Bakıda qayınatasını döyən dünya çempionunun məhkəməsində icra məmurları dindiriliblərbackend

Bakıda qayınatasını döyən dünya çempionunun məhkəməsində icra məmurları dindiriliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Binəqədi rayon İcra şöbəsinin əməkdaşı Vüqar Alıyev şahid qismində ifadə verib.

O bildirib ki, hadisə İcra şöbəsinin otağında zərərçəkmiş Bəhruz Dilbazinin E.Məcidovu təhqiraramiz ifadələrindən sonra baş verib: \”Ehram Məcidov Bəhruz Dilbazi və onun həyat yoldaşının otaqdan çıxmasını istədi. Birdən necə oldusa onların arasında mübahisə düşdü və Bəhruz Dilbazi Ehramı söyməyə başladı. Ehram da onu döyməyə başladı\”.

Təqsirləndirilən şəxsin vəkilinin suallarını cavablandıran V.Alıyev qeyd edib ki, E.Məcidovun əlində \”beşbarmaq\” olmayıb.

Daha sonra Binəqədi rayon İcra şöbəsinin digər əməkdaşı Bəxtiyar İsmayılov dindirilib. O, hadisənin birbaşa şahidi olmadığını söyləyib.

Məhkəmədə elan olunub ki, şahid istintaqa verdiyi ifadəsində hadisə zamanı orada olduğunu deyib. Onun ifadələri arasında ziddiyətlər olduğu qeyd edilib.

Məlum olub ki, şahidin istintaqa verdiyi ifadəsinin altındakı imza ona məxsus deyil.

Məhkəmənin növbəti iclası martın 11-nə təyin edilib.

Qeyd edək ki, E.Məcidov \”Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

E.Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahından bir övladı olub. Uşaq ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri də olub.

Son dövrdə isə E.Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib. İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib. İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.

İddiaya görə, E.Məcidovun keçmiş qayınatası B.Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub.(report)

İnterPress.az