Siyavuş Novruzov: “Bu fikiri deyənlərin özləri Prezidentə müraciət edərək törətdikləri əməldən peşman olduqlarını bildiriblər”backend

Siyavuş Novruzov: “Bu fikiri deyənlərin özləri Prezidentə müraciət edərək törətdikləri əməldən peşman olduqlarını bildiriblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı humanist mövqe nümayiş etdirir, onların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması, öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələrini diqqət mərkəzində saxlayır: “Bu baxımdan, azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir. Bu, dövlətin humanizm siyasətini və öz vətəndaşlarına münasibətini əks etdirən mühüm göstəricilərdən biridir. Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında həyata keçirilir. Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev hər zaman humanizm – insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu öz fəaliyyətində daim nümayiş etdirib. Azərbaycanın müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmayıb. Əksinə, Prezident İlham Əliyevin 16 mart tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına kölgə salmağa çalışan, o vaxt AXC – “Müsavat” cütlüyünün tərkibində yüksək dövlət vəzifəsi tutmuş Əli Kərimli, eləcə də “Milli şura”da yer alan digər şəxslər 1 illik hakimiyyət dövrləri müddətində onlarla insanı ölüm hökmünə məhkum etmişdilər və həmin hökmlər icra olunmuşdu. Məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub. Bu günə qədər ölkəmizdə 11 dəfə amnistiya aktı qəbul edilib, dövlət başçısı tərəfindən 70-ə yaxın əfv fərmanı və sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan azadlığına qovuşub. Sonuncu Amnistiya aktı isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Bu Amnistiya Aktı 10 mindən artıq insana şamil olunub. Bu, Heydər Əliyev siyasətinin humanist mahiyyətini əks etdirən bariz nümunələrdən biridir. Yəni ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, amnistiya aktlarının qəbul olunması ilə məhkumların yenidən azadlığa qovuşub cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilməsi imkanının verilməsi məhz Heydər Əliyev siyasətinin aparıcı istiqamətlərindən biridir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Yəni Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları yüksək dəyərləndirirlər”.

S.Novruzov təəssüf hiss ilə qeyd edib ki, yüksək humanizmi, dövlətin öz vətəndaşlarına diqqət və qayğısını əks etdirən Prezidentin sonuncu əfv sərəncamının əhəmiyyətini azaltmağa, mahiyyətini təhrif etməyə çalışan qüvvələr də var: “Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, eləcə də dövlətin öz vətəndaşlarına humanist münasibətini əks etdirən əfv sərəncamının imzalanması ilk növbədə ölkəmizin hüdudlarından kənarda olan qüvvələri – ermənipərəst dairələri ciddi şəkildə narahat edir. Həm xaricdəki “sapı özümüzdən olan baltalar”, həm də ölkəmizdəki “beşinci kolon” nümayəndələri sözügedən əfv sərəncamının guya hansısa xarici qüvvələrin təzyiqi nəticəsində imzalandığını iddia etməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Halbuki elə bu fikiri deyənlərin özləri, yaxınları-qohumları Prezident İlham Əliyevə, hüquq müdafiəçilərinə, müraciət edərək törətdikləri əməldən peşman olduqlarını, azadlığa çıxmaq istədiklərini dəfələrlə bildiriblər”.

İnterPress.az