“Düşmənlə üz-üzə səngərdə durmaq sərhədçi üçün böyük şərəfdir” – General-leytenantbackend

“Düşmənlə üz-üzə səngərdə durmaq sərhədçi üçün böyük şərəfdir” – General-leytenant

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, general-leytenant Rəşad Sadiqovun bununla bağlı AzərTAc-a müsahibəsini təqdim edir.

– 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində Xidmət rəisi, general-polkovnik Elçin Quliyev Ermənistan ilə dövlət sərhədinin bir hissəsinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən mühafizə altına götürüldüyünü bildirib. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük amalı, ən vacib missiyasıdır.

Qeyd edim ki, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə 132 kilometrlik, Ermənistanla isə 733 kilometrlik dövlət sərhəd zolağı hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası, həmçinin Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhədinin keçdiyi təmas xəttində xidmət-döyüş fəaliyyəti 1992-ci ildən etibarən Müdafiə Nazirliyinin hərbi hissə və bölmələri tərəfindən təşkil olunub.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan ilə dövlət sərhədinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinə başlanılması barədə qərarının Azərbaycan Sərhəd Mühafizəsi üçün tarixi əhəmiyyəti var. Çünki Dövlət Sərhəd Xidmətinə bu tapşırığın verilməsi ilə sərhədlərimizin sərhədçilər tərəfindən tam mühafizə altına götürülməsinin əsası qoyulub.

Bu qərar Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimad və etibarının ifadəsidir. Qərarın yüksək səviyyədə həyata keçirilməsi Dövlət Sərhəd Xidmətinin hər bir zabitinin, gizirinin, çavuşunun, əsgərinin şərəf işidir. Biz bundan qürur duyur və fəxr edirik ki, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsi artıq Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən mühafizə olunur.

– Bu mühüm tapşırığın icrasına Dövlət Sərhəd Xidmətinin hazırlıq vəziyyəti haqqında nə deyə bilərsiniz?

– Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında son illər ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsi, hərbi hissə və bölmələrin döyüş hazırlığının gücləndirilməsi, yeni silahların və döyüş texnikasının xidməti fəaliyyətdə tətbiqi, şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi sahəsində əldə olunan ciddi nailiyyətlərdən danışıb. Vurğulanıb ki, 2017-ci ildə mühüm struktur islahatlarının həyata keçirilməsi, Dövlət Sərhəd Xidmətinin tərkibində dörd silahlı birləşmənin – Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəaliyyət daha da optimallaşdırılıb, nəticə etibarilə Azərbaycan Sərhəd Mühafizəsində qarşıya qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial formalaşdırılıb.

Son illərdə Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən bütün tapşırıqlar Azərbaycan sərhədçiləri tərəfindən peşəkarlıqla yerinə yetirilib. Dövlət Sərhəd Xidmətinə verilmiş döyüş tapşırıqlarının şəxsi heyət tərəfindən yüksək səviyyədə icra edilməsi Azərbaycan Sərhəd Mühafizəsinin döyüş hazırlığının ciddi nümayişi olub. Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Ali Baş Komandan İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib. Bu tapşırıq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən hazırda uğurla icra olunur. Artıq həmin ərazilərdə xidməti-döyüş fəaliyyəti Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən təşkil edilib, bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər görülür.

Eyni zamanda, Dövlət Sərhəd Xidmətində effektiv kadr hazırlanması sisteminin mövcud olması da bu kimi tapşırıqların icrası üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2007-ci il iyunun 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması haqqında Sərəncam imzalayıb, 2010-cu il avqustun 10-da DSX Akademiyası kompleksinin açılışında şəxsən iştirak edib. 2011-ci il oktyabrın 13-də DSX-nin nəzdində xüsusi təyinatlı orta təhsil müəssisəsi statusunda Xüsusi Məktəb yaradılıb. Bu məqsədlə ayrılmış binalar Heydər Əliyev Fondunun dəstəyi ilə tam təmir edilib və zəruri tədris bazası ilə komplektləşdirilib. 2011-ci ildə məktəbin, cari il martın 5-də isə onun yeni korpusunun açılışı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən edilib. Ölkə rəhbərliyinin bu diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətində peşəkar zabit kadrların hazırlanması üzrə 11 illik – yəni 7 il Xüsusi Məktəbdə, 4 il isə DSX Akademiyasında hərbi təhsili nəzərdə tutan mükəmməl sistem formalaşdırılıb. 2018-ci ildə DSX Akademiyasının yeddinci, DSX Xüsusi Məktəbinin isə dördüncü buraxılışı olub və nəticədə peşəkar zabit hazırlığı sahəsində önəmli irəliləyişlər əldə edilib.

Bununla yanaşı, onu da qeyd etmək istərdim ki, Qazax və Ağstafa rayonları ərazisindəki sərhəd xəttində mövcud olan hərbi infrastrukturun Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının daha da gücləndirilməsinə yönəlib.

– Ermənistan ilə dövlət sərhədində xidmət aparan sərhədçilərin mənəvi-psixoloji durumu necədir?

– Şəxsi heyətin Heydər Əliyev dövlətçilik ənənələri və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən xüsusi önəm verilir. Böyük fərəhlə qeyd edirəm ki, Ermənistanla dövlət sərhədində xidmət etmək üçün Dövlət Sərhəd Xidmətinin rəisinə sərhədçi zabitlər, gizirlər və çavuşlar çoxsaylı raportlar yazıb, düşmənlə təmas xəttində xidmətə göndərilmələri barədə müraciətlər ediblər. Təbii ki, Ermənistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətinin digər həmsərhəd dövlətlərlə sərhədlərin mühafizəsindən bir çox fərqli cəhətləri və çətinlikləri var. Bu istiqamət həm sərhəd, həm də səngərdir. Lakin bütün çətinliklərə baxmayaraq, düşmənlə üz-üzə səngərdə durmaq, bir daha qeyd edirəm, Azərbaycan sərhədçisi üçün böyük şərəfdir.

– Qeyd etdiyiniz istiqamətlərdə sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə hazırda nə kimi tədbirlər həyata keçirilir?

– Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətinə başladığı ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması məqsədilə sərhəd xətti boyu sərhəd məntəqələrində əsaslı tikinti işləri aparılır. Bu işlərin mühüm hissəsi artıq yekunlaşmaq üzrədir. Sərhəd məntəqələrinə yolların, elektrik, qaz və su xətlərinin çəkilməsinə başlanılıb. Sərhəd məntəqələrində modul tipli müasir xidməti otaqların və evlərin quraşdırılması, səyyar mətbəxlər, hamamlar və digər təyinatlı konstruksiyaların qurulması sayəsində şəxsi heyət üçün lazımi məişət şəraitinin yaradılması, şəxsi heyətin gündə üç dəfə isti yeməklə təmin edilməsi, sərhəd məntəqələrinin su çənləri, elektrik generatorları, universal sobalar ilə təchizatı da bu qəbildən olan işlərdir.

Cənab Prezident tərəfindən zəruri infrastrukturun yaradılması barədə tapşırıqlar verilib. Yuxarıda qeyd etdiyim tədbirlər təbii ki, fəaliyyətimizin başlanğıcıdır və yaxın bir ildə bu istiqamətdə daha əsaslı işlər görüləcək.

– 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin qarşısında hansı xidməti hədəflər dayanır, prioritetlər nədən ibarətdir?

– Dekabrın 14-də keçirilmiş hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev silahlı birləşmələr və hərbi hissələr qarşısında duran əsas vəzifələri qeyd edib. Buraya Ermənistan ilə dövlət sərhədində sərhəd mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi, Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi, bu istiqamətdə yeni sərhəd dəstələrinin formalaşdırılması və xidməti-döyüş fəaliyyətinə başlamaları üzrə əlavə tədbirlərin görülməsi daxildir. Digər mühüm vəzifələr silahlı birləşmələrin döyüş hazırlığının yüksəldilməsi, bütün hərbi hissələrin müxtəlif iqlim və relyef şəraitlərində döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarının gücləndirilməsi, dövlət sərhədində təhdidlərin qarşısının alınmasına, fövqəladə və digər hallarda adekvat tədbirlərin görülməsinə daimi hazırlığın təmin edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd keçid prosedurlarının daha da sadələşdirilməsinə və sürətləndirilməsinə nail olunmasıdır.

Prioritetlər sırasında DSX-nin Sahil Mühafizəsi tərəfindən dənizdə sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanlarının daha da inkişaf etdirilməsi, havadan nəzarətin təşkili, sahil nəzarəti məntəqələrinin xidməti-döyüş fəaliyyətinin gücləndirilməsi, DSX-nin zabitlərlə, xüsusilə gizir və müddətdən artıq çavuş heyəti ilə komplektləşdirilməsi işinin intensivləşdirilməsi, yeni hərbi hissələrin ixtisaslı zabit və gizir heyəti ilə komplektləşdirilməsi də yer alır.

DSX-nin daxili normativ hüquqi aktlarını təkmilləşdirmək, sərhəd dəstələri və hərbi hissələr üçün yeni alınan texnika və avadanlıqların öyrənilməsi işinin yüksək səviyyədə təşkilinə nail olmaq, mövcud maddi dəyərliləri qoruyub saxlamaq və xidmətə daha effektiv tətbiqi hesabına dövlət vəsaitinə qənaət etmək, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubiley tədbirlərini yüksək səviyyədə həyata keçirmək, müstəqillik illərində dövlət sərhədlərinin mühafizəsi sahəsində əldə olunmuş uğur və nailiyyətləri geniş ictimaiyyətə çatdırmaq da qarşıya mühüm vəzifə kimi qoyulub.