Venesuelada özünü prezident elan edən Xuan Quaydo kimdir?backend

Venesuelada özünü prezident elan edən Xuan Quaydo kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi dünən Venesuela ilə ABŞ arasındakı diplomatik əlaqələr kəsilib.

İnterpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Venesuelada gənc müxalifət lideri Xuan Quaydonun yanvarın 5-də özünü müvəqqəti prezident elan etməsindən sonra başda ABŞ olmaqla 11 ölkə bu qərarı tanıyıb.

Xuan Quaydo kimdir?

Dekabr ayında Venesuela Milli Məclisinin sədri seçilən və yanvarın 5-dən rəsmi olaraq vəzifəsinin icrasına başlayan 35 yaşlı Xuan Quaydo sənaye mühəndisliyi ixtisası üzrə təhsil alıb. O, bu vaxta qədər Maduro iqtidarına qarşı çıxan ən güclü müxalifət lideri hesab edilir.

Mövcud rejimə qarşı etiraza çağırış etdiyi üçün Quaydo ötən həftə qısa müddətliyə həbs olunmuşdu.

O, 2009-cu ildən bəri aktiv siyasətdədir.

Venesuelanın şimalında yerləşən Varqas əyalətində doğulan məclis sədri 2011-ci ildə əyalət məhkəməsində çalışıb.

Onun iqtidara qarşı ilk etirazı 2015-ci ildə olub. Həmin il hökumətdən seçkilərin vaxtını müəyyənləşdirməsini tələb etmək üçün Quaydo aclıq aksiyası keçirib. Daha sonra millət vəkili seçilib və o vaxtdan yerlərin çoxunun müxaliflər tərəfindən tutulduğu Parlamentdə ən böyük siyasi qrupun lideridir.

Lakin hökumət 2016-cı Milli Məclisin müxalifətin nəzarətinə keçməsindən sonra andiçmə mərasimi zamanı qanunsuzluqlara yol verildiyini və seçilməyən şəxslərin parlamentə üzv edildiyini əsas göstərən məclisin səlahiyyətlərini əlindən almışdı. Bundan sonra parlamentin səlahiyyəti Maduronun tərəfdarlarından təşkil olunan Qurucu Məclisə verilmişdi.

Səlahiyyətləri əllərindən alınan Milli Məclis isə Quaydonun rəhbərliyi altında Maduroya qarşı siyasi platforma yaradaraq hədəflərini xalqın hüquqlarının pozulması, keçici hökumət yaratmaq və demokratik seçkilər şəklində açıqlamışdı.

Qeyd edək ki, bir neçə gündür Venesuelada Maduroya qarşı aksiyalar keçirilir. Onun istefası tələb olunur.

Xatırladaq ki, Maduro yanvarın 10-da and içərək ikinci dəfə prezident vəzifəsinin icrasına başlayıb.

İnterpress.az