Bakı, İstiqlaliyyət küçəsi, 19-a, Vaşinqtonda, 1600 Pensilvaniya Avenue-yə yox!backend

Bakı, İstiqlaliyyət küçəsi, 19-a, Vaşinqtonda, 1600 Pensilvaniya Avenue-yə yox!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur bir məsəl var; insan nə valideynlərini, nə də vətənini özü seçə bilir.

Amma bəxtimizdən bizə gözəlim Azərbaycan qismət olub. Bir dəfə dostların biriylə söhbətdə maraqlı bir məqama toxunduq. “Biz doğrudanmı böyük xalqıq, ya eləcə urapatriotluq edirik?

Gözlənilməz cavab aldım.

– Vallah, biz çox böyük xalqıq. Və həm də müdrik. Aşağı-yuxarı azman dövlətlərə duruş gətirə

bilmişiksə, demək böyüyük.

Hə, bir də dedi ki, o qədər böyük ki, zaman-zaman nə qədər çalışdılarsa bizi vətəndaş müharibəsinə çəkə bilmədilər, vətəndaş qarşıdurması yaratmaq istədilər, amma aldıra bilmədilər. Əgər birinci Heydər Əliyevlə Əbülfəz Elçibəyin xidmətiydisə, o biri bu adamın xidmətidir….

… Əliylə prezidentin portretinə işarə vurdu…

Azərbaycanda vətəndaş qarşıdurması yoxdur, bir VƏTƏN var, bir də ona QARŞI DURANLAR. Qarşımızdakı da məlum, işğalçı dövlət.

Bir də vətəndaş var. Vətənin daşı olası insanlar. Prezident isə hər bir ölkə vətəndaşının prezidentidir. Konstitusiya və Qurana and içib buna görə. Və ANDIna da xilaf çıxmayıb. Heç yox, son fərman və sərəncamları götürək, sosial islahatlar və maaşların artırılması, bank borcları məsələsi, öz seçicisinin birbaşa dərdinin dinlənilməsi və nəhayət BÖYÜK əfv.

Əfv olunanların sosial tərkibinə, siyasi mənsubiyyətinə fikir verəndə çox koloritli palitra alınır. Hansı təbəqədən deyirsiz adam var burda. Hətta Bakıda min bir fırıldaqdan çıxmış nigeriyalı dələduza qədər. Uşaq kimi sevinirdi yazıq. Mən bilmirəm o Nigeriyaya nə vaxt və necə gedib çıxacaq. Ora deyil, bura deyil. Bakıdan onun paytaxtı Abucaya hava yoluyla 5500 kilometrdir. Yəqin bir xeyli çəkər vətənə gedib çıxmağı. Yerdə qalan əfv olunanlar isə artıq isti yuvalarındadırlar. Əzizlərinin, sevdiklərinin yanında.

Hamı sevinclidir, fikir verirsizsə, adətən az qala müharibə meydanını xatırladan sosial şəbəkələrdə bütün qütblər can deyib, can eşidir, heç bir söyüş yoxdur, qarğış yoxdur, savaş yoxdur, əsəblər sakitdir. Və iş o yerə çatıb ki, Azərbaycan iqtidarının bəlkə də bir nömrəli müxalif ruporunun rəhbəri belə dilə gəlib minnətdarlıq peşinə düşüb.

Hə, heç kim gözləmirdi bu dərəcədə humanist bir aktı. Çoxlarının ağlına gətirmdiyi halda Azərbaycan Respublikası, Bakı, Az 1066, İstiqlaliyyət küçəsi, 19-dan, Prezident sarayından gələn o sərəncam neçə adamı mat vəziyyətinə saldı. Hə, siyasi məhbus manipulyasiyası da belə bitdi. Bircə sərəncamla. Spekulyasiya ediləcək bir məsləyə də nöqtə…

Deyir, mən də gözləmirdim həbsdən çıxacağımı. Və bunu onun həbsxana qarşısında gözləyən media mənsublarının gözlərinin içinə baxa-baxa deyir. Və onu da deyir ki, məni prezident yox, Avropa, Amerika, Vaşinqton azad etdirdi.

Belə olmur, atam balası. Vallah, belə olmur. İnan, Azərbaycan sən dövlət çevrilişinə cəhd etdiyin dövrdəki dövlət deyil indi. Yəqin sağ-salamat öz evinə çatanadək Bakını seyr etməyə də imkan tapdın. Bu hələ sənin bir saat ərzində gördüklərindi. Sabah, ya biri gün şəhəri gəz, ölkəni gəz və bax, amma diqqətlə bax lütfən. Hə, ondan sonra isə diqqətlə internet resurslara bax.

Biz sən burada olmadığın 14 ildə, 14 qərinə uzaqlara getmişik. Bu əsla sən qoyub getdiyin dövlət deyil. Bu 14 ildə nələr dəyişib onu sıralamaq üçün gərək səhərə qədər yazasan. Amma bir şeyə əmin ol, bax, bu dövləti indi nəinki tanıyırlar, hətta ən mötəbər səviyyələrdə belə hesablaşırlar. Azərbaycan Respublikası, Bakı, Az 1066, İstiqlaliyyət küçəsi, 19. Hə, bu ünvana, bu ünvanda oturan və sizi evinizdə bayramı qarşılamağa şərait yaradan insana minnətdarlıq edin. Yoxsa, Vaşinqtonda, 1600 Pensilvaniya Avenue-də yerləşən Ağ Evə yox.

Bizim Ağ Evə…