Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olaraq şəxsi heyətlə görüşüb.
Bu barədə İnterpress.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığını, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.
General-polkovnik Zakir Həsənov ön xətt bölmələrində xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərlə maraqlanıb və bu tədbirlərin daha da keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparıb.
İnterpress.az