Bu gün onun özəl günü, bizim isə gözəl günümüzdür – Toğrul Allahverdilibackend

Bu gün onun özəl günü, bizim isə gözəl günümüzdür – Toğrul Allahverdili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün onun günüdür, deməyəcəm. Zatən bu ölkə durduqca, bu Vətən yaşadıqca bütün günlər onundur. Tanıyanlar onun bu ölkəyə, Vətənə, millətə və dövlətə necə bağlı olduğunu da bilirlər. Sadəcə bu gün onun üçün özəl gündür. Dostumuzun özəl günü bizim üçün özəl olmasa da gözəldir. Özəldirsə, onun özünə aiddir. Biz uzaq başı istinad edə bilərik. İstinad demişkən, gəlib çıxdıq yenə mətbuata. Narahat olmayın, heç də haşiyədən kənara çıxmamışam. Oxuduqca söhbətin əslində düzgün yerə gəldiyinə əmin olacaqsınız.

Çünki adam 37 illik ömrünün 20 ilini elə jurnalistikaya, mətbuata, mediaya həsr edib. İllərdir ki, eyni cəbhədə müxtəlif vaxtlarda peyda olan düşmənlərə qarşı döyüşüb. Bircə silahı ilə – qələmlə. Onun qələminin zəhərli mürəkkəbi bəzi hallarda düşmənlərin nəfəsini belə kəsib. Bu gün də bu döyüş davam edir. Sabah da davam edəcək. Çünki ölkə durduqca, Vətən yaşadıqca düşmənlər də yaşayır. O, məhz bu mübarizədə hər zaman qalibiyyətlə çıxıb. Geri çəkilməmək mübarizədə qələbədir.

Söhbətin Aqil Ələsgərdən getdiyini çoxları bildi. Bəli, dostlar! Bu gün onun doğum günüdür. Daha doğrusu, bu gün onun həyatla mübarizəyə başlamasından 37 il ötür. Daim təzyiqlərə məruz qalmasından aslı olmayaraq heç bir zaman əqidəsindən dönməyərək inandığı yolla davam etməyə başlayıb. Dəfələrlə şər və böhtanlarla üzləşən Aqil Ələsgər bundan da yan keçib.

Əslində, onun üzərinə atılan hər bir böhtan zərərsizləşdirilərək onun üçün xeyir mücəssiməsinə çevrilib. Təkbaşına böyük bir media kapitanı rütbəsinə qədər irəliləyən Aqil Ələsgər bu gün Azərbaycan və Türkiyə arasında iki ölkənin media əlaqələrinin inkişafında böyük xidmətlər göstərməkdədir. Terorçu Fətullah Gülən tərəfdarlarının meydanlarda at oynatdığı bir dönəmdə qələmini işə salan, dəstəksiz-köməksiz mübarizə aparanlardan biridir. Bəlkə də, birincisidir.

Bütün bunlardan əlavə, o, dost kimi dost, qardaş kimi qardaş, sirdaş kimi sirdaşdır. Qardaşımı yaxşı tanıyıram, çünki onunla birlikdə uzaq ellərə yoldaşlıq səfərinə çıxmışıq. Tanıyanlar onun necə böyük bir ürəyə sahib olduğunu da bilirlər. Bu da təbiidir, bəlkə də. O boyda bədəndə balaca bir ürək gəzdirmək hər halda Aqil Ələsgərə yaraşmaz.

O, bəlkə də, ölkədə yeganə şəxslərdəndir ki, ad günü ilə doğum günü arasında 3 gün zaman fərqi var. 29 yanvarda dünyaya gələn körpə fevralın 1-dən Aqil adını daşımağa başlayıb. Bəziləri onun doğum gününün fevralın 1-də olduğunu bilsələr də, əslində, o, yanvarın 29-da dünyaya gəlib. Bu da bir Aqil Ələsgər özəlliyi.

Doğum günün mübarək, əziz dostum! Ad günündə təbrik etmək ümidilə!

Toğrul Allahverdili
İnterpress.az