Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimat mərasimi keçirilib.

Dərc edilib: 24 aprel 2019 [14:16]
Baxış sayı: 6813

İnterPress.az-ın xəbərinə görə, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov proqramın bütün dünyada Azərbaycan diaspor hərəkatının güclənməsində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, proqrama, ümumilikdə, 609 gənc müraciət edib: "Bunlardan 95 faizi Bakıda, 3.5 faizi regionlarda, 1.5 faizi isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Prezidentin bu yaxınlarda könüllülərlə bağlı ciddi tapşırığı olub və biz də hökumət üzvü olaraq bu istiqamətdə proqramın fəaliyyətinə başladıq. Burada istənilən azərbaycanlı gənc elektorn qaydada özü, arzusu və istəyi haqqında məlumatları ifadə edə biləcək. Əslində, biz gözləmirdik ki, bu qədər gənc maraq göstərsin. Elanın ikinci həftəsində 500-dən çox gənc bu proqrama qoşulmaq üçün müraciət edib. Bu gün də bizə müraciət edən könüllülərin əksəriyyəti ilə görüşürük. Diaspor fəaliyyəti və beynəlxalq əlaqələrə maraq göstərən gəncləri bir araya toplamaq istəyirik. Gənclərimizin işə qəbul zamanı könüllülük fəaliyyəti ilə məşğul olduğu nəzərə alınmalıdır. Hətta bu, "Gənclər haqqında" qanunda da öz əksini tapıb".

Tədbirdə qeyd olunub ki, proqram davamlıdır və proqrama uyğun olaraq gənclər könüllülük fəaliyyəti, Azərbaycan diaspor hərəkatı, dünya azərbaycanlıları və s. haqqında ətraflı məlumat alacaqlar. Proqramda tam iştirak edən gənclərə Dövlət Komitəsinin sertifikatı veriləcək.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda gənclərlə bağlı əlverişli mühit yaradılıb. Onun sözlərinə görə, könüllülük fəaliyyəti ölkədə brendə çevrilib: "Bu gün könüllülük fəaliyyəti ilə məşğul olan gənclər gələcəkdə dövlət qulluqçusu kimi rahat şəkildə işləyə biləcək. Çünki könüllülük həm də təcrübə qazanmaq deməkdir".

Milli Məclisin Gənclər və İdman Komitəsinin Sədri Ülvi Quliyev isə gənc könüllülərə idmanla məşğul olmağı tövsiyə edib: "Bizim məqsədimiz gənclər siyasəti istiqamətində qanunvericilik bazasının daha da möhkəmləndirilməsinə nail olmaqdır. Dövlət Komitəsinin tövsiyəsi könüllülərə təhsili aşılamaqdan ibarətdir. İstərdik ki, gənclərimiz idmana böyük önəm versinlər. Çünki idman sağlamlıqdır"

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli gəncləri "ASAN xidmət"də könüllü fəaliyyət göstərməyə çağırıb. O bildirib ki, Azərbaycanda könüllülük fəaliyyəti ilk olaraq 2012-ci ildə "ASAN xidmət"dən başlayıb: "Bu günə qədər Dövlət Agentliyində 18 mindən çox könüllünün potensialı ortaya qoyulub. Bu gün "ASAN xidmət"in bütün mərkəzlərində 80-90 könüllü fəaliyyət göstərir".

Daha sonra tədbirdə Gənclər Fondunun Sədri Fərid Cəfərov və "Regional İnkişaf" İctimai Birliyinin Sədri Cəmil Əliyev çıxış ediblər.

Sonda könüllülərin sualları cavablandırılıb.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 165