Qurban Qurbanov ardıcıl doqquzuncu dəfə ilin futbol məşqçisi seçildibackend

Qurban Qurbanov ardıcıl doqquzuncu dəfə ilin futbol məşqçisi seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Səsvermədə 59 mətbuat orqanından (biri müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov doqquzuncu dəfə ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis, demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb.

Sorğuda iştirak edənlərdən beşi 19 yaşadək millimizi Avropa çempionatının elit mərhələsinə çıxarmış Vüqar Məmmədə, üçü ötən mövsüm “Keşlə”yə ölkə kuboku qazandırmış ukraynalı Yuri Maksimova, üçü hazırda Premyer Liqanın lideri olan “Neftçi”nin baş məşqçisi Roberto Bordinə, üçü isə ötən mövsüm “Neftçi”ni, hazırda isə “Keşlə”ni çalışdıran Tərlan Əhmədova səs verib.

Qurban Qurbanov bu il “Qarabağ”a ardıcıl beşinci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub “Qarabağ” olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdən biridir. Sorğuda iştirak etmiş saytımızın əməkdaşı Səbuhi Musayev də məhz bu namizədə səs verib.

Qeyd edək ki, Qurban Qurbanova ilin məşqçisi mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir “Fairmont Hotel”in (“Üç alov qülləsi”) “Səttar Bəhlulzadə” zalında keçiriləcək və saat 15:30-da başlayacaq.

Interpress.az