“Harda azərbaycanlı görsən, uzaq dur” deyənlərə…backend

“Harda azərbaycanlı görsən, uzaq dur” deyənlərə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən uzaq bucağında məskunlaşan erməni belə, olduğu yerlərdə birlik toxumu səpməklə məşğuldur. Bu səbəbdən də onları tək-tək yox, qrup halında yəni birgə formada görə bilərik. İstənilən erməninin öz millətindən birisinə olan sevgisini kampaniyaçılığa çevirməklə bir növ müdafiə sisteminin çox güclü olduğunu göstərir.
Əslində, bu cür hallarda şişirtmə məqamları daha çoxdur.

Heç kimə sirr deyil ki, xalq olaraq tarixdən qanımıza hopan və ənənəyə çevrilən dəyərlərə sahibik. Bir tikə çörəyi bölməyi bacaran, kəsdiyi duz-çörəyə sadiq qalan, savadlı, lakin imkansız gənclərin təhsil almasına yardımçı olan azərbaycançılıq təfəkkürünə şahidik.

Müasir dövrdə isə tarixi ənənələri vərdiş halına gətirən həmvətənlərimiz var. O həmvətənlərimiz ki, harda azərbaycanlı görsə, ondan uzaq qaçmır. Əksinə, ona yaxın olmaqla dəstək nümayiş etdirir.

Bəzən sual edirlər ki, niyə xeyirxah azərbaycanlıları çox görmürük? Bu da təbiidir. Belə insanların bəziləri xeyirxahlığını və millətinə olan sevgisini kampaniyaçılığa çevirib xəbər manşetlərində reklam olunmaq istəmirlər. Necə deyərlər, \”sağ əlin verdiyini sol əl bilməməlidir\” prinsipinə önəm verirlər.

Yeri gəlmişkən, bu cür məqamlardan istifadə edib azərbaycanlıları xeyirxah əməl sahibi olmayan millət kimi təqdim etmək nə dərəcədə doğrudur?
Olmazmı ki, Mirzə Ələkbər Sabirin dediyi \”harda müsəlman görürəm qorxuram\” düşüncəsindəki stereoitipləri dağıdaq ?!

Yanlış düşüncədən uzaq olmağın, bu cür təbliğat toxumu səpənlərə \”Milləti aşağılamayın!\” deməyin vaxtı yetişməyibmi?

DiasporPress.az-ın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq bununla əlaqədar cəmiyyətdə tanınmış insanların mövqeyini öyrənməyə çalışıb.

Görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın \”Fəxri Legion Kavaleri\” Ordeninin sahibi Ramiz Abutalıbov dünyada yaşayan azərbaycanlıların arasında xeyirxahlığı, vətənpərvərliyi ilə seçilən insanlarımızın çox olduğunu deyir:

\”Burada bir məqam var ki, onun üzərindən gözübağlı keçmək olmaz. Məsələn, mənim kitablarımın çap olunmasına dəstək olan azərbaycanlılar var ki, adlarının çəkilməsini istəmirlər. Kitab çapa veriləndə \”adımı yazma\” deyirlər. 2006-ci ildən 2018-ci ilə qədər 30 kitabın çap olunmasında iştirak etmişəm. 30 kitabın 11-ni müəllif kimi təqdim etmişəm. 9 kitabda isə müəllif ayrı adamdır. 10 nəfərdən xahiş edəndə bir nəfər imkanının olmadığını deyib. Yerdə qalanlar ikiəlli dəstək göstəriblər. Həmin azərbaycanlılar bu dəstəyi xalq, millət yolunda ediblər. Bilirlər ki, xaricdə yaşasaq belə, ölkəmizin tanıdılması istiqamətində səylərimizi əsirgəməməliyik. O qədər faydalı, xeyirxah işlərlə məşğul olan soydaşlarımız var ki, sadəcə adlarının reklam olunmasını istəmirlər. Ona görə də özümüz haqqında yanlış fikirlər formalaşdırmamalıyıq. Çünki zaman-zaman xarici qüvvələr tərəfindən bir-birimizi vurdurmaq məqamlarına rast gəlirik. Bir-birinə dəstək verən həmvətənlərimizə dünyanın hər bölgəsində rast gəlmək olar\”.

Azərbaycanın sabiq xarici işlər naziri, səfir, siyasi ekspert Tofiq Zülfüqarov azərbaycanlılarla bağlı yanlış düşüncənin aradan qaldırılmasından danışarkən diaspor arasında müxtəlif qruplaşmaların olduğunu istisna etməyib:

\”Hər bir diasporun xüsusiyyətidir ki, öz millətindən olanlara yaxınlıq etsin, onlarla görüşsün. Bu zaman müxtəlif qurumlar yaradıb bir-birlərinə yaxın olmağa çalışırlar. Bu da təbii prosesdir. Bu, bütün ölkələrin diasporuna aiddir. Düzdür, ermənilər diaspor sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanlılar müxtəlif ölkələrdə yeni məskunlaşırlar. Eyni zamanda azərbaycanlılar bir-birinə dəstək də verir. Məsələn, bir hadisəni xatırlayıram. Ramil Səfərovla bağlı ermənilər çox aktivlik göstərirdilər. Xüsusilə, Macarıstan dövləti Ramil Səfərovu azadlığa buraxandan sonra erməni diasporu tərəfindən müxtəlif yerlərdə tədbirlər keçirilirdi.

2007-2015-ci illərdə Estoniyada səfir idm. Bizə məlumat daxil oldu ki, ermənilər Tallindəki Azərbaycan səfirliyi qarşısında nümayiş keçirəcəklər. Bu zaman bir saat ərzində 100-dən çox fəal, Azərbaycan diasporunun üzvləri səfirliyimizin qarşısına toplaşdı. Onlar erməni diasporu tərəfindən hər hansı təxribat olarsa, səfirliyi müdafiə edəcəklərini demişdilər. Bu çox təsiredici hal idi. Hətta yerli hökumət üzvləri qısa müddətdə bu qədər azərbaycanlının aktivliyinə təəccüb etmişdilər. Birlik, bərabərlik nümayiş etdirmək üçün azərbaycanlılar çox vaxt bu formada bir araya gəlirlər. Elə azərbaycanlılar var ki, xaricdə oxuyan tələbələrimizə, imkansız insanlara dəstək olurlar. Çox vaxt adlarının hallanmasını da istəmirlər. Latviyada səfirlik açanda müəyyən çətinliklərimiz olmuşdu. Ancaq diaspor fəallarının hamısı yanımızda olaraq köməyini əsirgəməyiblər. Bu cür məqamlar azərbaycanlılarla bağlı işlərin bir hissəsidir. Ona görə də düşünürəm ki, millətimiz haqqında yanlış formalaşan fikirləri özümüzdən uzaqlaşdırmaq lazımdır\”.

Diasporla İş üzrə Dövlət Komitəsinin I Ərazi şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının sədri Ruslan Quliyevin sözlərinə görə is, bu gün həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar barədə bədgümanlıq fikri formalaşdırılır ki, bu da zərərimizə işləyir:

\”Hesab edirəm ki, ənənə halını almış bu qara piar ayrı-ayrı xarici institutların birbaşa xalqımıza qarşı düşmənçilik siyasətidir.

Mən dəfələrlə şahidi olmuşam ki, həm Azərbaycanda, həm də xaricdə yaşayan imkanlı şəxslər öz soydaşlarına kömək edirlər.

Amma onların içərisində elələri var ki, bunun aşkara çıxarılmasının tərəfdarı deyillər. Ona görə də azərbaycanlıların, xüsusilə də imkanlı soydaşlarımızın öz həmvətənlərinə dəstək göstərməməsi barədə düşüncələr tam əsassızdır. Hər gün sosial şəbəkələrdə \”kömək edin\” deyə elanlar verilir. Məgər o elanlara reaksiya verlimir, əlbəttə ki, kömək edilir. Demək istədiyim odur ki, barəmizdə bədgümanlıq yaradırlar. Bir daha qeyd etmək istəyirəm ki, bu, heç də xoşməramlı deyil.

Bir çoxları xəbərsiz ola bilər, ancaq xaricdə yaşayan azərbaycanlıların bir-birinə çox dəstək olduqları şəksizdir. Sadəcə bu münasibətlərə kölgə salmaq istəyən təxribatçı qüvvələr var. Və biz də çalışmalıyıq ki, onların bu təxribatlarına aldanmayaq.

Hər birimizə məlumdur ki, erməni lobbisi zaman-zaman fərqli məkanlarda, xüsusilə Amerika və Fransada pul toplamaq üçün kampaniyalar həyata keçirir.
Biz dəfələrlə məlumatlar əldə etmişik ki, 10 min manat pul toplayan ermənilər iddia edirlər ki, milyonlar toplanılıb. Onlar gördükləri işi başqalarının gözündə yüksəldərək öz dəyərlərini artırırlar. Amma bizim bəzi insanlar isə görülən işləri kiçildərək, gözdən salırlar. Ona görə də Azərbaycan üçün, xalqımız üçün çöx böyük işlər görən insanların əziyyətini dəyərləndirməli və onları bacardığmız qədər qorumalıyıq.

Təəssüfedici hallardan biri də odur ki, bəzi ölkələrdə azərbaycanlıların üz-üzə gəlməsi barədə informasiyalar verilir, bunlar da yanlış məlumatlardır. Azərbaycanlılar dünyanın bacarıqlı, çalışqan millətləri sırasındadır. Mən əminəm ki, bir azərbaycanlı harda olursa-olsun öz əməyi, zəhməti hesabına ön sıralarda olmağı bacarır. Sadəcə bunun qarşısını almaqdan ötrü qeyd etdiyimiz xarici xüsusi xidmət orqanları nifaq yaradırlar.

Mən bütün soydaşlarımızı bədgümanlıqddan qaçmağa və inamlı olmağa səsləyirəm. Bir neçə gündən sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edəcəyik. Hər bizimizin həmrəyliyə töhfəsi bu olmalıdır\”.

Anar Şuşalı

Interpress.Az