Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Təhlil   Dünya  

Ermənistan üçün kritik gün - Paşinyan son dəfə “xalça üzərinə” çağırıldı

İrəvan-Kreml münasibətləri “qaynar nöqtə”yə yaxınlaşır; Ermənistan rəhbəri saatını “Moskva vaxtı”na quracaqmı? Rusiya bir həftəyə işğalçı ölkəyə satdığı qazı bahalaşdıra bilər...

Dərc edilib: 24 dekabr 2018 [12:38]
Baxış sayı: 20505

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu həftə Rusiyaya gedəcək. Bunu Rusiya prezidenti Vladimir Putin ötən həftəsonu keçirdiyi illik mətbuat konfransında deyib. Ermənistanla münasibətləri necə bərpa etmək fikrində olduqları barədə suala cavab verərkən Rusiya lideri onu da bildirib ki, “aralarında dağılan, bərpa edilməli olan heç bir şey yoxdur və Paşinyanla görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə olunacaq”.

“Ermənilər Güney Qafqazda rusların ən yaxın müttəfiqidir və ümid edirəm ki, belə də olacaq. Ermənistan Rusiyanın strateji tərəfdaşıdır və hazırda iki ölkə arasında münasibətlər stabildir. Paşinyanla görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olacaq” - Putin sözünə əlavə edib. Erməni mənbələri isə səfərin dekabrın 27-də reallaşacağını və əsas müzakirə mövzularından birinin Ermənistana satılan təbii qazın qiyməti ətrafında olacağını yazıb.

“Yeni Müsavat” qeyd edir ki, bu, N.Paşinyanın 9 dekabr parlament seçkilərindən və bu seçkilərdə onun blokunun qələbəsindən sonra Moskvaya ilk səfəridir - hansı qələbə ki, onunla bağlı V.Putin N.Paşinyanı bu günədək təbrik etməyib. Halbuki Kreml başçısı az öncə sabiq prezident Robert Köçəryana ad günündə (!) şəxsən zəng vuraraq, onu təbrik eləmişdi...

*****

İnqilab yolu ilə hakimiyyətə gələn Paşinyan artıq bir neçə dəfə Putinlə görüşüb. İnqilabdan sonra da ilk səfərini məhz Rusiyaya edib. Lakin bu, onun legitim rəhbər kimi Moskvaya birinci səfəri olacaq. Diqqətçəkici başqa detal odur ki, səfər ərəfəsində Moskvadan Ermənistanın yeni hökumətinin ünvanına təbrik əvəzinə açıq təhdid və hədələri artıb.

Məsələn, Rusiya xarici işlər nazirinin müavini, Rusiyanın MDB məkanındakı siyasətini kurasiya edən Qriqori Karasin keçən həftəsonu hədələyici tonda Paşinyan hökumətini ABŞ və Rusiya arasında seçim eləmək üçün özündə cəsarət tapmağa çağırıb. Sitat: “Ermənistanda bu il baş vermiş radikal dəyişikliklər fonunda Vaşinqtonun onun daxili və xarici işlərinə qarışması getdikcə daha utanmaz şəkil alır. Rusiya Ermənistanın seçkilərdə lazımi mandat almış indiki rəhbərliyinin ABŞ-ən aşkar təzyiq və şantajına sinə gərmək və milli maraqlarla uzlaşan müstəqil qərarlar qəbul eləmək üçün özündə cəsarət tapacağına ümid edir. Bolton (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri - ”YM") İrəvana hökm edir ki, Amerika silahı alsın və bacardıqca tez anti-İran sanksiyalarına qoşulsun. Əgər ABŞ-Ermənistan əlaqələrinin açıq tərəfi belədirsə, gör pərdə arasında “qolları” necə bururlar".

Təbii ki, bütün bu təhdidlər Putinin rüsxəti ilə baş verir. Rusiya XİN başçısı Sergey Lavrov isə Karasindən qabaq belə bir açıqlama vermişdi ki, “Ermənistan ərazisində üçüncü ölkənin (ABŞ-ın - ”YM") hərbi qulluqçularının yerləşdirilməyəcəyi barədə iki tərəf arasında anlaşma ilə bağlı danışıqlar yekunlaşma üzrə üzrədir".

Maraqlıdır ki, Paşinyan Lavrovu təkzib edib. Deyib ki, bu məsələ Serj Sərkisyan hakimiyyəti ilə müzakirə edilib. Qriqori Karasinin Ermənistana ABŞ təzyiqləri ilə bağlı açıqlamasına isə cavab olaraq, N. Paşinyan Ermənistanın “müstəqil siyasət” yürütdüyünü söyləyib: “Mən demişəm ki, Ermənistan müstəqil siyasət yürüdür. Ermənistan bu siyasəti davam etdirəcək”. İrəvanın ABŞ silahları alması məsələsinə gəlincə, o, Boltonun, sadəcə, təklif irəli sürdüyünü və hazırda ABŞ silahlarının alınmasıyla bağlı hansısa imkan və təklifin görünmədiyini söyləyib.
Erməni ekspertlər Paşinyanın bu reaksiyanı pozitiv qiymətləndirsələr də, Moskva-İrəvan münasibətlərini yaxşılaşdırmaq üçün bu yanaşmanın yetərli olmadığı qənaətindədirlər. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am saytında siyasi şərhçi Sərkis Arsruni yazıb: “Nikol Paşinyanın Moskvaya cavabları sözsüz ki, layiqlidir. Ancaq bununla Ermənistanı təhdid edən risklər neytrallaşmır. Ona görə ki, erməni-rus münasibətlərində böhran Qarabağ problemi və onun ətrafındakı hadisələrə ciddi təsir edə bilər. Hesab edirik ki, yaranmış vəziyyətdə İrəvan böhranın həlli yönündə təşəbbüskarlıq göstərməlidir. Özü də bu zaman istinad Moskvaya ”kozır verməyə" yox, bütün mövcud problemləri və mübahisəli məsələləri tərəfdaşlıq səviyyəsində nizamlamaya edilməlidir. Bu, bir yandan diplomatik çeviklik tələb edirsə, başqa yandan, xarici siyasətin real diversifikasiyasına hesablanmış hərtərəfli proqramın işlənməsini diktə edir. Hələlik İrəvandan yalnız ləyaqətli, lakin konkret addımlarla möhkəmlənməyən ziddiyyətli mövqe görürük".

*****

Paşinyanın Moskva səfəri öncəsi üstəlik, Rusiyanın Ermənistana satdığı qazı bahalaşdırması haqda xəbər yayılıb. Belə ki, erməni mətbuatının yazdığına görə, Rusiya baş nazirinin müavini Dmitri Kozak Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın adına göndərdiyi məktubda gələn il yanvar ayının 1-dən qazın hər min kubmetrə görə 215 dollara satıla biləcəyini qeyd edib (Hazırkı rəqəm 150 dollardır). Kozak Rusiya hökumətinin mövqeyinin müzakirəyə açıq olmadığını da vurğulayıb.

Hələlik Tiqran Avinyandan bu xəbərə reaksiya almaq mümkün olmayıb. Onun əvəzinə isə aparat rəhbəri Varaq Siseryan iddia edib ki, Moskvadan hər hansı məktub gəlməyib. “Kozak və Avinyan arasında danışıqlar prosesinin formatı və sonrakı mərhələləri barədə telefon danışığı olub. Biz rusiyalı tərəfdaşlarımızla bu məsələ ilə bağlı qarşılıqlı razılıq və anlayış çərçivəsində, hər hansı ultimatumlar olmadan müzakirələr aparırıq”, - deyə erməni rəsmisi bildirib.

Lakin yayılan məlumat tam doğru olmasa belə, ən azından İrəvana xəbərdarlıqdır ki, əgər Paşinyan hökuməti özünü “yaxşı aparmasa”, onu təqribən nələr gözləyir. Bu xüsusda Paşinyanın Moskvaya budəfəki səfəri kritik olmaqla bərabər, həlledici də sayıla bilər. Böyük ehtimalla, Ermənistana satılan qazın qiyməti Paşinyanın mövqeyindən və verəcəyi bəyanatlardan asılı olacaq. Əgər o, artıq Ermənistanın legitim başçısı kimi Putini Ermənistanın Rusiya orbitindən çıxmayacağına inandıra bilsə, sələfləri kimi öz saatını “Moskva vaxtı”na qurmağa razı olsa, o zaman ola bilsin, qazın qiymətində dəyişiklik olmasın.

Qarşıdan isə sərt qış gəlir və qazın bahalaşması üstəlik, zəruri ərzaq məhsullarını dərhal bahalaşdıra bilər. Onu da xatırladaq ki, dekabrın əvvəllərində Paşinyanın Sankt-Peterburqda Rusiya tərəfi ilə qazla bağlı danışıqları nəticə verməmişdi. Putin isə özünün dediyi kimi, ümid edir ki, Paşinyan “qırmızı xətti” keçməyəcək. Bir sözlə, Paşinyan, son dəfə, ruslar demiş, “xalça üzərinə”, yəni haqq-hesaba çağırılıb.

*****

Beləliklə, Nikol Paşinyanı gerçəkdən qəliz bir seçim gözləyir. Bir yandan o, xalqa islahatlar və Qərbə tədrici inteqrasiya ilə bağlı verdiyi vədləri tutmalıdır, o biri yandan isə Rusiyanı qəzəbləndirəcək addımlardan çəkinməliidir ki, heç olmasa, Moskva qazın qiymətini qaldırmasın. Biz hələ Ermənistana rus silahlarının ucuz qiymətə, bəzən də havayı verilməsini demirik. Görək, Paşinyan bu çoxməchullu tənliyin həllini necə tapacaq... (yeni musavat)


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86