Azərbaycan karateçisi: “Məqsədim II Avropa Oyunlarının qalibi olmaqdır”backend

Azərbaycan karateçisi: “Məqsədim II Avropa Oyunlarının qalibi olmaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu İspaniyanın Qvadalaxara şəhərindəki Avropa çempionatında bürünc medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı deyib.

84 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı məqsədinin “Minsk 2019” II Avropa Oyunlarında qızıl medal götürməkdən ibarət olduğunu söyləyib: “Almaniyalı Conatan Horna uduzsam da, bürünc medal uğrunda ukraynalı Rizvan Talıbovu 7:5 hesabı ilə üstələdim. Bununla da II Avropa Oyunlarına vəsiqə qazandım. Məqsədim Belarusdan çempionluqla dönməkdir. Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq çətindir. Lakin ümidim və məqsədim böyükdür”.

Para-karate yarışında Avropa çempionu olan Sahib Əhədov isə gərgin mübarizənin getdiyini vurğulayıb: “Para-karatedə ölkədə olmasa da, beynəlxalq yarışlarda rəqabət böyükdür. Əsas məqsədim dünya çempionu olmaqdır”.

Gözdən zəif idmançılar arasında dünya çempionatının finalçısı olan idmançı cüdonu karateyə dəyişməsinin səbəbini də açıqlayıb: “Cüdonu karateyə dəyişməyimin səbəbi müəllimimdir. O istədi deyə, bu idman növünə keçdim. Daha əvvəl para-cüdo üzrə Bakı çempionu olmuşam”.

Qeyd edək ki, Avropa çempionatında Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıb. Roman Heydərov kata yarışında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Sahib Əhədov isə para-karatedə qalib olub.

İnterPress.az