“Əlilin müavinətindən kredit borcu tutulurdu” — Millət vəkilibackend

“Əlilin müavinətindən kredit borcu tutulurdu” — Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Sona Əliyeva bildirib.

Onun sözlərinə görə, ölkə başçısının problemli kreditlərlə bağlı verdiyi qərar isə daha böyük əhəmiyyətə malik olan bir addımdır.

“Çünki indiyədək biz deputatlara da bununla bağlı çoxsaylı müraciətlər olurdu. Bu problemlə bağlı mənə də müraciətlər olub. Elə kreditlə bağlı fərmandan bir neçə gün öncə üç övladı olan birinci qrup əlilliyi olan ailədən problemli kreditlə bağlı müraciət oldu. Ailə krediti ödəyə bilmədiyindən əlilin müavinətindən kredit borcu tutulurdu. Belə ciddi məqamlar olub. Bununla bağlı müvafiq qurumlarla danışıqlar aparıb həllinə nail olmağa çalışdığımız zaman ölkə başçısı tərəfindən fərman imzalandı. Həmin kreditlərdən daha çox aztəminatlı ailələr əziyyət çəkirdi. Çünki həmin təbəqədən olan insanlar müxtəlif problemlərinin həlli, ev məsələsi, xəstəsinin müalicəsi ilə bağlı kredit götürüb və sonradan belə problemlə üzləşiblər”, – deyə S.Əliyeva bildirib.

Azərbaycan prezidentinin hüquq-məhkəmə sistemində islahatlar həyata keçirəcəyi ilə bağlı verdiyi anonsu şərh edən millət vəkili bildirib ki, bu mesajı çox yüksək dəyərləndiririk.

“Ölkə başçısı bir daha sübut etdi ki, o xalqın bütün problemlərindən, məsələlərindən, narazıçılıqlarından xəbərdardır. Ölkə başçısının hüquq-məhkəmə sistemi sahəsində islahatların başlanacağı ilə bağlı verdiyi anons cəmiyyətin çoxdan gözlədiyi bir məsələdir. Biz səbrsizliklə gözləyirik. Hal-hazırda məhkəmələrdən çoxsaylı şikayətlər var. Bizə də belə şikayətlər daxil olurdu”, – deyə deputat vurğulayıb.

Deputat hesab edir ki, məhkəmə-hüquq sistemində həyata keçiriləcək islahatlar və burada yaranacaq şəffaflıq iqtisadi inkişafa da müsbət təsir edəcək:

“Bu eyni zamanda cəmiyyətdəki bir çox narazıçılıqları aradan qaldıracaq\”.

Məhkəmə-hüquq sistemindəki neqativ halların olduğunu qeyd edən deputat əlavə edib ki, bəzi hallarda mənim özüm də məhkəmələrdə haqsızlıq və ədalətsizliklə üzləşmişəm:

“Özüm də məhkəmələrin haqsızlığına tuş gəlmişəm. Ancaq Ədliyyə Nazirliyi məndən xəbərsiz barəmdə ədalətli qərar çıxarıb”.
O qeyd edib ki, ölkə başçısının genişmiqyaslı islahatları hamıya bir mesajdır:

“Bu islahatlar həm deputatlara, həm bütün təbəqədə çalışan məmurlara ciddi xəbərdarlıq mesajıdır ki, işinizdə məsuliyyətli olub, dövlətə, xalqa xidmət etməlisiniz”.

Təhsil sahəsində islahatlara gəldikdə deputat bildirib ki, bir ildən artıqdır təhsil sahəsində çoxşaxəli islahatlar həyata keçirilməkdədir.

“Burada müsbət tendensiyaları müşahidə etməkdəyik. Təhsil sahəsində cəmiyyəti narahat edən məsələlərin həlli istiqamətində önəmli addımlar atılır.
Ümumiyyətlə təhsil sahəsi elə bir sahədir ki, burada islahatlar davamlı olmalıdır. Bir an olsun təhsildə islahat dayanmamalıdır. Çünki təhsil dünyada gedən prosesləri, texnoloji yenilikləri, innovasiyaları özündə əks etdirir. Bu proseslərə adaptasiya olunmalıdır. Hesab edirəm ki, təhsil sahəsində qəbul edilən qanunlar da təhsil sahəsinin ciddi inkişafına öz töhfəsini verəcək”, – deyə S.Əliyeva vurğulayıb.

Deputatın fikrincə, bu gün dünyada vahid uğurlu bir təhsil sistemi yoxdur ki, Azərbaycan təhsil sistemini də ona uyğunlaşdıraq.

“Bu gün dünyada bir-birindən tamamilə fərqli təhsil sistemləri mövcuddur ki, ancaq onlar dünyada öncül təhsil sistemi hesab olunurlar. Ona görə də bir daha hesab edirəm ki, islahatlar davamlı olmalıdır. Təbii olaraq təhsil elə bir sahədir ki, bu sahədə hər zaman narazıçılıqlar, problemlər olacaq. Çünki bu sahə böyük xidmət sahəsidir və cəmiyyətin bütün təbəqəsini özündə birləşdirir. Mən təhsil sahəsində Təhsil naziri tərəfindən həyata keçirilən islahatlardan razıyam”- deyə S.Əliyeva bildirib.

İnterPress.az