Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Stomatoloqdan xəbərdarlıq: “Dişağardıcı dərmanlara aldanmayın"

"ARTIQ KERAMİKADAN İSTİFADƏ OLUNMUR"

Dərc edilib: 16 fevral 2019 [23:43]
Baxış sayı: 28156

İnterpress.Az Axşam.az-istinadən stomatoloq İbrahim Həsənovla müsahibəni təqdim edir:

- Hazırda hansı diş problemləri daha çox aktualdır?

- Müasir stomatologiyada diş sırası qüsurlarının estetik bərpası daha çox aktualdır. Hazırda bunları bərpa etmək üçün zirkon, laminat, vinir dişlər var. Zirkon dişlər zirkonium dəstəkli keramikadan hazırlanmış dişlərdir. Bunlar əsasən, daha ön plana çıxır. Möhkəm olduğuna görə, arxa dişlər üçün daha çox istifadə edirik. Yumşaq və bərk qidaları bu dişlər vasitəsilə daha asan yemək olur.

Laminat və vinir qapaqlar keramikadan hazırlanmış çox nazik təbəqədən ibarətdir. Yalnız dişlərin ön hissəsinə yapışdırılır. Bu zaman dişlər kağız vərəqi qalınlığında yonulur və qapaqlar həmin hissəyə yapışdırılır. Bunun vasitəsilə dişin rəngində və formasında olan problem aradan qaldırılır.

Vinirlər əsasən, aralı, qırılmış dişlərdə istifadə olunur. ELə insan var ki, çox dərman qəbul edir deyə, onların dişləri göyümtül, saralmış rənglərdə olur. Onları ağartmaq mümkün olmayanda bu qapaqlardan istifadə edərək müştərinin istədiyi diş bəyazlığını təmin edirik. O da, həmin adamın danışığında, gülüşündə kompleksi aradan qaldırır.

"ARTIQ KERAMİKADAN İSTİFADƏ OLUNMUR"

- Bir neçə il əvvəl vinirlər yox idi, insanlar keramikadan istifadə edirdilər. Bunların fərqi nədir?

- Əvvəl estetik bərpanı aradan qaldırmaq üçün metal dəstəkli keramikadan istifadə olunurdu. Lakin bir müddət sonra bunlar həm diş ətində, həm də estetik problem yaratdı. Hazırda demək olar ki, metal keramikadan istifadə olunmur. Problemlər yaratdığına görə, maksimum istifadə etmirik. Arxa dişlərdə zirkondan istifadə edirik, bu keramikanı artıqlaması ilə əvəz edir.



- Zirkon dişləri hər kəs istifadə edə bilər?

- Zirkon elə bir materialdır ki, onun heç bir allergik reaksiyası olmur. Sadəcə, burada uşaqlarda istifadə etməməyə çalışırıq.

- Bəs vinirlər?

- Onlar da eyni qaydada tətbiq olunur.

- “Hollivud gülüşü” nəyə deyirlər?

- “Hollivud gülüşü” üçün həm vinirdən, həm də zirkondan istifadə olunur. Vinirlərdən daha çox estetik görüntü alındığına görə onlardan istifadə daha geniş vüsət alıb.

"DİŞİN RƏNGİ ÜZ QURULUŞUNA GÖRƏ SEÇİLMƏLİDİR"

- Hərdən həddindən artıq çox ağ dişlər görürük, bəzən bu kənardan plastmas təəssüratı yaradır.

- Bir həkim kimi çox ağ dişlərin tərəfdarı deyiləm. Gələn müştərilərin üz quruluşuna görə onlara məsləhət verirəm. Çox ağ dişlər təbiilikdən uzaq olur.

- Hazırda ön dişlərdən ikisinin digərlərindən uzun olması dəbdədir. Bu, nəyi ifadə edir?

- Bunu daha çox qadın müştərilər istəyir. El arasında “dovşan diş” kimi adlanır. Bu, elə də önəmli deyil. İnsanların zövqünə dəyişir.

DİŞ SARALMASININ QARŞISINI ALMAQ ÜÇÜN...

- Diş saralmasına nə səbəb olur?

- İnsanlar vaxtında dişlərini yusa, qulluq etsə, çay və qəhvədən sonra ən azı su ilə yaxalamalıdır ki, dişlərin üstünə ləkə hopmasın. Bir müddət sonra diş saralır.

- Diş ağardılması prosesi zamanı sinirlər zədələnir?

- Düzgün tətbiq olunduqda, heç bir problem yaranmır. Ağardıqdan 1-2 gün sonra sızıltı olur, bu normaldır, sonra keçir gedir. Ancaq proses düzgün yerinə yetirilməyəndə bu xəstəni uzun müddət narahat edir. Məcbur qalıb həmin dişlərin sinirlərini çıxardırıq ki, xəstə ağrılardan uzaq olsun. İnsanlar arasında söz düşüb ki, bu, dişlərə ziyandır. Elə bir şey yoxdur.



- Diş saralamasına ən çox təsir edən qəhvədir?

- Bəli, elədir ki, var.

DİŞ ÇÜRÜMƏSİNDƏN XİLAS OLUN...

- Diş çürümələri əvvəlki illərə nisbətən daha çoxalıb. Bu, nə ilə bağlıdır?

- Əvvəllər də bu problemlər olub. Hazırda insanlar daha çox maariflənib deyə, həkimə çox müraciət edir. Əsasən, vitamin balansı az olan insanlarda bu hallara çox rast gəlinir. İnsan normalda gündəlik 70 milliqram vitamin qəbul etməlidir. Hazırki qidalarda vitamin balansı az olduğundan gündəlik 15 milliqramla kifayətlənməli oluruq. Dişlərə yaxşı qulluq olunmayanda da bu problemlərlə rastlaşırıq. Tövsiyyəm odur ki, heç bir problem olmasa belə, insanlar üç aydan bir stomatoloq qəbulunda olsunlar. Bəlkə də problem var, siz görmürsünüz.

- Biz diş xəstəlikləri olaraq irinləmə, saralma və çürüməni görürük. Başqa hansı xəstəliklər mövcuddur?
- Buraya kariesi misal çəkmək olar ki, bu, dişlərin ilkin çürümə mərhələsidir. O da üç növə bölünür: səthi karies, orta karies və dərin karies. Sonra pulped var – bu sinirin iltihabıdır. Bu zaman biz siniri çıxarırıq və dişləri plomblayırıq. Bundan başqa diş əti xəstəlikləri də mövcuddur. Hansı ki, dişlərin çürüməsində böyük rol oynayırlar. Sadəcə diş ətini qoruyaraq, dişlərin laxlama mərhələsindən mühafizə etmək lazımdır.

- Diş əkilmə prosesi nə qədər çəkir? Deyirlər ki, ağrılı prosesdir...

- Bu proses ağır deyil. Bir implantın olunması 10 dəqiqə çəkir.Tam keyləşdirilmiş iynənin təsiri altında və ağrısız baş verir. Dişçəkmə prosesi implantdan daha ağırdır. - İmplant deyəndə insanların ağlına əməliyyat gəlir. - Yox, adi keyləşdirmə ilə qısa bir müddətdə həyata keçirilir. Bir müddət sonra implantın üzərinə dişlər düzəldilir, vəssalam. Sadəcə dişlərinin inkişafı başa çatmamış şəxslərə bunu etmək olmaz. Sümük xərçəngi, sümük sorulması, şəkərli diabet, kəskin ürək-damar sistemi xəstəlikləri olan adamlarda bu prosesi həyata keçirmirik. Yalnız həkim məsləhətindən sonra nadir hallarda bu baş verir. Digər hallarda 70-80 yaşda adamlara da implant dişlər qoymuşam.

- Vinirlərin düzəldilməsi nə qədər müddət çəkir?

- Bir vinirin qoyulması bir həftədən artıq çəkmir.

- Elə stomatoloqlar var bunu 1, 2 hətta 6 ay uzadır.

- 6 ay ərzində müştərinin bütün dişlərini implant etmək olar (gülür). Yonulub, ölçü götürüləndən sonra bir həftə ərzində bütün proses yekunlaşır.

VİNİR AĞRILI PROSESDİR?

- Yonulduqdan sonra dişlərin yeri boş qalır?

- Yox, biz dişlər qoyulana kimi müştəriyə müvvəqqəti əvəzedici qapaqlar düzəldirik ki, normal həyatına davam etsin.

- Vinir dişlərdən sonra bərk qidaları yemək olmur kimi iddialar gəzir...

- O, vinirin fiksasiyasından asılıdır. Sement vasitəsilə normal bərkidilirsə, bu baş vermir. İnsanlar var ki, dişiylə butulka qapağı açır, fındıq sındırır. Bunun qarşısında normal diş də sına bilər, o ki, qala sonradan qoyulma vinir. Vinir dişlərin üstünə möhkəm bərkidiləndən sonra istədiyimiz qidanı yeyə bilərik.

- Dişlərə ev şəraitində necə qulluq etmək olar?

- Diş fırçası düzgün seçilməlidir. Nə çox cod, nə də yumşaq olmamaq şərtilə. Ən azı iki dəfə dişləri yumaq lazımdır. Diş sapları ilə fırçanın çatmadığı yerləri təmizləmək lazımdır. Bu zaman həmin nahiyələrdə çürümənin qarşısını ala bilərik. Dişləri yaxalamaq üçün vasitələrdən istifadə də mütləqdir. Bu zaman diş ətini qorumuş olarsınız. Ev şəraitində bunlar kömək olur.

- Soda və limon duzu ilə dişləri ağartmaq cəhdləri nə qədər düzgündür?

- Bunlara ehtiyac yoxdur. Biz bunu stomatologiyada hər şeyi nəzərə alaraq tətbiq edirik. Bu kimi vasitələrdən istifadə zamanı dişlərə zərər vermək olar. Əgər diş özü ağarmırsa, soda ilə bu mümkün deyil. Stomatoloqlar bir çox dərman vasitəsindən istifadə edərək dişləri ağartmağa müvəffəq olurlar. Bəzən bu vasitələr də ağarmağa kömək etmir. Sadəcə bu miflər insanlar arasında yayılıb deyə, sodaya, limon duzuna müraciət edirlər.

- Sosial şəbəkələrdə dişağardıcı dərmanlar satılır. Bunlar nə dərəcədə dişləri ağardır?

- Bəli, elə dərmanlar var. Ancaq qısa müddət sonra dişlər əvvəlki vəziyyətinə qayıdır. Sadəcə bunlar reklam xarakterlidir. Biz etdiyimiz ağarma üsulları uzunmüddətlidir.

İnstagram: @dribrahim__

Facebook: Dr. İbrahim Hesenov

Telefon: (055) 630 82 82






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116