Keçmiş əri Lalə Dadaşevanı necə təqib edir…backend

Keçmiş əri Lalə Dadaşevanı necə təqib edir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bunu virtualaz.org-a Bakı şəhər sakini, illərdir ki, keçmiş həyat yoldaşı ilə məhkəmə çəkişmələri olan dörd uşaq anası Lalə Dadaşeva deyib.

Onun sözlərinə görə, Rusiya vətəndaşı olan keçmiş həyat yoldaşı, Azərbaycanda dələduzluq əməlləri törədən Araz Dadaşev barəsində iki il öncə cinayət işi başlanılıb. Lakin onun yerini müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən də ötən ilin fevral ayından etibarən A.Dadaşev beynəlxalq axtarışa verilib.

Azərbaycanı tərk edib, bir daha geri qayıtmayıb

L.Dadaşeva deyir ki, keçmiş həyat yoldaşı cinayət məsuliyyətindən yayınmaq məqsədilə 2017-ci ilin sentyabrından Azərbaycanı tərk edib və bir daha geri qayıtmayıb.

A.Dadaşev 90-cı illərdən Rusiyada yaşayıb. L.Dadaşeva ilə 1996-cı ildə ailə qurublar. Birgə nikahdan 4 uşaqları anadan olub. Sonradan əmlakla bağlı ər-arvad arasında narazılqılar yaranıb. 2016-cı ildə Dadaşevlər rəsmi şəkildə ayrılıblar.

Həmin vaxtdan etibarən ev, obyekt, Mərdəkan qəsəbəsindəki dəyəri 100 minlərlə ölçülən əmlaklarla bağlı tərəflər arasında məhkəmə çəkişmələri başlayıb və bu günə kimi də davam etməkdədir. Hazırda övladları ilə birgə qardaşı Ruslan Məmmədovun himayəsində yaşayan L.Dadaşeva deyir ki, keçmiş həyat yoldaşı onun adına olan əmlakları 2016-cı ildə aldadaraq öz adına rəsmiləşdirib. L.Dadaşeva da ərinə inanaraq bağışlama müqaviləsinə qol çəkib. Və elə bütün problemlərlə də bundan sonra qarşılaşıb.

Dadaşevanın keçmiş əri radikal islamçıdır?

L.Dadaşeva sonradan bilib ki, əslində həyat yoldaşının bütün mal-mülkünü, torpaq sahələrini dəyər-dəyməzə satıb Rusiyaya köçmək niyyətində olub. Radikal islamçılara qoşulduğu, həmin dövrlərdə mütəmadi olaraq Suriyaya gedib-gəldiyi bildirilən A.Dadaşev mənzillərdən birini “Qala” məscidindən tanıdığı əqidə yoldaşı Çingiz Süleymanlının adına keçirib. Tez-tez iftar süfrələri verən A.Dadaşevi “Qala” məscidində hər kəs tanıyıb.

2016-cı ildə o, Ç.Süleymanlıya Mərdəkandakı mənzilini 30 min manata satmaq istədiyinı deyib. Ç.Süleymanlı da razılıaşıb. O, Ç.Süleymanlıya bir dükan və bir mənzil satıb. Lakin sonradan Ç.Süleymanlı obyektə həbs qoyulduğunu, evin isə mübahisəli olduğunu öyrənib. Buna görə də mübahisəli evi, obyekti ona satmasına görə Araza iradını bildirib. A.Dadaşev isə vəkil Hüseyn Eynullayevin bütün sənəd məsələlərini özü həll edəcəyini, sadəcə ona etibarnamə verməsini məsləhət görüb.

“Bütün bu məsələləri Arazdan öyrənmək lazımdır. Dükan sadəcə mənim adıma sənədləşib, başqa heç nədən xəbərim yoxdur. Problemli mülkləri onun bunun adına sənədləşdirib bizi bəlaya salıb, özü də çıxıb gedib” – şahid Ç.Süleymanlı məhkəmədə belə deyib.

Necə olub ki, axtarışda olan biri Bakıya gəlib və məhkəməyə ərizə verib?

Ən maraqlısı odur ki, yeri-yurdu bəlli olmayan, Rusiya hüquq-mühafizə orqanlarından gizlənən, barəsində axtarış elan edilən A.Dadaşev keçmiş həyat yoldaşına qarşı Xəzər rayon məhkəməsində iddia qaldırıb. İddia ərizəsində yaşayış ünvanı kimi A.Dadaşevin qeydiyyatda olmadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahə 3/434 ünvanı göstərilib.

L.Dadaşeva deyir ki, iddia ərizəsinin A.Dadaşev tərəfindən deyil, başqası tərəfindən icra olunması onda şübhələr yaradıb. Şikayətçi iddia ərizəsinin məhkəməyə təqdim edilməsində saxtakarlığa yol verildiyini bildirib: ”İddia ərizəsinin sonunda Araz Dadaşev sözlərinin qarşısındakı imza da sonuncunun xarici pasportundakı imza ilə kəskin fərqlənir və bu fərq açıq-aydın formada gözə çarpır. Beynəlxalq axtarışda olan, bir ildir ki, Moskvada gizlənən Araz Dadaşevin iddia ərizəsinin Xəzər rayon məhkəməsinə onun özü tərəfindən təqdim olunması, həmçinin imzalanması mümkün deyil. Bu, yalnız saxtalaşdırma yolu ilə mümkündür”.

L.Dadaşevanın sözlərinə görə, keçmiş həyat yoldaşı bu günə qədər də onlardan qisas almağa çalışır, saxta yollarla istədiklərinə nail olmağa can atır: “Hətta anama qarşı da məhkəmədə iddia qaldırıb. Axtarışda olan adam məhkəmədə necə iddia qaldırır? Bu iddia ərizəsi məhkəməyə necə gedib çıxıb? Kim ərizəyə imza atıb? Məhkəmədə bununla bağlı vəsatətlər verdik, amma məhkəmə vəsatətlərimizə baxmır. Xəzər rayon məhkəməsinin hakimləri Zeynəb Axundova və Əkrəm Qəhrəmanov vəsatətlərimizin heç birini təmin etmir. Dövlət Miqrasiya Xidmətindən alınan sənəddə də göstərilir ki, yanvar ayından onun şəxsiyyət vəsiqəsi etibarsızdı, Araz orada yaşaya bilməz. Bu saxta sənədi məhkəmə necə qəbul edib? Bu ərizə məhkəməyə necə ayaq açıb? Araz bizimlə şəxsi-qərəzçilik aparır, əmlaklarımızı əlimizdən alır”.

İddianı Eynullayev hazırlayıb

L.Dadaşevanın sözlərinə görə, A.Dadaşevin nümayəndəsi vaxtilə Xəzər rayon məhkəməsində katib işləmiş, sonradan həmin vəzifədən kənarlaşdırılan, bir neçə il nümayəndə kimi, son vaxtlar isə vəkil fəaliyyəti ilə məşğul olan Eynullayev məhkəmə iclaslarının birində iddia ərizəsini özünün hazırladığını etiraf edib.

“Məhkəmə iclasında məlum oldu ki, iddia ərizəsi Hüseyn Eynullayev tərəfindən tərtib edilib. Bununla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Araz Dadaşevin adından saxtakarlığa yol verməklə tərtib olunmuş iddia ərizəsində onun imzasının kim tərəfindən icra olunmasının müəyyən edilməsini xahiş etsəm də, fakt araşdırılmadı”-şikayətçi deyir.

L.Dadaşeva deyir ki, sözügedən iddia ərizəsini keçmiş həyat yoldaşının adından hazırlayan vəkil qeydiyyat ünvanını qəsdən Mərdəkan qəsəbəsi, sahə 3/434 ünvanı göstərməklə saxta iddia ərizəsinin gələcəkdə məhkəmədə baxılmasına nail olub. Belə ki, vaxtilə Araz Dadaşevin vəkil Hüseyn Eynullayevə onu məhkəmədə təmsil etmək üçün verdiyi etibarnamə 14 yanvar 2018-ci ildə qüvvədən düşsə də vəkil qəsdən həmin etibarnamədən istifadə edərək məhkəmələrdə iddiaçının adından çıxış edir.

L.Dadaşeva baş verənlərə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırova, baş prokurorluğa, hüquq-mühafizə orqanlarına və ölkə başçısına da şikayətlər göndərib.