“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcəkbackend

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı respublikamızın 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək

Festival Azərbaycanın bütün regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq. Eyni zamanda bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə zəmin olacaq.

İki hissədən ibarət olan Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert proqramına həsr ediləcək.

Sərgi çərçivəsində festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənəcək. Bundan başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq.

Konsert proqramında isə musiqiçilər, rəqs qrupları, folklor kollektivləri, qiraət ustalarının çıxışları yer alacaq.

Qeyd edək ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, keçirilir. Yaradıcılıq festivalı iki ay davam edəcək. Beləki, festivalın mart ayında Gəncə və Ağstafada, apreldə Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, may ayında isə Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxı şəhərində keçiriləcəyi planlaşdırılır.

İnterPress.az