\”Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və/və ya ATƏT-in Minsk Qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri “3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir. Sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir. Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz\”.
İnterPress.az-ın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
\”Biz Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik.
Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar\”, – XİN-in sözçüsü əlavə edib.
İnterPress.az