Boşanmış gənc qadının hekayəsi: Heç fikirləşmədilər cehizə imkanım çatır, ya yoxbackend

Boşanmış gənc qadının hekayəsi: Heç fikirləşmədilər cehizə imkanım çatır, ya yox

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, dərsdən çıxmış və rəfiqəsi ilə nahar üçün tələbələrin adət etdiyi kafeyə gələn qızı xatırladır. Uzun saçı kürəyini örtüb, sifətində makiyaj var. Və görünüşündən bu tələbəyə bənzər qızın arxasında bir bədbəxt nikah hekayəsi olması heç bilinmir.

\”Uşaqlıqda müəllimə olmaq istəyirdim. Ali təhsil ala bilmədim, amma kurs keçib tibb bacısı işini öyrəndim. Düzdür, işləmədim. Ailəmizdə çox qısqanclıq səbəblərindən icazə verilmədi.

Ailədə üç uşağıq, mən ən kiçiyiyəm. Həm mənə qarşı qayğı çox idi, həm qardaşım çox ciddi idi. Atam tez – cəmi 52 yaşında rəhmətə getdi.

Onunla münasibətim yaxşı idi. Dünyagörüşü daha geniş idi. Onu itirəndən sonra qardaşımı atam kimi görmüşəm, o özümdən 8 yaş böyükdür.

Demək olar ki, həmişə onun sözü ilə oturub-durmuşam. İstəmirdim onun sözündən kanara çıxım, mənə nə məsləhət görürdü, yerinə yetirirdim.

Qardaşımda ailəyə olan məsuliyyət, qısqanclıq atamla müqayisədə daha qabardıcı olub.

Ailəmiz çox qapalı ailədir. İşləmirdim, evdən kənara çıxmırdım. Özümü təkmilləşdirməyi çox istəyirdim, istəyirdim ki, ali təhsilim olsun. Müəyyən səbəblərdən alınmadı.

Birinci dəfə imtahanları verəndə kəsildim, növbəti dəfə atam rəhmətə getdi, ali təhsil planları da kənara atıldı, işlərim yarımçıq qaldı.

Qardaşım işləməyə icazə vermədi, deyirdi: \”Mənim xoşum gəlmir ki, bacım getsin, işləsin\”, ehtiyaclarımı ödədiyinə görə istəmədi ki, işləyim.

Artıq 23 yaşım var idi. İstəyənlərim çox olsa da, ailə qurmaq düşünmürdüm, istəmirdim heç…

İlk tanışlıq
Anamın bir tanışı var idi, onunla yaxın idi. O, dedi: \”Mənim bacımın oğlu var, qızını görüb, onun xoşuna gəlib\”.

Əvvəl imtina etdim. 1-2 il xalası get-gəl elədi ki, razılaşım. Deyirdim: \”İstəmirəm, hələ tezdir\”. Düşünürdüm, bəlkə işə daxil olaram, başım qarışar. Lakin gördüm ki, vaxt ötüb-keçir, heç nə dəyişmir.

Bir gün anam mənə dedi: \”Mən istəmirəm səndən narahat dünyadan gedim, – anamın səhhətində problemlər var idi, hərdən özünü pis hiss edirdi, – atan səndən narahat getdi, mən isə istəyirəm sənin ailə qurduğunu görüm\”.

Bu səbəbdən mən öz razılığımı verdim. Həm oğlanın qohumları gedib-gəlməyə davam edirdilər. Bu oğlan olmasaydı, bəlkə başqa qarşıma çıxana da razılığımı verərdim.

Sadəcə fikirləşdim: \”Mən nəyi gözləyirəm? Kimi gözləyirəm? İşləmirəm, oxumuram, eləcə evdə oturmuşam, anamın, qardaşımın himayəsində\”.

Özümü bu fikrə yavaş-yavaş hazırlaşdırdım, dedim, bəlkə həqiqətən də vaxtıdır – 23 yaşım var. Baxırdım ətrafdakı yaşıdlarıma – onlar da ailə qurublar, nişanlıdırlar.

Tanışlar arasında da öz seçimi ilə də ailə quranlar var, normal da yaşayırlar. Onsuz da sərbəst həyatım olmayıb, bəlkə, ailə quraram, yoldaşım yaxşı olar? Bəlkə başqaları kimi biz də xoşbəxt olarıq?

Şans vermək qərarına gəldim.

Mən onu kasetlərdən görmüşəm. Baxırdım, elə o qədər də ürəyimcə deyildi. Xarici görünüşünə önəm vermədim, halbuki həmişə vermişəm.

Amma onu mənə çox təriflədilər. Deyirdilər: \”İşləyir, ailə saxlamaq qabiliyyəti var, mehribandır, gülərüzdür, insanlarla yaxşı rəftar etməyi bacarır, özünü sevdirməyə bacarır\”.

Mən də fikirləşdim: \”Mənə nə lazımdır? Bu iki ildə o qədər adam məni istədi ki, hamıya \”yox\” dedim, amma hərlənib yenə də əl çəkmədi. Bəlkə elə budur qismətim?\”

3-4 ay telefonla danışdıq. Pis deyildi, mənimlə maraqlanırdı, yaxşı rəftar edirdi. Görüşmürdük, çünki qardaşım icazə verməzdi, ümumiyyətlə nişana kimi bilmədi ki, mənim danışdığım bir kəs var.

Oğlan qardaşıma özü zəng etdi və görüş təklif etdi: \”Mənim sənə deyiləsi sözüm var\”.

Görüşdülər, dedi ki, sənin bacına talibəm, onunla ailə qurmaq istəyirəm, heç bir narahatçılığın olmasın ki, sabah bir problemimiz ola bilər.

Qardaşım belə asan-asan qız verəsi şəxs deyil. Dəfələrlə oğlanı sınadı, araşdırdı, amma şübhə doğuran heç bir məqamla qarşlaşmadı. Düşündü ki, demək, yaxşı oğlandır ki, bu qədər irəli gəlib.

Gözəllik salonuna getmişdim. Qohumları elə şərait yaratdılar ki, oğlan gəlib məni görsün. Yaxşı idi, mənimlə danışırdı, heç nəyi gizlətmirdi, evdən işə, işdən evə gedəndə kimlə görüşdüyü haqqında mənə məlumat verirdi.

İnanırdım, güvənirdim, arxayın oldum.

Nişanlandıq. Nişandan sonra belə aramızda o qədər də görüş yox idi. Məni görmək istəyəndə, mən bacımgilə gedəndə, gəlirdi ora, qapıdan olsa belə görürdü.

Bir-birimizə isindik. Bəlkə aramızda sevgi olmasa da, bağlılıq var idi, bir-birimizin xasiyyətlərimizi bilirdik, başa düşürdük, öyrəşmişdik.

6 ay nişanlı olduq. Bu vaxtda onlardan heç nə tələb etməmişəm, deməmişəm: \”Mənə filan əşyaları gətirin\”, çünki mən elə bir ailədə böyümüşəm ki, belə sözü dilimə gətirmərəm.

Cehiz qalmaqalı

Toy ərəfəsi – bir ay qalmış – cehiz məsələsi ortaya çıxdı və mən burada onların əsl sifətlərini gördüm. Məndən evin bütün əşyalarını, mebeldən tutmuş bütün məişət əşyalarına kimi gətirmək boynuma qoyuldu.

Heç fikirləşmədilər ki, mənim buna imkanım çatır, yoxsa yox.

Mənə təsir edən o idi ki, mən onların o qədər də yaxşı olmayan vəziyyətlərini bilərək özüm üçün heç nə tələb etmədim, amma onlar heç çəkinmirdilər.

Düşünün ki, heç nişan üzüyümü belə mən seçməmişdim, mənə özləri aldılar. Artıq soyudum.

Oğlandan soruşdum: \”Sən məni cehiz xətrinəmi alırsan, yoxsa məni sevdiyinə görə? Elədirsə, öncədən ayrılaq. Nə olsun, çoxu nişanlı olub ayrılır\”.

Dedi ki, yox, \”səndən əvvəl də mənə çox qız göstərmişdilər, amma ürəyimə sən yatdın. Evlənmək istədiyim qız sənsən\”.

Amma cehiz məsələsi ilə bağlı istəkləri özü mənə çatdırırdı, mən isə bilmirdim, məsələni necə ört-basdır edim, axı ailəmə bu tələbləri necə çatdıracağımı bilmirdim.

Onlarda o şüur yox idi ki, bütün bunları mənim ailəmin və eləcə də öz ailəsinin yeganə kişisi, qardaşım etməli idi.

Artıq beynimdə fikirlər yaranmağa başladı: \”Görəsən, mən bunlarla yola gedə biləcəm?\”

Axı, ilk dəfə idi mən belə halları yaşayırdım. Oğlanla artıq danışmırdım, danışanda da dalaşırdım. Sözümüz düz gəlmirdi; o, birini deyirdi, mən o birisini. Sonra söhbət fırlanıb yenə əvvəlki nöqtəyə gəlib çatırdı.

Deyirdim: \”Siz bizimlə elə indidən əşya mübahisəsinə çıxırsınızsa, bəlkə, ayrılaq?\” Deyirdi: \”Yox, nə danışırsan! Mən səninlə evlənəcəm! Biz xoşbəxt olacayıq\”. Amma öz mövqeyindən də dönmürdü.

Bir kəlmə dedi: \”Mənə sənin heç nəyin lazım deyıl, təkcə sən lazımsan. Amma gohum-əqrabanı deyə bilmərəm\”. Oğlan nə qədər onların səsini kəsmək istəsə də, o səslər mənə yenə də çatırdı.

Mənim yeganə bir şərtim, \”nazım\” o oldu ki, mənə gətiriləcək qızıl zinət əşyalarının sarı qızıldan yox, ağ qızıldan olmasını istədim. Dedim, müasir dövrdə yaşayırıq, indi heç kəs toya sarı qızıl taxmır.

Əslində heç bunları da deməyəcəkdim, sadəcə boğaza yığılmışdım. Oğlan anasının xəbəri olmadan mənə zinət əşyaları aldı, anası bilib çox hirslənmişdi ki, oğlum məndən gizlin gəlininə ağ qızıl alıb.

Artıq bezirdim. Anama dedim ki, mən belə bir ailəyə gedə bilmərəm. Bunlar indidən mənə qarşı bu cür tələblər irəli sürürsə, sonrası nə olacaq?

Amma oğlan məni fikrimdən yayındırdı.

Həm də toya hazırlıq gedirdi: dəvətnamələr paylanıb, şadlıq evi və gözəllik salonu ilə danışılıb, ayrılmaq da düzgün olmazdı.

Toyumuz yaxşı keçdi. Cehizim də çox gözəl və bahalı idi, qardaşım mənə dedi: \”Mən səni bacım gözü ilə görmürəm, elə bilirəm ki, sən mənim qızımsan. Heç kim deyə bilməz ki, sən cehiz gətirməmisən\”.

Evlərində demək olar ki heç nə olmayan insanların evini qardaşım elə doldurdu ki, sanki başqa ev idi. Sonda qaynanam mənə dedi: \”Bu mebellər bizim evə çox böyükdür!\”.

Toyun səhəri günü qaynanam məni öz qarşısında otuzdurdu və danışdı: \”Bu evin böyüyü mənəm! Mənim sözüm keçəcək. Baxma ki, sənin yoldaşın var, mən nə desəm, o olacaq!\”.

Halbuki toydan əvvəl öz qızı olmadığına görə mənə \”qızım\” deyirdi; özüm də \”mən sizə gəlin yox, qız kimi gəlirəm, fikirləşmə ki, mən o biri gəlinlər kimi ola bilərəm\” deyirdim.

Evdə belə bir tərbiyə alıb, hər sözü yerinə yetirən, hər sözə boy əyən, hər sözlə razılaşan mən, başqa necə ola bilərdim ki?

Aramızda söz-söhbət oldu. Toydan sonra da cehiz məsələsindən soyumamışdı: \”Paltaryuyan maşın gətirməmisən, soyuducu gətirməmisən\”, evlərində həmin əşyalar ola-ola məndən onları gətirmələri tələb edirdilər.

Məntiqlə düşünsək, fikirləşirdim: bu sənin evində varsa, niyə yenisini gətirim? Onun yerinə başqa, daha lazımlı əşyaya pulumu sərf edərəm. Fikirləşmirdilər ki, mənim atam yoxdur, qardaşımın əlinə baxıram, onun da öz ailəsi var.

Yoldaşımla münasibətlərim yaxşı idi, qayınanam arada aranı qarışdırmağa çalışırdı. Mən yoldaşımın sözü ilə oturub durmaq istəsəm belə, qaynanam buna qarşı dururdu.

Mən qalırdım ortalıqda, bilmirdim, nə edim. Amma qaynanam, çox hökmran olsa da, oğlundan bir az çəkinirdi, onun yanında az qalırdı başıma sığal çəksin, qızım deyirdi.

Qayınanam işləyirdi, səhər çıxıb axşam gəlirdi. Bütün evin işlərini də mən görürdüm. Hələ qonaq da qəbul edirdim. Qaynımgil ailəsiylə, öz evi olduğuna baxmayaraq, ayın on beş-iyirmi gününü qayınanamgildə keçirirdi.

Onların bütün istəklərini yerinə yetirirdim. Bəlkə mənim yerimdə başqa bir gəlin olsaydı, qaş-qabağını sallardı. Amma mən pis davranmadım, onların uşaqlarını öz bacı – qardaş uşaqlarından seçmədim.

Əvvəl gözləyirdim ki, eltimlə dost olarıq – mənimlə yaşıd idi. Amma onun dünyagörünüşü tamamilə fərqli idi.

Yaxşı olardı ki, mən bu məsələni şişirtməyim. Amma bunu ailəmdən gizlədə -gizlədə özüm əldən düşürdüm, səhhətimə çox ziyan dəyirdi.

Gizli telefon zəngləri
İki aydan sonra gördüm ki, yoldaşım mənə qarşı dəyişib, artıq diqqət yetirmir, evə gec gəlir. Daha sonra evə gizli telefon zəngləri gəlməyə başladı. Dəstəyi mən götürəndə dərhal telefonu keçirirdilər.

Əsəbləşirdim, yoldaşıma dedim : \” Nəyə görə belə olur?\” O, da mənə cavab verdi: \”Xəbərim yoxdur, bunlar sən bizə gələndən başlayıb\”.

Bizim evə heç belə zənglər gəlmirdi, nə oldu, mən başqa evə köçən kimi başlandı? Bunu soruşdum, amma yoldaşım söhbəti yayındırmağa çalışırdı.

Bir dəfə o evdə olarkən öz telefonuna zəng gəldi, amma açmadı. Ondan sonra ev telefonu zəng çaldı. Mən dəstəyi qaldırmaq istəyəndə yoldaşım mənə sərt qışqırdı : \”Telefonu götürmə!\”

Təəccübləndim.

Şübhələnirdim.

Görürdüm, mənə qarşı soyuyur, gecə evə gec gəlir, deyirdi: \”Dostlarımlayam\”, mən ona zəng edəndə, telefonu açmırdı.

Bir dəfə başqasının kompüterindən yoldaşımın sosial şəbəkəsinə daxil oldum, gördüm, dostluğunda cürbəcür qızlar var.

Amma birilə daha çox təmasda idi, onun hər bir yazısını şərh edirdi.

Yeri gəlmişkən, mənim heç öz sosial şəbəkədə hesabım yox idi, nə subaylıqda, nə də ailə qurandan sonra, yoldaşım deyirdi : \”Mənim xoşum gəlmir, yoldaşım sosial şəbəkəsində olsun, WhatsApp-ı olsun\”. Telefonum da sadə idi.

Bir dəfə gecə onun telefonu mənim əlimdə idi, şəkillərimizə baxırdım. Birdən WhatsApp-ına bir qız adından ismarıc gəldi.

Yoldaşımdan soruşdum: \”Bu kimdir ki, sənə gecə vaxtı yazır, o, bilmir ki, sən ailəlisən? \”.

Cavab verdi : \”Yox, sadəcə köhnə dostumdur, aramızda heç nə yoxdur, mən yadına düşəndə vaxtaşırı hal-əhval tutur \”.

Bu dəfə yola verdim. Amma zənglər əsasən biz gecə vaxtı bir birimizin yanında olanda – çox üzr istəyirəm, buna görə – gəlirdi. Sanki məni qıcıqlandırmaq üçün.

Xəyanət
Artıq şübhə beynimi yeyirdi.

…Etiraf etdi. Bu insan onun həyatında hələ məndən öncə beş il ərzində var imiş. Bütün qohum – əqrabası da bunu bilirmiş, amma mənə heç kəs deməmişdi.

Qız da normal qız olmadığı üçün – haradasa başa düşdünüz məni? – onunla ailə qura bilmirdi.

Sual verdim: \”Sənin həyatında belə insan olduğunu nəyə görə mənə deməmisən ?\”

Qayıtdı ki: \”Mən desəydim, sən mənə gəlməzdin\”. Axı bunu kim qəbul edərdi? Ailə qurmağın səbəbi isə həm anasının təzyiqi idi, həm də axı ailə qurmaq yaşı da çatmışdı -27 yaşı var idi.

Məni tanıdıqdan sonra özündə də artıq həvəs yaranmışdı.

Halbuki dəfələrlə deyirdim: \”Bax ha, birdən məni özümə görə yox, başqasına görə alarsan!\”

Sən demə, bu qız onun ailə qurduğunu heç bilmirdi. Təsadüfən xəbər tutdu. İkimiz də bir-birimizdən xəbərsiz idik. Toyumuz vaxtı qız xarici ölkəyə oxumağamı, işləməyəmi getmişdi.

Oğlan da çalışırdı özünü yayındırsın, qərar vermişdi ki, artıq mənim ailəm var.

Qız bunları biləndən sonra ona dedi : \”Sənə evli olmağa icazə vermirəm. Sən məni atıb gedə bilməzsən\”.

Dedim : \”Sən onu kənara at, indi mən sənin ailənəm. Axı bizim rəsmi nikahımız, kəbinimiz var, el adəti ilə evlənmişik, iki toy elədik, normal insanlar kimi\”.

Sərt rəftar
Yoldaşım istənilən yerə gedib istirahət edirdi, amma məni bircə dəfə McDonalds-a apardı.

6 ay ərzində də cəmi bir dəfə mənimlə parka gəzintiyə çıxdı, o da təsadüfən, yolüstü oldu. Yeni il idi, maşınla parkdan keçərkən xahiş etdim ki, bir az gəzişək, oradakı şənliyə qatılaq.

Deyirdi, mən xoşlamıram yoldaşım mənimlə çöldə -bayırda gəzsin, o qədər pis adamlar var ki.

Münasibətimiz pisləşirdi, yoldaşım mənimlə sərt danışmaq başladı. Evdə də onu tuta bilmirdim ki, oturub söhbət edək.

O qədər söz deyirdim, amma cavabı gəlmirdi. Sanki daşa -divara desəydim, daş – divar dillənərdi, o isə dillənmədi.

Günü-gündən dala gedirdim, rəngim solurdu. Sonda ailəm şübhələndi. Anam dedi: \”Qızım, təzə gəlin gündən-günə gözəlləşir, sən isə solursan, bu necə olur ki?\”

Deyə bilmirdim. Amma sonda dözməyib gəlinimizə dedim, ki, içimə o qədər yığmışam ki, daha içimdə saxlaya bilmirəm, qorxuram, sonda xəstəlik tapacam.

Gəlinimiz dedi: \”Səbr elə. Çox ailədə belə hallar olur, tələsmə ki, ailən dağılsın. Kişidir, bəlkə, hələ məsuliyyəti dərk etməyib\”.

Alınmadı. Ağlamadığım gün olmadı. Gecə o, üzünü bir tərəfə çevirirdi, mən o biri tərəfə, uzanıb ağlayırdım və o, mənim ağladığımı bilmirdi, düşünmürdü ki, mən əzab çəkirəm.

Bütün ailəm bildi, qardaşımdan başqa. Ona deməyi qorxurduq. Anam biləndə bərk xəstələndi, yatağa düşdü.

Uşağımız olmadı. Siz də məni bağışlayın, normal münasibətimiz çox az oldu, sonra isə heç olmadı, özümə yaxın buraxmadım, diksinirdim. Qaynanam şübhələnirdi: \”Bəlkə problemin var?\”

Düzdür, əvvəl fikirləşirdim, bəlkə uşaq olsa, yenə də nənə, ailəyə alışar. Amma indi düşünürəm, yaxşı da olmadı. Mənim stresslərimlə, ağır işlərimlə uşaq heç qalmazdı. Bəlkə, Allah özü belə buyurdu…

Ayrılma
…Paltarlarımı yığmışdım, səhəri gün qardaşım gəlib məni evə aparacaqdı. Birdən yoldaşım evə qayıtdı. Otaqda tək idim. Otağa daxil oldu, mənə bir neçə dəqiqə baxdı. Başımı qaldırmadım, bir söz də demədim.

Güzgüdə mənə baxdığını görürdüm. Gözlədi ki, bir söz deyim, amma susdum.

Anasından soruşdu : \”Bu nə deməkdir, nə edir?\” Dedi : \”Bilmirsən? Gedir!\” İçimdən ağlamaq keçirdi, dözə bilmirdim, amma istəmirdim özümü onun qarşısında sındırım.

Yanımda durub trümonun üstündən şəkilimizi götürdü, ona xeyli baxdı, gördüm ki, gözlərini silir. Artıq özüm də dözmədim, kövrəldim. Qapıdan çıxdı, heç nə demədi. Gözlədim ki, bəlkə mənə bir söz desin, amma demədi.

O, gedəndən sonra o qədər ağladım ki. Fikirləşirdim, niyə belə oldu, axı mən əlimdən gələni edirdim, yenə də səhvi özümdə axtarırdım, bəlkə o məndə o münasibəti görməyib başqasında axtarırdı. Amma tapa bilmirdim.

Evdə məni normal qəbul etdilər, çünki başa düşürdülər ki, olanlarda mənim günahım yox idi. Düşünürdüm ki, bəlkə məni sıxışdırarlar, daha çox dustaq olacam.

Düzdür, yenə də sərbəst həyatım yoxdur, yenə də işləməyə icazə yoxdur. Anam ən çox əziyyət çəkir, təqsiri özündə görür. Mən də hisslərimi çox da biruzə verən deyiləm. Gecələr ağlayıram, günorta isə özümə qapanıram.

Nə arzu edirdimsə, hamısı ürəyimdə qaldı. İstəyirdim, instituta daxil olam, istədiyim sənətə sahib olaram, əzizlərim yanımda olar, ailəm başımın üstündə durar, sevdiyim insanla ailə quraram, o da olmadı.

İşləmək arzum var. Bəlkə, gələcəkdə qardaşımı razılığa gətirərəm. İstəmirəm gələcəkdə səhvlərimi təkrarlayım.\” (bbc)

Interpress.Az