Binəqədidə qaz xətləri təmir olunurbackend

Binəqədidə qaz xətləri təmir olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz kəmərlərinin əsaslı təmiri istiqamətində Bakı şəhəri və şəhərətrafı yaşayış sahələrində də genişmiqyaslı işlər görülməkdədir.

“Azəriqaz”dan “İnterpress.az”a verilən məlumata görə, bu gün paytaxt Bakının qaz şəbəkəsində aparılan təmir işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilir. Binəqədi rayonunda da görülən işlər bu qəbildəndir. Rayonda istifadə müddətini başa vurmuş, həyətyanı sahələrdən keçən pərakəndə qaz xətlərinin təmir olunması uğurla davam etdirilir.

Belə ki, rayonun 6 mikrorayon Zeytun bağları ərazisində yerləşən evlərin altından keçən orta təzyiqli qaz kəmərinin kənarlaşdırılması üçün 500 metrə yaxın 315 mm-lik polietilen qaz xəttinin çəkilişi, Biləcəri qəsəbəsində, Dəmiryolu stansiyasının çeşidləmə məntəqəsində müxtəlif diametrli 1000 metrdən artıq qaz kəmərinin əsaslı təmiri və rənglənməsi, Rəsulzadə qəsəbəsində İ.Hacıyev, A.Nemətulla, Hacıbababəyov və A.Hüseynov küçələrində müxtəlif diametrli 3200 metrə yaxın qaz xətlərinin təmiri, rənglənməsi, mövcud qaz sayğacların əvəz olunacaq qaz xətti üzərinə köçürülməsi və şkaf tipli qaz tənzimləyici məntəqələrin quraşdırılması, eyni zamanda Binəqədi qəsəbəsi 2-ci mədən ərazisində qaz xətlərinin əsaslı təmiri işləri aparılmaqdadır.

Artıq Rəsulzadə qəsəbəsindəki işlər başa çatmaq üzrədir, digər işlərin isə qısa zamanda başa çatdırılması üçün intensiv işlər aparılır. Bütün bu işlərlə yanaşı, rayonda 3000 qaz sayğacının həyətyanı sahələdən kənara çıxarılması uğurla yerinə yetirilir.

Paytaxtın qaz şəbəkəsinin yenidənqurulması, istehlakçıların qaz təchizatının bərpası, həmçinin yeni qaz kəmərlərinin çəkilməsi, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biri olub və bu istiqamətdə işlərin icrası davam etdirilir.

İnterpress.az