Sahil Babayev Qarabağ əlilləri, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş keçiribbackend

Sahil Babayev Qarabağ əlilləri, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindın verilən məlumata görə, S.Babayev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə imzalanan fərman və sərəncamların da bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaratdığını bildirib.

S.Babayev müharibə əlilləri və şəhid ailələrinin, müharibə veteranlarının dövlətimiz, xalqımız qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyalardan olan vətəndaşlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiklərini qeyd edib.

Nazir ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib. O, sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini deyib. S.Babayev ötən ilin iyul ayında da müvafiq ictimai təşkilatlarla görüşün keçirildiyini və gələcəkdə də belə tədbirlərin davam edəcəyini deyib.

Görüşdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyev, Qarabağ Qaziləri İB-nin İdarə Heyətinin üzvü Rey Kərimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, “Aprel şəhidi” Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Əlizadə və başqaları Prezident İlham Əliyevin həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə ediblər. Onlar belə görüşlərin ənənəvi xarakter almasını müsbət dəyərləndiriblər.

Görüş sosial müdafiə sahəsində atılan addımlarla, aparılan islahatlarla bağlı müzakirələrin aparılması, rəy və təkliflərin bildirilməsi ilə davam edib.