Gömrük Hospitalın həkimləri ayda 10 min, 20 min, 60 min, 90 min maaş alırlar – MƏHKƏMƏbackend

Gömrük Hospitalın həkimləri ayda 10 min, 20 min, 60 min, 90 min maaş alırlar – MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Gömrük Hospitalının Planlama və Marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verib.

O qeyd edib ki, hospitalda işi həkimlərin fəaliyyətinə görə onlara ayrılacaq məvacibi proqrama köçürmək olub.

Suallara cavab verən L.Mustafayeva qeyd edib ki, aylıq məvacibinin 170 manatını kartla, 1000 manatını isə nağd şəkildə alıb: \”Hospitalda həkimlər aylıq 10 min, 20 min, 60 min, 90 min maaş alırlar. Orada ən çox cərrahlara maaş verilir\”.

Gömrük Hospitalının Satınalma Şöbəsinin mütəxəssisi Vüsalə Əliyeva isə ifadəsində söyləyib ki, işi verilən sifarişlərin siyahısını tutmaqdan ibarət olub. O, bütün prosesləri idarə rəisi F.Qədiməliyevin icazəsi ilə həyata keçirdiklərini bildirib.

Məhkəmənin növbəti iclası martın 11-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 AZN təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

İnterPress.az