SƏHƏRİN GUR İŞIĞI – Sabir Rüstəmxanlının yazısıbackend

SƏHƏRİN GUR İŞIĞI – Sabir Rüstəmxanlının yazısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədəbiyyatı dövrləşdirmək və illərin arasında sədlər çəkmək şərtidir, söz yaradıcılığı arası kəsilməz bir işdir və siyasi-ideoloji sistemlər özündən öncəkilərə qadağa qoysa da, ədəbiyyat öz keçmişinə qadağa qoya bilməz, onun havası bütün zaman sərhədlərini keçir, yüz ildən yüz ilə adlayır.

Ötən əsrin ədəbi mənzərəsindən söz düşəndə tez-tez 60-cılar, 70-cilər ifadələrini eşidirik və bu bölgü çox vaxt zamanı bildirməklə yanaşı keyfiyyət göstəricisi kimi səsləndirilir.

Şəxsən mən həmin onilliklər arasında elə ciddi bir fərq görmürəm, əksinə ötən yüzilin repressiya, köç və savaş faciələrindən, unutqanlıq və milli nihilizmindən sonra gələn 60-80-ci illərin ədəbi hərəkatına bütövlükdə qısa ömürlü bir intibah və ya Qorkinin fırtına quşu kimi baxıram. 90-cı illər fərqlidir. Müstəqil dövlətçiliyin bərpasına olan ümidlərin qırılması və savaşda təklənməyimizin, ədalətsizliyin nəticəsi olaraq gələn məğlubiyyət bu dövrün gəncləri üçün ağır mənəvi-psixoloji zərbə oldu. Onlar yeni yollar arayarkən öz ədəbi birliklərinin birinin adını \”Alatoran” qoymuşdular. Əslində, bu ifadə o illərin ümummilli durum və ovqatını əks etdirir.

70-ci illərin əvvəllərində biz ədəbiyyatın xalqa təsirinə inanır və bunu hər gün hiss edirdik. Deyək ki, \”Ədəbiyyat və incəsənət” qəzeti səksən min tirajla çıxırdı, Azərbaycanın hər bir kəndinə gedirdi və orda çap olunan yeni ruhlu və cəsarətli bir şeir anındaca respublikaya yayılır, söhbət mövzusuna çevrilir və müəllifini tanıtdırırdı.

Bizim nəsil o illərin yüksələn intibahından, ictimai narazılıq dalğasından, keçmişi düzgün dərk etmək istəyindən, xalqın gücünə inamdan, vətəndaşlıq yanğısından və milli cəsarətdən doğulmuşdu və biz özümüz də bu ruhu qanalandırmağa çalışırdıq.

90-cı illərin əvvəllərində gələn nəsil isə Qarabağın itirilməsinin qanlı yaralarından, qaçqınlıqdan, yurdsuzluqdan, xaosdan və bunların nəticəsi kimi gələn laqeyidlikdən doğulmuşdur. Daha gözlənilməzi isə bu xaosdan çıxmaq və məğlubiyyətdən xilas olmaq üçün toparlanmaq əvəzinə millətin getdikcə parçalanması, inkarçılıq, tarixin və mənəvi dəyərlərimizin gözdən salınması ilə ümidsizlik sindromunun yayılması idi. İctimai xaos və qeyri-müəyyənlik tədricən sözün də ritmini pozur, yolunu dolaşdırır və hədəflərini itirirdi.

Bu arada ədəbi dolanbaclarda azıb qalanlar da oldu, bu bəlaların kökünü, həlli yollarını axtara-axtara öz yolunu tapanlar da. Yeni dövrün vətən- vətəndaş münasibətlərini 90-cı illərdə ədəbiyyata gələn müəlliflər arasında öz istedaddı və bənzərsiz poetik düşüncəsi, üslubu ilə seçilən Səhər Əhmad dəqiq ifadə etmişdi:

Xəbərin varmı, Vətən,
Xəbərin varmı sənin,
Ömrümün ötüb gedən
Uzaq günləri kimi
Çox uzaq görünürsən,
Çox uzaq görünürsən.
Eyni duyğunu başqa bir şerində belə ifadə edir:
Bu vətən bizim olmadı
Dərdini dözüm olmadı,
Sevgimiz lazım olmadı
Bu vətənə.

Boynumuzu büküb gəzdik,
Ürkək gəzdik, yetim gəzdik,
Fəraritək itib gəzdik
Bu vətəndə.

Vətənin və millətin taleyi sonralar bir çox nəsr əsərlərində, o cümlədən istedad və düşüncə yetkinliyinin, yüksək intellekt və ümumiləşdirmə qabiliyyətinin nəticəsi olan aforizmlərində də davam etdirilmişdir: \”Bir ovuc Vətən torpağı satılır bir udum qürbət havasına”; \”Bədbəxt bir millətin heç bir fərdi tam şəkildə xoşbəxt ola bilməz”; \”Bizə ortada dayanmağı öyrətdilər, aşağıların və yuxarıların kinli baxışlarından xəbərsiz”; \”Biz Mirzə Cəlilin o boyda əziyyətindən sonra yenə də zəncir vurub sinəmizi yırtmaqla və çadra altında gizlənməklə məşğuluq”; \”Qəhrəmanlardan və satqınlardan ibarət ordu”; \”Fərqli olmaq istəyirsənsə, haqlı ol”.

Bu misalların sayını artırmaq da olardı.

Səhərin şer və nəsr kitabını oxuyandan sonra bir daha əmin oldum ki, istedadı və ağılı heç bir qaranlıq , heç bir xaos, ümidsizlik, müharibə acısı udub məhv edə bilməz. Onun şeir və hekayələri məni öz gəncliyimin Bakısına qaytardı. Yenə həmin metro qatarlarının qoxusu, işdən yorğun qayıdan insanlar, qabarlı əlindəki torbada yavan çörəkdən başqa bir şey olmayan, daha doğrusu, imkanı ancaq bu çörəyə çatan fəhlələr, avtobus dayanacaqlarındakı tünlük, dost məclisləri, kasıblığı da bayrama çevirən tələbə həyatı, kəndlərdən Bakıya daşıdığımız ümidlər, ürəyimizdə aşıb-daşan sevgi və sədaqət… Səhərin yazılarına müharibədən və 20 Yanvar faciəsindən keçmiş insanların ürək ağrıları hopub, bununla yanaşı o, əsasən gənclik ruhunun şairidir; həyata, təbiətə, dostlara, yaşadığı şəhərə tükənməz sevgi ilə bağlıdır və bu sevgi onun baş qəhrəmanıdır. Bu şeirlər təhlilə yatmayan, musiqi kimi səni təsirləndirən və əlavə sözə yer saxlamayan hiss, duyğu burulğanından yaranıb.

Səhərin şeir dili çalın-çarpaz söz keçidləri və gözlənilməz yanaşmaları ilə fərqlənir:

Bu gecə ulduzlar çıxmadı,
Səni bu gecəyə bağışladım,
Bağışla məni.
*
Mən kimsəsizəm, Allahım,
Kimsə mənsiz.
*
Ölmüşəm, yox xəbərin,
Hələ də boşdur yerin,
Yasıma gələnlərin
Heç biri sən deyilsən.
*
Sən yaşa hələ, mən ölüm,
ömründə ölməyən adam.
Yüz yol ölüb-dirilməyin
dadını görməyən adam.

Sən gözlə yenə, mən gəlim,
heç zaman gəlməyən adam.
Kimisə xoşbəxt etməyin
yolunu bilməyən adam.

Səhərin oxuduğum şeirləri beləcə duyğuların zərifliklə və səmimi ifadəsi ilə əsl lirika nümunələridir.

O, 90-cı illərin alatoranındandan işığı kimi süzülüb çıxdı və ilk addımlarından əsl şair olduğu göründü. Bu mənada ona \”poeziyamızın Səhəri” kimi baxanlara haqq qazandırıram. Lakin oxuduğum nəsr əsərləri \”poeziya” sözünün hüdudlarını genişləndirir.

Səhərin ədəbi taleyi yüzilin və minilin tamamlanması və qürubu ilə başqa bir yüzilin və başqa bir minilin doğuluşuna , dan yerinə tuş gəlib. Savaş və bir milyon insanın faciəsi ilə, ideoloji sistemlərin birinin çöküb digərinin yüksəlişi, dünyada gedən qlobal dəyişikliklərlə yanaşı, belə bir zaman, düşüncə, tale ayrıcı və ya qovşağı Səhərin yaradıcılığına təsirsiz qalmayıb. Üstəlik bu illər onun ömrünün ən qaynar illəridir. Şəhərlə kənd arasında çarmıxa çəkilmiş insanların ehtiyac və sıxıntılar içində boğulan həyat eşqinə baxmayaraq, bütün zamanlarda insanların ruh aləminə, sevgisinə və kədərinə yanğı verən təbiət ədəbi nizamı ilə sözə bədii boya biçmək möcüzəsini davam etdirir. Təbiət və insan duyğuları arasındakı paralellər onun ən çox müraciət etdiyi bədii ifadə formalarından biridir; onun şeirlərində təbiətlə insan arasında sərhəd yoxdur, insan təbiətin, təbiət insanın davamıdır.

Ədəbiyyatın əsas ruhunu və pafosunu təşkil edən ictimai, siyasi olaylar Səhəri də dərindən düşündürür, dövrün paradoksları. puça çıxan ümidlər onu əzib, bədbinlik bataqlığına çəkə bilmir, əksinə o, bu dövrün gələcək nəsillərə dərs ola biləcək mənzərəsini çəkməyə çalışır. Burada o, doğurdan da, öz müəllim peşəsinə sadiqdir. Emosional, psixoloji, duyğusal lirikası ilə o, bu keçid dövrü Azərbaycan insanının ruhən təslim olmadığını, gözəllik duyğusunu və xarakterini qoruya bildiyini, mənəvi dəyərləri yüksək tutduğunu, üstümüzə gələn fəlakətlərin səbəbkarlarını yaxşı tanıdığını nümayiş etdirdi. Beləliklə, onun zərif, zahiri pafosdan uzaq lirikası vətəndaşlıq məktəbinə çevrilir və burada da Səhər öz müəllimliyini dolayı yolla davam etdirir.

Taleyin ümidinə buraxılmış bir nəsil, itən yurdlar və savaşdan sağ çıxanları da atəşkəslə əzən bir sistem… Bir dünya ədalətsizliyi… Səhərin ürək sızıldadan nəğmələri bütün bunları poetik gözəlliklə əks etdirir. \”Susdum, sözümü öldürdüm” – desə də, sözünün diriliyini qoruyur, son otuz ildə yaşananların dəqiq mənzərəsini çəkir və fərqli bir havayla yaşayanlara vicdan məhkəməsi qurur:

Elə kül olmaqçün yanırmış hamı,
Hər kəs öz odunda kül olmaq üçün.
Elə qul olmaq üçün gəlirmiş hamı,
Bu quldur dünyaya, qul olmaq üçün.
Müqavimətsizlik, məğlubiyyətlə barışmaq, zülmə dirənməmək ictimai bəladır və elə bu da qul olmaqdır.
Əsl poeziya riyakarlığa, əyriliyə, mənəvi işğala boyun əymir:
Çıxıb gedirəm ayrı yerdə
Ayrı yurdda qalmağa.
Ayrı ayda, ayrı ildə
Ayrı vaxtda qalmağa.
Şəxsi qayğılarla ictimai qayğıların sərhədləri itir və şeir bunu çox dəqiq ifadə edir:
Səni sevməyə, Vətən,
Səninçün ölmədən haqqım olmadı.
Dərdini çəkməyə,
Dərdimi çəkməkdən vaxtım olmadı.

Səhər Əhmədin şerləri qarışıq bir dünya haqqında son dərəcə təmiz səslə, az sözlə, ilhamla oxunan, yüksək ruhlu nəğmələrdir.

Ədəbiyyatda şerlə nəsrin sərhədlərinin itdiyi, epik şeir adına ilhamsızlığın, duyğu adına duyğusuzluğun, postmadernizm adına mövqesizliyin və ictimai məsuliyyətdən qaçmağın yayıldığı bir vaxtda Səhərin şeirləri zəngin poeziya ənənələrimizin, bayatı, rübai yığcamlığı və ifadə tərzinin yeni əsrin ruhuna uyğun yaşaması, boy atmasıdır; sevgi və tənhalığın, olumla ölüm arası bütün insan yaşantılarının bu günün poetik intonasiyası ilə yeni biçimdə səslənməsi və yazılışıdır. Görüşlə ayrılıq, yaxınla uzaq, yerlə göy. Allahla insan bir yerdədir, bir gözlə görülür, bir-birinin davamı və bir-birinin aynasıdır.

Ayaq üstə qırxım çıxdı
İlimə də gecikdim.
Nə yaman yatıb qalmışam,
Ölümə də gecikdim.

Siz məni dəfn eləməli,
Və yas saxlamalıydız.
Əvvəlcə məhv eləməli,
Sonra ağlamalıydız.

…Durun gedin evinizə,
Yol boyu söyün məni.
Ölsək, ağlanmalıyıq biz,
Yaşasaq – söyülməli.

Burda önəmli olan bu mümkünsüz mənzərədə toplumun son dərəcə acı dərdlərinin dilə gətirilməsidir.

Səhər Əhmədin kiçik şerlərində böyük süjetlər gizlənir və nəsr əsərləri əslində, o süjetlərin üzərində qurulub .

Yaşasın cümlə sevdalar,
Bütün eşqlərə eşq olsun.
Heç kəs azad olammadı,
Hamı getdi xoşbəxt olsun.
Bugünkü cəmiyyətimizin azadlığa və xoşbəxtliyə münasibətinin bundan yığcam və bundan gözəl ifadə etmək çətindir. Bütövlükdə Səhərin şerləri duyğu yağışı, duyğu axını təsiri bağışlayır.

Səhər Əhmədin \”Həyatın təkrar nəşri” adlı nəsr kitabında toplanmış etüdlər, aforizmlər, esselər, hekayələr, xatirələr, fəlsəfi traktatlar və \”Dəlixanadan reportaj” adlı povestinə ümumi bir qiymət vermək istəsən, aramızda yaşayan, amma azad ruhu ilə aramızda olmayan, mühitlə barışmayan, xalqımın çəkdiyi acıları qəbul etməyən bir qadının duyğular sərgisi və ya vətəndaşlıq harayı deyə bilərsən. Deyilən cəhət onun nəsrini şeir yaradıcılığına bağlasa da, bu, yalnız gizli ruh bağlılığıdır; yazı tərzi etibarı ilə nəsr əsərləri fərqlidir, şeirdən nəsrə gələn bəzi müəlliflər kimi o, nəsr əsərlərinə lirizm boyası çəkmir, əksinə epik ardıcıllığa və dərinliyə, sərt ifadə tərzinə və çağdaş insanın xarakterini real boyalarla canlandırmağa üstünlük verir.

Adı çəkilən və şərti olaraq ayrı-ayrı janrlarda yazılmış bu nəsr əsərlərinin qəhrəmanları çox olsa da, amma baş qəhrəman müəllifin özüdür; dostlar, uzun və qısa ömürlü tanışlıqlar, tapdığı və itirdiyi insanlar… nə qədər təbii boyalarla çəkilmiş xarakterlər varsa hamısı müəllifin öz yazıçı mövqeyi və xarakterinin yanında solğun görünür. O heç nəyə kənardan baxa bilmir. Hər şeyə ürəyindən, ruhundan, ağlından, hislərindən keçirib yazır.

Bu durumunu özü çox dəqiq ifadə edir: \”Hərdən mənə elə gəlir ki, bu xalqın dərdi məni öldürəcək”; \”Əlimdən axıb gedən illərin fərqindəyəm, onların şəklini çəkmək, portretini yaratmaq istəyirəm”.

\”Həyatın təkrar nəşri” əslində, doğrudan da, hər gün gördüyümüz insanların qayğılarını, yaşam sorunlarını, sevgi və nifrətlərini, ümid və itkilərini içinə alan bütöv bir həyat mənzərəsidir; \”buz bağlayan ümidlərin”, böyüyən matəmlərin, qaysaq bağlayan yaraların, darıxanların, səfillərin, acıların və evsizlərin hekayətlər toplusudur; hər daşı, hər ağacı ilə doğma olan bir şəhərin göz önündə yadlaşaraq dəyişilməsinin və bu şəhərdə yaşaya bilməyənlərin kitabdır.

Etüdlər hər kəsə adi görünən olayların mahiyyətini və fəlsəfəsini görə bilmək istedadından doğulub.

Aforizmlər sanki Səhərin şerlərindən çıxarışlardır. Çünki onun poeziyasında da parlaq bədiilik – yüksək aforistlik ümumiləşdirmə qabiliyyəti ilə birləşir.

Esseləri, hekayələri, xatirələri öz adlarına sığmayan bir yenilik havası ilə yazılıb. Esse kimi səslənən hekayələr və hekayə kimi oxunan xatirələr arasında sədd çəkmək çətindir. Fəlsəfi traktadlar intellektual yetkinlikdən və zəngin həyat təcrübəsinin nəticəsidir.

Bu yazıların hər birini ayrıca təhlil etmək olar, ancaq yəqin ki, nə Səhər Əhmədin, nə oxucuların belə bir təfərrüatçılığa ehtiyacı var. Qısaca onu deyə bilərəm ki , bu kitab öz müəllifinin nəsr sahəsində ciddi potensialını üzə çıxarır. Bunun başlıca əlaməti onun xarakter yaratmaq qabiliyyətidir. \”İlahə”, \”Sevgililər günü faciəsi”, \”Həyat simfoniyası”, \”Natiqin Yeganəsi” , \”Tütək çalan oğlanla kətə oğurlayan qadının əhvalatı”, \” Tələbənin ölümü” hekayələrində, \” Dəlixanadan reportaj” povestində hər gün görüşdüyümüz sadə adamların biri-birindən maraqlı xarakterləri yaradılıb.

\”Həyatın yenidən nəşri” kitabında ən çox bəyəndiyim bölmələrdən biri \”Xatirələr” dir. \”Tolstoyu darıxan qəbri”, \”Cemal Safi ilə iki görüş”, \”Proşşay, Rossiya nemıtaya” gözəl publisistika nümunələridir və üstəlik müəllifin geniş dünya görüşünü, həyat, tarix. ədəbiyyat haqqında düşüncələrinin dərinliyini, təbiəti dəqiq müşahidə və təsvir qabiliyyətini göstərir. Publisist kimi Səhər Əhməd öz mövzularına gur işıq salmağı, qəhrəmanları barədə zəngin bilgi verməyi, təsvirlərinə emosional və bəzən də romantik bir hava gətirməyi bacarır.

Bütövlükdə Səhər Əhmədin nəsri son 30 ildə keçdiyimiz yolları, itkilərimizi və daşa dəyən arzularımızı bir daha xatırlatdı mənə. Həm də ürəyimdə bir təəssüf hissi baş qaldırdı. Təəssüfləndim ki, biz, övladımız yaşında olan Səhər Əhmədləri, əsil səhər kimi, göyünə bulud gəlmədən, üfüqləri qaralmadan, sübhlə bir oyanan çiçəkləri soluxmadan haqq etdikləri bir səviyyədə qoruyub böyüdə bilmirik. Onların öz iradələri ilə əldə etdiklərinə dəyər verməkdə belə xəsislik edirik. Səhər Əhmədi bugünkü ədəbiyyatımızın parlaq simalarından biri hesab edir və ondan yeni gözəl əsərlər gözləyirəm.

SABİR RÜSTƏMXANLI
8.10.2018