Kolumbiyada Azərbaycana həsr olunmuş xüsusi veriliş hazırlanıb – FOTObackend

Kolumbiyada Azərbaycana həsr olunmuş xüsusi veriliş hazırlanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizin Kolumbiyada geniş təbliği ilə bağlı Azərbaycanın Boqotadakı səfirliyi tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi davam edir.

Səfirlikdən verilən məlumata görə, bu səbəbdən ölkəmizin mədəniyyəti və tarixi barədə Kolumbiyanın ən çox dinlənilən üç radiosundan biri olan “ColMundo”da Azərbaycana həsr olunmuş 1 saatlıq xüsusi veriliş hazırlanıb.

Verilişdə danışan ölkəmizin Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, adət-ənənələri və turizmi barədə ətraflı məlumat verib.

O bildirib ki, xalqımızın çoxəsrlik mədəni irsi və milli sərvəti bu gün dünyada tanınır və Azərbaycanın bir sıra tarixi abidələri bu gün YUNESKO tərəfindən qorunmaqdadır. Həmçinin müvəqqəti işlər vəkili tərəfindən vurğulanıb ki, mədəniyyətimizin zənginliyini və qədimliyini nümayiş etdirən musiqi sənəti, milli mətbəxi və Azərbaycan xalçaları (Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və s.) beynəlxalq sərgi və tədbirlərdə uğurla təmsil olunur.

H.Zeynalov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar və əldə olunan yüksək iqtisadi göstəricilərin bir qismini sadalayıb. Bununla yanaşı dövlətimizin balanslaşdırılmış daxili və xarici siyasəti, habelə qlobal transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri barədə məlumatları dinləyicilərin diqqətinə çatdırıb.

Eyni zamanda müvəqqəti işlər vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçılıq, etnik təmizləmə siyasəti və ölkəmizə qarşı davam edən hərbi təcavüzü, tezliklə 27-ci ildönümü olacaq Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Kolumbiya əhalisinin 75 faizi kütləvi informasiya vasitələri arasında radioya böyük üstünlük verir və statistikaya əsasən radio kanalları ölkə üzrə gün ərzində 38 milyondan artıq dinləyici toplayır.

Kolumbiyada Azərbaycana həsr olunmuş xüsusi veriliş hazırlanıb - FOTO

İnterPress.az