Azay Quliyevin “söyüş müxalifəti” ilə bağlı çağırışına dəstəkbackend

Azay Quliyevin “söyüş müxalifəti” ilə bağlı çağırışına dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xeyli vaxtdır müəyyən radikal və missioner qruplar “söyüş terroru” ilə məşğuldur. Əlbəttə, məqsəd heç də gizli deyil, plan insanların heysiyyatına toxunmaq və ölkədə qarışıqlıq yaratmaqdan ibarətdir.

Missioner qruplar bu çirkin qaydalarla öz maraqlarına nail ola bilməsələr də, söyüş və təhqir cəmiyyətimizdə ciddi narahatlıq yaradır.
Millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yap.org.az saytına verdiyi müsahibəsində bu məsələ ilə bağlı geniş danışıb və siyasi-ictimai çevrələrə, ziyalılara çağırış edib.

A.Quliyev deyib ki, siyasilər öz tərəfdarlarına müraciət etməli, söyüş və təhqirin yol verilməz olduğunu bildirməlidirlər. O, həmçinin vurğulayıb ki, “söyüşə söyüşlə cavab verək\” taktikası doğru deyil.

Sitat: “Söyüş söyənləri təhlil edərək onları 3 qrupa bölmək olar : 1-ci qrup, daha radikal qrupdur. Bu qrupa yuxarıda anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, tam olaraq xaricdən maliyyələşən şəxslər daxildir.

Bunlar üçün heç bir milli dəyərin və mental xüsusiyyətin əhəmiyyəti qalmamışdır. Bu qrupun “söyüş maşını”na “benzin” tökənlər arasında son zamanlar azərbaycan dilini mükəmməl bilən ermənilər və Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları daha çox fəallıq mümayiş etdirirlər.
2-ci qrupa, radikal siyasi müxalifətin üzvlərini aid etmək olar. Təəssüf ki, bu qrup marginallaşmış və öz aləmlərində guya siyasətlə məşğul olduqlarını zənn edənlərdir. Bunlar sivil siyasi mübarizə metodundan imtina edərək siyasətə söyüşü və təhqiri gətirmək istəyənlərdir.
Bu qrup, ölkədə baş verən bütün müsbət dəyişikləri və inkişafı inkar edir, nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyi qarşılarına məqsəd qoyublar.
Ona görə də milli hisslərə və dəyərlərə məhəl qoymayaraq bütün dövlət və hakimiyyət nümayəndələrini ağır söyüşlərlə təhqir etməkdən, etik normaları ayaqlar altına atmaqdan çəkinmirlər.

3-cü qrupa isə hər hansı bir xüsusi səbəb və ya motivasiya olmadan, nə baş verdiyini bəlkə də tam anlamayıb ümumi axına düşüb gedənlər, siyasi proseslərdən uzaq olanlardı.

Onların sayı və aktivliyi az osada, hərdən söyüş qrupuna dəstək verir və onların təsiri altında əxlaqsız ifadələr işlədərək insanları təhqir edirlər.
Məncə bizim əsas hədəfimiz “söyüş maşının”da iştirak edən 2-ci və 3-cü qrup olmalıdır. Çünki, qeyd etdiyim 1-ci qrup itirilmiş və xalqdan qopmuş sayıldığına görə onlara baş qoşmağa dəyməz. Lakin digər iki qrup bu prosesdən çəkilsə, birincilərin varlığı o qədər hiss olunmaz və təsirləri azalar”.
A.Quliyev deyib ki, söyüşü siyasətə gətirməyə çalışanlar bundan imtina etməlidir: “Bəzən isə tam əksini müşahidə edirik, sanki \”kim daha iyrənc və “kreativ” söyüş söyər?\” yarışması keçirilir və radikal siyasi düşərgənin rəhbərliyi tərəfindən “qaiblər” mükafatlandırlılır. Bu çox təhlükəlidir və arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Cəmiyyət isə bunu ikrahla qarşılayır. Biz siyasətdə bir-birimizi xoşlamaya bilərik, opponentlik edə bilərik, tənqid edə bilərik, hətta nifrət də edə bilərik, lakin ailə, namus məsələsini siyasətə gətirmək ən böyük cinayətdir, əxlaqsızlıqdır. Bunu edənlər anlamalıdırlar ki, istənilən söyüş aqressiya ilə qarşılanır və cavabı adekvatdır.
Biz isə bunu istəmirik. Bu baxımdan “söyüş maşınının” qarşısını ala bilməyən və başqa yol tapmayan bəzi siyasətçilərin əlacsızlıqdan məcbur qalaraq \”söyüşə-söyüşlə cavab verək\” çağırışını anlasam da, onu doğru hesab etmirəm. Çünki təcrübə göstərdi ki, elə “söyüş maşınını” icad eləyənlərə də tam bu lazımdır ki, durum daha da gərginləşsin və vəziyyət nəzarətdən çıxsın. Nəticədə qan tökülsün və ictimai-siyasi sabitlik pozulsun, siyasi mübarizə zorakılığa və qarşıdurmaya yönəldilsin. Bu bir siyasi tələdir və hakimiyyət nümayəndələri bunu bildiyinə görə bu tələyə heç vaxt düşməz.

Digər tərəfdən xalqımız sivil və mədəni xalqdır, heç bir halda təhqir və söyüşü siyasi mübarizə metoduna çevirə bilmərik və çevirməməliyik.
Ona görə də siyasilər öz tərəfdarlarına müraciət etməli və söyüşlə, təhqirlə mübarizə aparmağın yol verilməz və təhlükəli olduğunu bəyan etməlidir, tərəfdarlarını belə bir hərəkət etməkdən çəkindirməli və bu işi nəzarətdə saxlamalıdır.
Ehtiyac yaranarsa bununla bağlı partiyalar arasında ayrıca bir görüşü də təşkil etmək olar. Məncə bu “söyüş maşınının” ciddi şəkildə zərərsizləşdirməyin ən doğru və ən təsirli yolu ola bilər.

İkinci yol isə hüquqi müstəvidə atılan addımlar ola bilər. Burada isə həm sosial şəbəkələrin, həm də söyüş söyənlərin qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyətə cəlb olunması müzakirə oluna bilər. Bundan başqa təhqir və söyüş kontenti olan yazıları və şərhləri müvafiq qaydada şikayət edib onların silinməsinə və ya həmin şəxslərin profillərinin və səhifələrinin bağlanılmasına nail olmaq mümkündür”.

Göründüyü kimi, Azay Quliyevin açıqlamasında əsasən siyasi çevrələrə, düşünən kəsimə “söyüş müxalifəti”nin neytrallaşdırılması, bundan çəkindirilməsi üçün bir çağırış var. Siyasilər, ziyalılar bu çağırışı mühüm hesab edir və hər kəsi buna qoşulmağa çağırırlar.
Deputat Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, bu bir tərbiyə məsələsidir. Onun sözlərinə görə, artıq xaricdən söyüş kampaniyası əndazəni çoxdan aşıb, bunun qarşısını almağın yeganə yolu qanunvericilikdən dəyişiklik etməkdir.

Deputat qeyd etdi ki, heç bir dəyər tanımayan missioner radikallara cinayət işi açılması və ölkəyə gətirilməsinin təmin olunması lazımdır: “Azərbaycan kiçik ölkədir, hamı biri-birini tanıyır. Camaatın qohumu, qadını, uşağı var. Artıq onlara çağırış etməklə düzələn iş deyil.
Ona görə də qanunvericilikdə dəyişiklik lazımdır. Bu adamlar cəzalanmalıdırlar. Çünki onların söyüşlərini, insanların şərəf və ləyaqətinə toxunan sözlərini ağır cinayət kimi qiymətləndirirəm”.

F.Quliyev bildirdi ki, səfirliklər söyüş kampaniyası aparanlarla bağlı iş görməli, onların qaytarılması istiqamətində addımlar atmalıdır:
“Eyni zamanda hüquq-mühafizə orqanları iş görməlidir. Onları daha vicdana, ictimai qınağı buraxmaqla olmur. Bu şəxslər barəsində cinayət işi açılmalıdır”.
Deputat hesab edir ki, partiya rəhbərləri də öz növbəsində küyə gedən tərəfdarlarına söyüşdən istifadə etməməyə dair göstərişlər verməlidir.

Ümid Partiyası sədri İqbal Ağazadə bu məsələ ilə bağlı xüsusi qeyd etdi ki, üzərinə düşən vəzifəni yerinə yetirməkdə davam edir: “Mən həm əməli addımlar atmışam, fərdi görüşlərim olub, video müsahibələr vermişəm. Hesab edirəm ki, bu hərəkətlərimin qismən müsbət nəticələri var. Kimsənin müxalif fikrinə müdaxilə etmək niyyətim yoxdur. Yalnız etik normalar gözlənməlidir. Əgər ölkə ziyalılarından, parlament üzvlərindən bir araya gəlmək, həmin şəxslərə çağırış etmək təşəbbüsü olacaqsa qoşuluram, bu məsələdə mövqeyim qətidir”.

Ümid sədri bundan öncə Azərbaycan ziyalılarına çağırış etdiyini xatırlatdı: “Şeyxə, Ramiz Rövşənə, Anara video müraciətim oldu.
Çağırış eləmişəm ki, tərəflər etikadan kənar sözlərdən istifadə edir, bir ziyalı kimi ortaya düşün, onları sakitləşdirin.
Eyni zamanda hakimiyyət nümayəndələrinə də çağırışım olub ki, ritorikanı düz seçmirsiniz, qarşı tərəfdə qıcıq oyadırsınız.
Bir daha qəzetiniz vasitəsi ilə müraciət edirəm ki, söyməyə, qeyri-etik ifadələr işlətməyə son qoyun, bunları deməyə haqqınız yoxdur. Çünki bizi toplum dinləyir və cəmiyyətin maraqları naminə bir addım geri durmalıyıq”.

Xalq artisti Rasim Balayev də qəzetimizə açıqlamasında əxlaqa sığışmayan bu hallara son qoyulmasına çağırış etdi: “Mən bu kampaniyalara bir ziyalı, bir vətəndaş kimi çox mənfi baxıram. Onların video çıxışlarına baxmamışam, amma müəyyən qədər eşitmişəm. Hər şeyin bir həddi var. Onlar lap ağ ediblər. Belə olmaz. Tənqidi təhqirlə qarışdırmaq yolverilməzdir. Onların elədikləri tərbiyəsizlikdir”.

R.Balayev qeyd etdi ki, müxtəlif təşkilatlar, kino ittifaqları, yazıçı birlikləri var, onlar birgə toplaşıb etiraz etməli, müraciət ünvanlamalıdırlar: “Ayıbdır vallah, belə olmaz. Bu, bizim xalqımıza, vətəndaşlarımıza yaraşmır. Cəmiyyətdə müxtəlif baxışlar, tənqidlər ola bilər. Amma sən sözünü söyüşlə, təhqirlə deməməlisən”.