Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Acılı-şirinli 2018: Olmayacaq hadisələr də oldu, uğurlu gələcək vəd edən yeniliklər də

Keçən il vətəndaşların yaddaşında bir neçə mühüm hadisə ilə yadda qalıb

Dərc edilib: 10 yanvar 2019 [14:14]
Baxış sayı: 14702

2018-ci il artıq tarixə qovuşdu. Keçən il həm ölkəmizdə, həm də dünyada siyasi, sosial, iqtisadi və digər sahələrdə mühüm hadisələr baş verdi.

Maraqlıdır, ötən il ölkə vətəndaşlarının yaddaşında daha çox hansı hadisə və ya hadisələrlə qaldı?

Interpress.Az xəbər verir ki, sputnik Azərbaycan bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib.
Tərxan Paşazadənin fikrincə, 2018-ci il Azərbaycan üçün, ilk növbədə, "Azərbaycan Xalq Cümhuriyyəti İli"nin elan edilməsi ilə yadda qaldı.
Fərqanə Mehmanqızı üçün isə, ötən il intiharların sayının çox olması ilə yadda qalıb.
Rahil Kərimov düşünür ki, yola saldığımız ildə Azərbaycanda Xalq artistlərinin vəfatı, dünyada üzrə isə Qaşıqçının öldürülməsi yaddaşlarda qaldı.
Orxan Rəhimov üçün isə Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası"nda baş verən partlayış və Bakının qaranlığa qərq olması yaddaqalan hadisə olub.
Zaur Şərifov da 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinin qeyd edilməsini yaddaqalan hadisə hesab edir.
Elnur Abdürəhmanlının yaddaşında itkin düşmüş alpinistlərimizin cəsədlərinin tapılması qalıb.
Cəlal Səfərov üçün isə ötən il dolların bahalaşmaması ilə yadda qalıb.
Səbinə Məmmədova bir neçə hadisənin yaddaşında qaldığını bildirib: "2018-ci il alpinistlərin cəsədlərinin tapılması, yayda işıqların sönməsi, intiharlar (xüsusilə də abituriyentlərin intiharları), seçkilərin keçirilməsi, Amaliya Pənahovanın vəfatı, Qurban Qurbanovun istefası ilə yadımda qaldı".


Sualıları daha ətraflı cavablandıranlar da olub.

Elgün Məsimov ötən il həm dünyada, həm də ölkəmizdə baş verən bir neçə hadisəni xatırladıb: "Aprelin 11-də prezident seçkiləri keçirildi. İlham Əliyev seçkidə qələbə qazanaraq 4-cü dəfə prezident oldu. Eyni zamanda, 2018 həm də uğurlu kadr islahatları ilə yadda qaldı. Bir neçə nazirliyə və icra hakimiyyətinə yeni layiqli şəxslər təyin olundu. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 22 il sürən sistemli danışıqlardan sonra imzalandı".
E.Məsimov ötən il yaddaqalan iqtisadi hadisələrdən də danışıb: "Neftin qiymətləri qalxdı, Azərbaycan neftinin qiyməti 70 dollara qədər yüksəldi, makro-iqtisadi sabitlik göstəriciləri yaxşılaşdı. Azərbaycan manatı dollar qarşısında sabit qaldı. Dolların məzənnəsi, demək olar ki, dəyişmədi".
"Pis hadisəyə gəldikdə isə, iyun ayında pambıq sahələrində kütləvi zəhərlənmə hadisələri baş verdi. Bundan başqa, ötən il bəzi yüksək vəzifəli məmurların işdən çıxarılması, Respublika üzrə elektrik enerjisinin verilişində yaranan 48 saatlıq və fasiləli problemlər, Elmar Vəliyevə qarşı sui-qəsd, bütövlükdə Gəncə hadisələri (polislərin öldürülməsi) və sonda əmisi oğlunun arvadı ilə eşq yaşayan Quba sakinin amansızcasına öldürülməsi ilə yadda qaldı".
Elnur Mədətoğlu isə bildirib ki, 2018-ci il ölkənin siyasi həyatında baş verən bir sıra dəyişikliklərlə yadda qaldı: "Bura aprel ayında keçirilən Prezident seçkilərini, bəzi nazirliklər və dövlət komitələrindəki dəyişiklikləri, eyni zamanda yeni yaradılan agentlikləri və s. daxil etmək olar".
"Sosial-iqtisadi dəyişikliklər, yeni layihələr, istər ölkə daxili, istərsə də beynəlxalq səviyyəli məsələlər ötən ilki proseslərin təkrarı kimi göründü, sanki" – deyə o qeyd edib.

Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 84