“Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar” təsdiqlənibbackend

“Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar” təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, sənədi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə imzalayıb.

Qaydalar liman akvatoriyasında gəmilərin təhlükəsiz hərəkəti, onların liman körpüsündə dayanması üzrə tələbləri müəyyən edir.

Sənəddə qeyd olunub ki, liman akvatoriyasında gəmilərin icazə olunan maksimal suya oturumu 6,5 metrdir. Dəniz xəritələrində göstərilmiş məlumatlardan fərqlənən dərinliklər haqqında məlumatlar gəmi kapitanının sorğusu əsasında liman kapitanı tərəfindən ona təqdim olunur. Limanın körpülərinin ümumi uzunluğu 1231 metrdir və uzunluğu 150 metrədək olan gəmiləri qəbul etmək imkanına malikdir. Limana giriş kanalının uzunluğu 1,52 dəniz mili (2815 metr), eni 0,23 dəniz mili (426 metr), dərinliyi isə 7-8 metr təşkil edir. Limanın akvatoriyasında mövcud olan dərinliklər 8-9 metr təşkil edir və dibdərinləşdirmə işlərinin həyata keçirilməsi ilə təmin olunur.

Qayadalara əsasən, dar keçidlərdə xüsusi və ya dibdərinləşdirici işlərlə məşğul olan gəmilərdən sovuşmaq üçün sürət azaldılmalı və onlardan sərbəst keçid haqqında əvvəlcədən razılıq alınmalıdır. Razılıq alınmadığı təqdirdə, bu gəmilərdən sovuşmaq qəti qadağandır.

Tutumu 500 tondan artıq olan gəmilərin yedəklənməsi əməliyyatlarına rəhbərlik yedəklənən gəminin kapitanı tərəfindən həyata keçirilir.

Tutumu 500 tondan artıq olan gəmilərin yedək gəmilərinin yardımı ilə həyata keçirilən yanalma əməliyyatlarına yanalan gəminin kapitanı rəhbərlik edir. Tutumu 500 tondan az olan gəmilərin və özü hərəkət etməyən üzən obyektlərin yedəklənməsi əməliyyatlarına rəhbərlik yedək gəmisinin kapitanı tərəfindən həyata keçirilir. Limana daxil olan gəmilərin yedək gəmiləri tərəfindən qarşılandığı yer liman kapitanı tərəfindən müəyyən edilir. Liman akvatoriyasında həyata keçirilən yedəkləmə əməliyyatları zamanı yedək burazının uzunluğu 50 metrdən artıq olmamalıdır.

Gəmidən gəmiyə bunker yanacağının verilməsi əməliyyatları yalnız liman kapitanının və liman dispetçerinin icazəsi ilə həyata keçirilə bilər. Bunker əməliyyatlarını həyata keçirən gəmilər gecə vaxtı ştat işıqlarından əlavə ən azı 2 mil məsafədən görünən yerdə bir qırmızı işıq yandırmalı, gündüz isə Beynəlxalq Bayraqlar Toplusuna (BBT) əsasən “Bravo” bayrağını qaldırmalıdır.

İnterPress.az