Yaddaşlarda yaşayan Yusif müəllim – Təranə Şükürlübackend

Yaddaşlarda yaşayan Yusif müəllim – Təranə Şükürlü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yusif Seyidov Azərbaycan dilinin tanınmış tədqiqatçılarındandır. Bu sahədə onun elmi maraq dairəsi genişdir. O, morfologiya, söz birləşmələri problemləri ilə məşğul olub və öz sözünü deyib. Misilsiz tədqiqatları ilə Azərbaycan dilçiliyinə bir nəfəs gətirib.

Hər bir alimin elmi fəaliyyətinin ana xətti olur. Həmin istiqamət tədqiqatçını daha çox düşündürür, zəngin axtarışlarla məşğul edir.

“Nəsimi və onun dili” haqqında kitabında Azərbaycan dilinin inkişafı tarixində Nəsiminin rolunu müəyyən etməyə çalışır. O, Nəsimi dilini klassik şeir dilimizin başlanğıc nümunələrindən biri kimi araşdırır. Özünün də qeyd etdiyi kimi: “Əsər üzərində işlərkən hərdən Nəsimin fikir dünyasına daxil olmaq arzusunda olurdum. Bunun üçün təkcə Nəsiminin şeirlərini dəfələrlə, həm də düşünə-düşünə oxumaqla kifayətlənmidrim”.O, həyatını dilçilik elminin, Azərbaycan təhsilinin inkişafına həsr etmişdir. Onun zəngin elmi yaradıcılığı vardır. Dilçilik elmi sahəsində elmi məktəbi formalaşmışdır. Azərbaycan dilçiliyinə onlarla əsər qoyub əbədilik qazanmışdır. Dilimizin hərtərəfli inkişafı hər şeydən əvvəl onun elmi cəhətdən dərindən tədqiqini tələb edir. Azərbaycan dilinin elmi məsələləri içərisində qrammatika məsələləri xüsusi yer tutur. Professor apardığı tədqiqatlar sahəsində kifayət qədər maraqlı nəticələr əldə etmişdir. “Azərbaycan dilinin qrammatikası” kitabının ön sözündə Nazim Hikmətlə bağlı xatirələrində yazırdı: “ N.Hikmət 60 yaşında əsərini bitirib tamamlamışdır. Mən isə altmış beşin içindəyəm. İndi başlayıram. Neçə il lazımdır, bilmirəm”.

Ömür kitablarını tamamlamağa,
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm!
Mən tələsmirəm!

Tələbə vaxtı bizə mühazirələrini yazdırarkən söyləyirdi ki, bunlar gələcəkdə kitab formasında çap olunacaq. Bu gün minlərlə tələbə Yusif müəllimin həmin kitablarından faydalanır.

Y.Seyidov haqqında xatirələr, xoş anlar çoxdur. O, gözəl dilçi-alim, ədəbiyyatşünas, publisist olmaqla yanaşı, həm də yaxşı müəllim idi. Uzun illər Bakı Dövlət Universitetində “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində çalışıb.
Bütün varlığı ilə universitetlə bağlı olan, onun həyatı ilə nəfəs alan Yusif Seyidov dilçilik elminin inkişafında çox işlər görüb. Allah ona bir insan kimi çox şey vermişdir. İnsanlıq, təmiz ürək, xeyirxahlıq və başqa müsbət xüsusiyyətlər. Ona görə də Azərbaycan ictimaiyyəti onu təkcə bir müəllim kimi yox, həm də bir şəxsiyyət kimi qəbul edir və sevir.

Yaddaşlarda yaşayan Yusif müəllim - Təranə Şükürlü

Yusif müəllimin mühazirələri elmi əsaslara malik idi, eyni zamanda mühazirələrində güclü emosiya özünü göstərirdi.
O, qrammatist idi. “Azərbaycan dilinin qrammatikası” kitabının müəllifi idi. Həmin əsər elmi və sadə bir dildə yazılmışdır. O, subyektiv fikirləri ilə morfologiya sahəsini ənənvi sakit axarından fərqləndirəndi. Morfoloji kateqoriyaları sistem şəklində tədqiq etdi.

Yusif Seyidov alim idi. Tədqiqat sahələri müxtəlif və rəngarəng idi. Klassik və müasir ədəbiyyatı ümumiləşdirir, onlara həyat eşqi verirdi.
Yusif müəllimin 90 illik yubileyi tələbəlik illərimi yadıma saldı. Bəli, indi dönüb o illəri xəyalımdan keçirəndə deyirəm, nə yaxşı ki, Yusif Seyidov kimi müəllimimiz olub..
Yusif müəllim işıqlı bir şəxsiyyət idi. Onu minnətdarlıqla xatırlayırıq. Yusif Seyidov mənim düşüncələrimdə və hafizəmdə daha çox müəllim kimi qalmışdır. Yusif Seyidov təkcə auditoriyaya girib dərs aparması ilə deyil, bütün varlığı ilə müəllim idi. Onun əsərlərində belə müəllim nəfəsi, müəllim kəlamı, müəllim təlimi var. Təbiətən sakit, mülayim və qayğıkeş idi. İnsanlara, tələbələrinə səmimi münasibəti var idi. Tələbələrinin şəxsi keyfiyyətinə, savadına , intizamına xüsusi münasibət bəsləyirdi.
Onun həyat yolu və yaradıcılığı böyük bir məktəbdir.Ondan elm də, ədəb də, insana, xalqa məhəbbət də öyrənmək olur.

Azərbaycan dilində söz birləşmələri məsələsi Y.Seyidovu bütün yaradıcılığı boyu məşğul etmişdir. Hər bir elm sahəsində olduğu kimi, söz birləşmələrinin hərtərəfli və düzgün izahı üçün onların təsnif edərək qruplaşdırılması mühüm əhəmiyyətə malikdir. Söz birləşmələri müxtəlif xüsusiyyətləri ilə, müxtəlif formalarda özünü göstərir. Buna görə də söz birləşmələrinə müxtəlif cəhətdən yanaşmaq, qruplaşdırmaq və izah etmək Yusif Seyidovun tədqiqatlarında aparıcı yeri tutur.
Y.Seyidovun dil dərslikləri dilçiliyimizin inkişafı baxımından öz əhəmiyyətini saxlayır.

Y.Seyidov hər şeydən əvvəl dilə, sözə bir şair, yazıçı gözü ilə baxır. Alim həm də sözdən bir müəllim kimi bəhs edir. Azərbaycan ədəbiyyatı tarixini yaxşı bilir.
Professor tarixləri vərəqləyir, əfsanələr içərisindən həqiqətləri seçir. Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Əli Tudə və Cabir Novruz yaradıcılığına öz münasibətini bildirir.

Y.Seyidov “Şairin dərdi” adlı kitabını Azərbaycanın qüdrətli şairi Səməd Vurğuna həsr edib. Dahi şairi “Azərbaycan poeziyasının sərkərdəsi” adlandırıb.
Y.Seyidov bu kitabı S.Vurğunu tanımaq, onu qiymətləndirmək üçün çox şey deyir. Şairin şeirlərinin dili sadə,aydın və konkretdir. Bu cəhətdən S.Vurğunun şeir dili tədqiqata layiqdir.

90 illik yubiley Y.Seyidov yaradıcılığının yeni səhifələrini açır. Onun dilə, ədəbiyyata, təhsilə, insana verdiyi dəyərini nümayiş etdirir.
Y.Seyidovun publisistikası onun yaradıcılığını tamamlayır, onunla səslənir.Publisistikasının ana xəttini dilə, ədəbiyyata olan, dünənə olan düzgün qiyməti, baxışı təşkil edir.
Y.Seyidovun yaradıcılığının əhatə dairəsi istər tarxi, istərsə də müasir baxımdan çox əhatəli, geniş və tutumludur. O, özündən sonra qoyub getdiyi mənəvi irsi ilə bir məktəb yaratdı. Görkəmli alim tarixə elə bir Yusif Seyidov ömrü yazıb ki, nəsillər daima ondan nümunə götürəcək.
90 illik yubileyində mərhum Yusif Seyidovu sayğı ilə anırıq.

Təranə Şükürlü
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri