Saxta sənədlərlə sərhəddən keçmək istəyən əcnəbilər saxlanılıbbackend

Saxta sənədlərlə sərhəddən keçmək istəyən əcnəbilər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin əməkdaşları son günlərdə 14 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıblar.

İnterPress.az xəbər verir ki, bununla bağlı DSX-nın mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, yanvar 31-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Daşkənd-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Radjabov Muzaffarın və 1993-cü il təvəllüdlü Abdurasulova Mukhiranın sərhəd naryadına təqdim etdikləri sənədlərdə saxtalaşdırma əlamətləri aşkar olunub, dərinləşdirilmiş yoxlama zamanı şübhələr təsdiqini tapıb.

Fevral 2-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bağdad-Bakı-Frankfurt reysi ilə tranzit gedən 1963-cü il təvəllüdlü Kassar Ahwood Attianın təqdim etdiyi İsveçə məxsus pasportun saxta olması aşkarlanıb. Şəxsin üzərinə baxış zamanı İraq vətəndaşı 1951-ci il təvəllüdlü Huda Esttaifan İssaya məxsus pasport aşkar olunub.

Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Doha-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1975-ci il təvəllüdlü Laiq Khanın təqdim etdiyi AB4004112 nömrəli pasportun 1988-ci il təvəllüdlü Gopang Din Muhammada məxsus olması müəyyən edilib. Şəxsin üzərinə baxış zamanı ona məxsus Pakistan sürücülük vəsiqəsi aşkar olunub.

Fevral 4-də “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Ukrayna vətəndaşı 1974-cü il təvəllüdlü Bədəlova Diləfruzun sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırılması müəyyən olunub.

Fevral 6-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1979-cu il təvəllüdlü Shoeva Bibigulün pasportunda saxtalaşdırma əlamətləri aşkar olunub.

Fevral 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1996-cı il təvəllüdlü Abideen Zain Ulun sərhəd nəzarətinə təqdim etdiyi Portuqaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu müəyyən edilib.

Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1988-ci il təvəllüdlü Sheikh Muhammad Avvaisin təqdim etdiyi İtaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu aşkarlanıb.

Fevral 10-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə gələn Özbəkistan vətəndaşı 1978-ci il təvəllüdlü Murodova Dilovar sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırılması müəyyən edilib.

Fevral 13-də “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1987-ci il təvəllüdlü Boynazarov Ozodun pasportunun saxtalaşdırılması aşkarlanıb.

Fevral 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Salem Waqas və 1997-ci il təvəllüdlü Khadim Saadın sərhəd nəzarətinə təqdim etdikləri pasportlara vurulmuş Danimarkaya məxsus Şengen vizasının tam saxta olması müəyyən edilib.

Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul-Vankuver reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Akashdeep Singhin pasportuna vurulmuş Kanadaya məxsus vizanın tam saxta olduğu aşkarlanıb.

Fevral 15-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçub gedən Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Durmaz Remzinin sərhəd nəzarətinə təqdim etdiyi Bolqarıstana məxsus pasportun saxta olmasına şübhə yaranıb və laboratoriya şəraitində yoxlanılan zaman təsdiqini tapıb.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

İnterPress.az