Azərbaycan deyəndə buranı həmişə ata Vətən bilmişəmbackend

Azərbaycan deyəndə buranı həmişə ata Vətən bilmişəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış şairlərimizdən olan Tofiq Bayramın məşhur “Azərbaycan deyəndə…” başlıqlı şeirinin ürəkqızındıran misralarının doğmalığından yola çıxaraq “İki sahil” qəzeti eyniadlı publisistik layihə həyata keçirir.

… Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!

– ümidqarışıq xitabına söykənib davam etdiyimiz “Azərbaycan deyəndə…” layihəsinin əsas məqsədi ölkəmizdə yaşayan, çalışan, təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan haqqında ümumi təəssüratlarını, düşüncə və arzularını oxucularla bölüşməkdir. Layihəmizin budəfəki qonağı Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangındır.

Azərbaycan türk dünyasının beynidir

İş adamları deyəndə təsəvvürümüzdə adətən daha çox maddi vəsait qazanmağa hədəflənmiş insanlar gəlir. ATİB-in İdarə Heyətinin sədri Cemal Yangınla ilk tanışlıq bu stereotipdən fərqli idi. Ünsiyyətcil, güclü yumor qabiliyyətinə malik, söz açdığımız mövzulara hakim, Azərbaycan dilində təmiz danışan Cemal Yangınla ilk mükaliməmiz xəritənin önündə baş verdi. Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərimizin xüsusilə vurğulanmış olduğu ölkəmizin xəritəsinə əlini uzadaraq qəlbinin yanğısından baxışlarına köçən qisas qığılcımları ilə düşmən təcavüzündən danışan daha bir vətənpərvər Azərbaycan sevdalısı ilə söhbətimizə belə körpü atdıq.

Cemal Yanğın barlı -bərəkətli Türkiyənin dəli-dolu Qara dəniz bölgəsinin Ordu şəhərində dünyaya göz açıb. Özü bu barədə danışanda vurğuladı ki, Qara dəniz adamının qorxmaz, cəsarətli, inadkar olduğunu deyirlər: “ Bəlkə mən də müəyyən mənada Qara dəniz ruhunun daşıyıcısıyam, ancaq çox da inadkar deyiləm. Mən uşaq olanda atam əlini xəritədə Azərbaycanın üstünə qoyub deyirdi ki, bura türk dünyasının beynidir. Atam danışardı ki, o vaxtlar Zeynəb Xanlarova Bakıdan Türkiyəyə konsert verməyə gələndə o, yaşadığı yerdən İstanbula, təxminən min kilometrə yaxın məsafəni qət edərək onun konsertinə 40 saat atla, gəmiylə, avtomobillə yol gedibmiş. Mən bir türk ailəsinin övladıyam və bununla həmişə fəxr eləmişəm. Nəvəmin adını Hazar qoymuşam. Mənim Azərbaycan sevgim belə bir bitməyən sevdadır…”

Mən pasportu türkiyəli, ürəyi azərbaycanlıyam

Elə bu bitməyən sevdadan idi ki, həmsöhbətimin cümləsinin əvvəli də, sonu da Azərbaycanla başlayıb Azərbaycanla bitirdi: “ Türkiyə mənim ana vətənim, Azərbaycan ata vətənim, Şimali Kipr Türk Cümhuriyyəti isə qardaş vətənimdir. Mənim iş adamlığım həmişə bu üçündən sonra gəlir.

Bakıya ilk dəfə 1992-ci ildə gəlmişəm. Həmin vaxt burada müxtəlif xarici və daxili qüvvələrin təxribatlarının şahidi olurdum. Yardım adı altında burada başqa- başqa işlərlə məşğul olurdular. Azərbaycan torpağına ayağımı basanda burada ilk olaraq pul qazanmaq haqqında düşünməmişəm. Mən burada özümü türk iş adamı kimi deyil, Azərbaycanın vətənpərvər oğlu kimi aparmaq və hiss etmək istəyirdim. Burada baş verən təxribatlara görə o zaman Türkiyənin Baş nazirinə dedim ki, bizim həm qardaş olaraq, həm iş adamı olaraq Azərbaycanın yanında olmağımız lazımdır. 25 il əvvəl isə rəsmi olaraq Bakıda işimi qurdum. Amma mən heç vaxt Azərbaycana iş yeri kimi baxmamışam, bura mənim Vətənimdir. Həmin illərdə hələ Qarabağda qızğın döyüşlər gedirdi. Dəfələrlə Bərdə korpusuna getmişəm, özümlə Türkiyədən gələn qonaqları da aparırdım, orada yaralılara yardım edib elə orada da yatırdıq. Həmin dönəmlərdə İstanbuldan Bakıya həftədə cəmi bir təyyarə reysi vardı, onların da 4-ü təyyarənin ekipajı, 2 -3 nəfər də sərnişin olardı… 1992-ci ildə Bakıya gələndə burada ilk dəfə Prezident Administrasiyasının qarşısında türk bayrağını, Türkiyədə 2016-cı il 15 iyul hadisələrində isə İstanbulda Azərbaycan bayrağını göylərə açmağımla fəxr edirəm. Mən motosiklet səyyahıyam, onun üzərində də həmişə hər iki Vətənimin bayraqları dalğalanır. Bu vətəni sevməsəydik, burada 27 il qala bilməzdik. Bu il burada qurduğum şirkətimin 25-ci, ATİB-in isə 16-cı ildönümüdür. Azərbaycana gətirdiyim iş adamlarının bir hissəsi mənim kimi buranı sevib qaldı, bir qismi ailə vəziyyəti ilə əlaqədar uzun müddət qalmaq imkanına malik olmadı. Mən o insanlara deyirdim ki, 10 ildən, 20 ildən sonra Azərbaycan o qədər gözəlləşəcək ki, gələndə buranı tanımayacaqsınız. Tarix mənim fikrimin həqiqət olduğunu sübut etdi. Azərbaycanda bizim öncəliyimiz pul yox, dost qazanmaq olub. Mən pasportu türkiyəli, ürəyi azərbaycanlıyam. Bakıya gələndə sərhəd polisi pasportuma baxıb Türkiyə vətəndaşı olduğumu görüb təəccüblə soruşur ki, axı siz azərbaycanca təmiz danışırsınız.

Azərbaycan keçmiş MDB məkanında həm qanunvericilik bazası, həm də dövlətin xarici sərmayədarlara yaratdığı şərait baxımından ən yaxşı iş və yaşayış mühitinə malik bir ölkədir. Burada xarici vətəndaşlara , xüsusilə də türklərə çox münbit şərait yaradılır, yetər ki, kimsə çalışmaq, hansısa layihəni həyata keçirmək istəsin. Cənab İlham Əliyevin iclas və müşavirələrinə diqqət yetirin, o, çıxışlarında həmişə ölkədə fəaliyyət göstərən xarici iş adamlarına diqqət və qayğıdan danışır. Tapşırıqlar verir ki, iş adamlarını incitməyin, onlara əngəllər yaratmayın. Prezidentin indiyə kimi həyata keçirdiyi böyük işlər arasında “ASAN xidmət”, müxtəlif sahələrdə “bir pəncərə” sistemi böyük təbriklik məsələlərdir”.

Qürur və şərəf tariximiz olan 20 Yanvar günü bizə dövlətin asan qurulmadığını öyrətdi

Cemal Yanğın Azərbaycanın uğurları haqqında gözü qarşısında böyüyüb pərvazlanan övladı kimi sinəsi fərəhdən qabara-qabara danışır: “1994-cü ildə “Əsrin kontraktı”nın imzalanmasını fərəhdən sinəmiz partlaya-partlaya izləmişik. Bu, Azərbaycanın inkişaf yoluna qədəm qoyması idi.

Bakıya dönüş biletim yanvarın 21-nə nəzərdə tutulmuşdu. Ancaq biletin vaxtını dəyişdirdim və İstanbulda ailəmə, dostlara dedim ki, mübarək və müqəddəs 20 Yanvar tarixində mən mütləq Azərbaycanın Şəhidlər xiyabanında olmalı, şəhidlərin ruhuna olan ehtiramımı ifadə etməliyəm. 20 Yanvar təkcə hüzn günü deyil, qürur və şərəf tariximizdir. O şəhidlər bizə bu güclü dövləti -Azərbaycanı hədiyyə elədilər, bizi xalqdan millətə çevirdilər. 20 Yanvar və Qarabağ şəhidləri torpaq uğrunda canlarından keçərək bizə öyrətdilər ki, dövlət asan qurulmur. Bugünkü güclü Azərbaycan dövlətinin qurulma tarixi də 20 Yanvar günündən başlanıb. Azərbaycanın həmin vaxtdan başlayan pillə- pillə inkişafı gözlərim önündə baş verib.”

Mərhum Heydər Əliyevi Atatürkə bənzədirdim

Azərbaycanın inkişafından danışanda ilk öncə təbii ki, ulu öndər Heydər Əliyevin adını çəkərək başlamaq lazımdır. Ulu Öndərlə tez-tez görüşlərdə rastlaşardıq. Onun dəyərli tövsiyələri hələ də təfərrüatlarına qədər yadımdadır. Görüşlərin birində əlini mənə uzadıb dedi ki, sizin-Türkiyə və Azərbaycan vətəndaşlarının birlikdə 3-cü ölkələrdə birgə iş qurmağınızı gözləyirəm. Bundan sonra biz azərbaycanlı iş adamları ilə birlikdə Rusiyada, Gürcüstanda və başqa ölkələrdə ortaq biznes qurduq. O, bununla çox fəxr edirdi, sevinirdi. Mən ümummillli lider Heydər Əliyevi mərhum Atatürkə bənzədirdim. O da eynən Atatürk kimi adamın gözünün içinə baxıb sərt danışanda sövq-təbii özünü yığışdırardın, sonra qəfildən kəsərli yumor, şirin zarafat edərdi, o sərt ab-hava bir anda yox olardı. Atatürkdən söz düşmüşkən, dahi liderimiz deyərdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bu, hər zaman bizim üçün keçərli bir devizdir…”

“Çırpınırdın Qara dəniz, baxıb türkün bayrağına…”

Müsahibəmizdə ruhun qidasından sevilən təamlara qədər hər mövzuya toxunduq: “ ATİB-in 2019-cu il iş planlanmasına baxsanız görəcəksiniz ki, hər ay teatrlara, filmlərə və mədəni tədbirlərə getmək nəzərdə tutulub. İş adamları mütaliə ilə az məşğul olurlar. İdarə heyətinin iclaslarında həmişə deyirəm ki, heç olmasa, ayda bir kitab oxumalısınız. Bütün bunlar üçün iş adamlarının vaxtı çatmır, ona görə də biz onları planlaşma vasitəsilə “məcbur” eləmək qərarına gəlmişik.

Tarixi filmləri, Azərbaycanın köhnə filmlərini sevirəm. Azərbaycanın yazılı mədəniyyəti, tarixi irsi çox zəngindir. Dövlətin də bu mədəni-mənəvi irsə böyük qayğısı var. Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi də bunun bariz sübutudur. Türkiyənin keçmiş nazirlərindən biri olan Namik Kamal Zeybək deyirdi ki, Azərbaycan dili şeir dilidir. Gündə ən azından bir neçə dəfə “Çırpınırdın Qara dəniz”ə qulaq asıram, onu öz- özümə zümzümə edirəm. Azərbaycanın xalq mahnılarını, xüsusilə “Küçələrə su səpmişəm”i çox sevirəm. Şirvanşahlar sarayına getmək xoşuma gəlir, dəfələrlə orada olmuşam, oradakı tarixi ruh, mənəvi ab-hava məni heyran edir.

Azərbaycanla bağlı ən sevdiyim cəhət burada rahatca türkcə danışmaqdır. Fərqi yoxdur, istər Azərbaycan, istər Türkiyə türkcəsi olsun. Bunun qiymətini mənim kimi ayda dörd müxtəlif ölkəyə səfərə gedən insanlar bilər. Sadəcə iş mühitində deyil, kinoya, teatra gedərkən, biriylə oturub çay içərkən, jurnalistə müsahibə verərkən o rahatlığı hiss edirsən. Başqa dildə danışa, dərdini çatdıra bilərsən, amma hansısa doğma ifadədən tüklərin biz- biz olmaz.

Azərbaycan mətbəxindən lülə kababı, dəvə və göyərti qutabını sevirəm. Bizdə qutaba “gözləmə” deyirlər. Azərbaycanın qaralı plovunu da bəyənirəm. Lənkərandakı feyxoa meyvəsini sevirəm. Anama feyxoa aparırdım, dedi, bunun kökünü gətir. Qara dəniz tərəfdə feyxoa yoxdur, sonra mənə məlum oldu ki, Antalya zonasında var”.

Azərbaycan deyəndə buranı həmişə ata Vətən bilmişəm

Azərbaycan deyəndə buranı həmişə ata Vətən bilmişəm. Bu Vətənin Xocalı qətliamı ürəyimin ən dərin və qaysaq bağlamayan yarasıdır. Ermənilər Xocalıda normal insanın ürəyinin qaldıra bilməyəcəyi dəhşətlər törədiblər. Bu gün Azərbaycanın elə güclü ordusu var ki, işğal altında olan torpağını 48 saat içərisində geri almağa qadirdir. Ancaq siyasi platformada Azərbaycan Prezidenti İlham Əliyev hələ ki, danışıqlar yolunu üstün tutur. Biz hələ ki, münaqişənin sülh yolu ilə həll olunacağına inanırıq, hələ ki, gözləyirik. Ancaq bu gözlədiyimiz vaxtda da boş durmayacağıq. Biz Ağdamda sənaye şəhərciyi qurmağı düşünürük. Bu şəhərciyi ürəyim istəyən kimi qurub yarada bilsəm, o zaman özümə Qarabağ qazisi deyəcəm. Bizim Ağdamda yaradacağımız sənaye şəhərciyində aparılan işlər, həyata keçirilən layihələr ermənilərin kürkünə bir daha birə salacaq. Ermənilər bu sənaye şəhərciyinin səsindən orada dayana bilməyəcəklər. Mən ürəkdən inanıram ki, biz o torpaqları işğaldan azad edəcəyik və o zaman sizinlə ilk qələbə reportajını məhz “İki sahil” üçün hazırlayarıq. “İki sahil” qəzetinin daha çox maarifləndirici yönümdə fəaliyyəti məni sevindirir və bundan sonra da qəzetinizə böyük uğurlar arzulayıram”.

Sevinc Mürvətqızı,
Vüsal Cahanov (fotolar) “İki sahil”