Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda yaşı 15-dən aşağı olan uşaqların 91,9 faizi internet istifadəçisidir

Azərbaycanda yaşı 15-dən aşağı olan uşaqların 91,9 faizi internet istifadəçisidir.

Dərc edilib: 5 fevral 2019 [15:06]
Baxış sayı: 2111

Təhlükəsiz İnternet Günündə əldə olunmuş yeni məlumatlara əsasən, Azərbaycanda internetdən istifadə edən 15-24 yaşlı gənclərin 97,5%-i üçün potensial risk təşkil edən amillər internetdə zorakılıq, kiber-qorxutma və rəqəmsal təqib hallarından ibarət olduğundan BMT-nin Uşaq Fondu (UNICEF) cəlbedici və məlumatlı rəqəmsal məkanın təhlükəsiz və səmərəli şəkildə mənimsənməsi üçün Azərbaycan uşaqları və gənclərinə münasib şərait yaratmaq məqsədilə daha çox səy göstərməyə təkidlə çağırır.

İnterpress.az Trend-ə istinadən bildirir ki, bu cür çağırış UNICEF-in gənclər arasında sonuncu qlobal rəy sorğusundan irəli gəlir ki, həmin vaxt tələbələr tərəfindən dünya üzrə aparılmış "#ENDviolence Youth Talks" (#ZorakılığaSON) mövzusunda gənclərarası silsilə müzakirələr zamanı beş həftə ərzində 1 milyondan çox cavab və təklif qəbul edilib. Belə bir təşəbbüs vasitəsilə gənclər onları xüsusən qorxutma və kiber-qorxutma hallarından qorumaq üçün valideynlərin, müəllimlərin və siyasət hazırlayanların hansı işlər görə biləcəyi barədə düşünülmüş cavablar veriblər.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, biliklər əldə etmək, başqa mədəniyyətlərlə tanış olmaq, yeni insanlarla görüşmək, öz yaradıcı imkanlarını və düşüncələrini ifadə etmək baxımından internet uşaqlar və gənclər üçün hədsiz imkanlar yaratsa da, biz bu cür cəlbedici rəqəmsal məkanda qorxutma, ayrı-seçkilik, nifrət, istismar və sui-istifadə kimi hallardan ibarət risklər barədə də məlumatlıyıq. Məhz bu səbəbə görə Təhlükəsiz İnternet Günündə UNICEF uşaqlarımızın internetdə təhlükəsizliyi məsələsinə qayğı göstərən bütün insanları hər bir uşaq üçün daha təhlükəsiz və inklüziv rəqəmsal məkanın yaradılmasında iştirak etməyə təkidlə çağırır.

YUNESKO-nun yüksək gəlirli ölkələrdə kiber-qorxutma hallarının yayılması barədə 2017-ci il tarixli məlumatlarına əsasən bu cür halların təsirindən əziyyət çəkən uşaqların və yeniyetmələrin nisbəti 5-21% civarlarında dəyişir və oğlanlarla müqayisədə qızların kiber-qorxutma hallarına daha çox məruz qalması ehtimalı yüksəkdir.

Kiber-qorxutma təhlükəsi tez bir vaxtda geniş auditoriyanı əhatə etmək imkanına malik olduğundan və qeyri-müəyyən müddət ərzində internetdə əlçatan olduğundan öz qurbanlarını faktiki olaraq bütün həyatı boyu təqib edərək onlara ciddi zərər vura bilər. Qorxutma və kiber-qorxutma halları bir-birini tamamlayaraq zərərli davranışın davamlı şəkildə formalaşmasını təmin edirlər. Kiber-qorxutma hallarından zərər çəkən şəxslərin spirtli işçkilərdən və narkotik maddələrdən istifadə etməsi və digər şagirdlərlə müqayisədə təhsildən daha çox yayınması ehtimalı yüksəkdir. Eyni zamanda, onların təhsildə aşağı qiymət alması, özünə nisbətən az hörmət etməsi və səhhətindəki problemlərdən əziyyət çəkməsi ehtimalının da çox yüksək olduğunu qeyd etmək lazımdır. Ekstremal vəziyyətlərdə kiber-qorxutma halları intihara səbəb ola bilər.

Azərbaycanda 15-24 yaşında olan oğlanların 96,8%-i internetdən istifadə edirsə, bu yaş qrupuna aid edilən qızlar arasında internet istifadəçiləri 98,3% təşkil edir. Ümumilikdə Azərbaycanda internetdən istifadə edən gənclərin faiz nisbəti dünya üzrə 70,6% təşkil edən orta göstəricini üstələyir.

Eyni zamanda, Azərbaycanda internetdən istifadə edən əhali arasında gəncləşmə müşahidə olunur. Belə ki, yaşı 15-dən aşağı olan uşaqların 91,9%-i internet istifadəçisidir. Nisbətən aşağı yaş qruplarına aid edilən uşaqlarla müqayisədə yeniyetmələrin kiber-qorxutma hallarına daha çox məruz qalması ehtimal olunsa da, məhz uşaqlar zərərli kontent, habelə cinsi istismar, sui-istifadə və kiber-qorxutma halları qarşısında daha həssasdırlar.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi uşaqların və gənclərin rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi işinə başlamağın bu kimi ən sadə yollarını xüsusilə qeyd edir:

Valideynlər öz uşaqlarının nə cür internet sörfinqi ilə məşğul olduqlarını, kimlərlə internet ünsiyyəti qurduqlarını və hansı növdə kontentdən istifadə etdiklərini bilməlidirlər. Rəqəmsal məkanda üzləşməsi mümkün olan bəzi risklər haqqında uşaqlarla açıq şəkildə söhbət etmək, habelə internetdə pis rəftara məruz qaldıqları halda heç bir cəzadan çəkinmədən valideynlərin mütləq məlumatlandırılması barədə onları xəbərdar etmək olduqca vacibdir.
Müəllimlər uşaqları internetdən bilik və faydalı ünsiyyət, yaradıcı yanaşma və bacarıqların inkişafı üçün dəyərli alət kimi istifadə etməyə stimullaşdırmaqla yanaşı onlara internetdə xoşagəlməz rəftara məruz qalma halları barədə böyüklərlə tərəddüd etmədən bölüşərək kömək istəmək üçün münasib şərait yaratmalıdırlar, çünki internetdən istifadə edən bəd niyyətli ünsürlər xoşagəlməz rəftara məruz qalan uşaqların bu barədə danışmaq qorxusundan "məharətlə" faydalanaraq növbəti addım kimi onları istismar etməyə çalışırlar.
İnternetdən nə cür istifadə etmək, bu barədə yetərincə məlumatlı olmaq və belə bir məkanda şəxsi təhlükəsizliyi təmin etmək, o cümlədən internetdəki təhlükələri və yanlış informasiyanı tanımaq və belə hallardan müdafiə olunmaq üçün uşaqların formal və qeyri-formal şəkildə maarifləndirilməsi, habelə rəqəmsal vətəndaşlıq anlayışının rəqəmsal təhsilin əsas komponenti kimi təqdim olunması sahələrinə hökumət tərəfindən daha çox sərmayə ayrılmalıdır.

E.Karvardin bu istiqamətdə atılan ilk addımların çox sadə olduğunu qeyd edib: "İstər valideynlər, istərsə də yaxın qohumlar və müəllimlər, habelə gənclərlə işləyən mütəxəssislər öz uşaqlarının və həyatda rast gəldikləri gənclərin internet vərdişləri barədə bildikdə, onların əhvalında qəfildən baş verən hər hansı dəyişikliklərə diqqətlə yanaşmalıdırlar və yarana biləcək hər bir vəziyyətlə bağlı həmin uşaqlarla və gənclərlə istənilən vaxtda söhbət etməyə hazır olduqlarını bildirməlidirlər".

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 83