Makronun qərarı Azərbaycanda sərt etiraz doğurdubackend

Makronun qərarı Azərbaycanda sərt etiraz doğurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəzail Ağamalı: “Fransa həmsədr kimi hər zaman Ermənistanın yanındadır”; Fazil Mustafa: “Bu dövlətin beynəlxalq hüquqa azca sayğısı varsa, həmsədrlikdən könüllü getməlidir”

“Həm Türkiyə, həm də Azərbaycan rəsmi şəkildə Fransa prezidentinin qərarına mövqeyini ifadə etməlidir”.

İnterpress.az xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma erməni soyqırımını anma günü elan etməsini “Yeni Müsavat”a şərh edərkən bildirdi.

Deputat Fransa liderinə demək üçün Azərbaycanın kifayət qədər arqumenlətinin olduğunu da söylədi: “Azərbaycan məsələni həm də bu baxımdan arqumentləşdirə bilər ki, soyqırım mifini ortalığa atan Ermənistan və onun silahlı qüvvələri Xocalı soyqırımını törədib, eyni zamanda Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, bu günə qədər də işğal davam etməkdədir. Həm də burada təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən həmvətənlərimizin sayı deyil, bütövlükdə Qarabağın digər kəndlərində qətlə yetirilən, Xocalı qədər soyqırıma məruz qalan yaşayış məntəqələri də qeyd edilməklə onların əhalisinin soyqırıma məruz qalması, 1 milyondan artıq məcburi köçkünlərin ata-baba yurdlarından didərgin salınması Makronun nəzərinə çatdırılmalıdır. Həmçinin 250 minə yaxın soydaşımızın tarixi torpaqlardan, indiki Ermənistan deyilən ərazilərimizdən vəhşicəsinə çıxarılması faktlarını da önə çəkməklə Fransanın diqqətinə bir daha çatdırılmalıdır ki, soyqırıma məruz qalan ölkə, xalq heç zaman soyqırım törətməz. Ən azı, bunun ağrılarını çəkən bir xalq kimi, başqa millətə, başqa xalqa bu soyqırımı tətbiq edə bilməz. Deməli, ermənilər heç zaman soyqırıma məruz qalmayıb”.

F.Ağamalının qənaəti budur ki, Fransanın indiki şərtlər daxilində Qarabağla bağlı həmsədrlik etməsinə də lüzum qalmır: “Çox təəssüf edirik ki, Ermənistanı bu günə qədər himayə edən Fransa hələ də Minsk Qrupunun həmsədri kimi öz üzərinə düşən missiyanı yerinə yetirmək istəmir, əksinə, hər zaman Ermənistanın yanındadır. Bu və buna bənzər arqumentlərlə, faktlarla Azərbaycanın Xarici İşlər Nazirliyi, eyni zamanda Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və parlament bununla bağlı mövqeyini ifadə etməlidir”.

Deputat qeyd etdi ki, Milli Məclisin 12 fevral iclasında mümkün olarsa, bu barədə məsələ qaldıracaq: “Fikrimcə, Milli Məclis bununla bağlı Fransa parlamentinə etiraz məktubu göndərməlidir”.

F.Ağamalı xüsusilə də Xocalı soyqırımının 27-ci ildönümünün tamam olduğu ayda Makronun belə bir addım atmasını qəbulolunmaz saydı. O da təsdiqlədi ki, əslində Fransa prezidenti Xocalı soyqırımını anma ilə bağlı qərar verməli idi, baş verməyən hadisəyə yas tutmalı deyildi: “Biz bunu da qeyd etməliyik ki, Fransa 20-ci əsrin ən böyük faciələrindən biri hesab edilən, hələ də qanı qurumamış, Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımını tanımalıdır. Rəsmi Paris özündə iradə tapıb nəhayət ki, Xocalı soyqırımını tanımalıdır. Biz belə bir məktubla Fransanın rəsmi dairələrinə, parlamentinə, ictimaiyyətinə müraciət etməliyik. Həmçinin Türkiyə də eyni şəkildə hərəkətə keçməlidir”.

Maraqlıdır, indi Ermənistan adlandırılan, əslində isə tarixi Azərbaycan torpaqlarından didərgin düşənlərin bir nümayəndəsi kimi, F.Ağamalı Makrona açıq məktubla müraciət etmək niyyətindədirmi?

F.Ağamalı: “Bəli, azərbaycanlılar dörd dəfə – 1905-1907-ci, 1918-20-ci, 1948-53-cü illərdə və nəhayət, 1988-89-cu illərdə Ermənistandan kütləvi deportasiya olunublar. 1948-53-cü illəri çıxmaqla, bu hadisələrin üçü qanlı faciələrlə, qətllərlə, vandalizmlə həyata keçirilib. Lakin 48-53-cü illərdə də soydaşlarımız ilan mələyən çöllərə köçürüldüklərinə görə ən müxtəlif xəstəliklərdən kütləvi şəkildə qırılıb, bu da soyqırımın bir formasıdır. Bütün bunlar Ermənistanın türk soyuna qarşı məkrli şəkildə həyata keçirdiyi vandalizm aktlarıdır. Təbii ki, bunlar hamısı həmin arayışlarda ifadə olunmalı və göndərilməlidir. İndi siz yaxşı bir ideya verdiniz. Bəli, mən özüm də millət vəkili olaraq o məktubu hazırlayıb göndərə bilərəm, tamamilə doğru deyirsiniz. Yəqin ki, mən bunun üzərində işləyəcəyəm”.

Deputat, BQB başqanı Fazil Mustafa isə “Yeni Müsavat”a dedi ki, Fransa prezidentinin bu anormal hərəkəti daxili situasiyada düşdüyü durumdan xilas variantlarından biri kimi düşünülüb: “Lakin etirazçıları bu populist qərarlar qətiyyən maraqlandırmır. Onlar daxili siyasətin dəyişməsi və Makronun istefası ilə bağlı tələblər irəli sürüblər. Makron öz soyadının arxasına bundan sonra Paşinyan və ya Sərkisyan soyadını da əlavə etsə, daha məntiqli olardı. Çünki o boyda Fransa dövləti öz tarixini bir yana buraxıb ermənilər üçün anım günü təsis edirsə, bunun adı, sadəcə, anormallıqdır. Yaxşı olar ki, bu gündə doyunca ağlasınlar, başlarını, üzlərinı cırıb-dağıtsınlar, türk dünyası da bu əbləhliyə gülüb-keçsin”.

Deputat dedi ki, Fransa bizə qarşı da bir erməni dövlətinin təmsilçisi sifəti ilə davranır: “Onun həmsədrliyi də əslində Ermənistanın həmsədrliyidir. Bu addımla bağlı iradlarımızı mütləq səsləndirməliyik, hətta fikrimcə, Azərbaycan Xarici işlər Nazirliyi belə bir addıma görə Fransaya nota da verməlidir. Həm təklif etməliyik ki, azacıq da olsa, Fransanın beynəlxalq hüquqa sayğısı varsa, həmsədrlikdən könüllü olaraq imtina etsin. Çünki bu cür ikiüzlü siyasətlə ilk növbədə onlar özlərinə hörmətsizlik gətirirlər. Tarixdə belə bir soyqırım olmadığı halda, buna ancaq Fransa kimi törətdiyi soyqırımlarla (Əlcəzair və s. – red.) məşhur olan bir dövlət soyqırım deyə bilər”.

İnterpress.az