İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edibbackend

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısının təbrikində deyilir:

“Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu – müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Tarixən Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri qarşılıqlı anlaşma və hörmət şəraitində, əmin-amanlıq, dostluq və qardaşlıq mühitində yaşamışlar.

Təsadüfi deyil ki, Azərbaycan dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanınır. Bu gün milli-tarixi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, ərazi bütövlüyümüzün qorunmasında, vətəndaş cəmiyyəti quruculuğunda, respublikamızın inkişafı və tərəqqisi naminə aparılan böyük quruculuq işlərində yaxından və fəal iştirak edirlər.

Özündə yeniliyi, həmrəyliyi və əmin-amanlığı təcəssüm etdirən Milad bayramı xristian icması tərəfindən hər il ölkəmizdə yüksək əhval-ruhiyyə və təntənə ilə qeyd olunur. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!”.

İnterpress.az