Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilibbackend

Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdullayev müzakirəsi keçirilən kitabın müəllifin uzun zamandan etibarən elmi araşdırmalarının nəticəsi kimi işıq üzü gördüyünü bildirib: “Akademik Ramiz Mehdiyev tariximizin, ictimai-siyasi fikrimizin xüsusi əhəmiyyət daşıyan nöqtələrinə nüfuz edib. Bu kitab bir daha göstərir ki, Azərbaycan tarixinin çox vacib mənbələri olan sənədlərdən doğru-düzgün, məqsədəuyğun, konseptual şəkildə istifadə olunarsa, biz hansı perspektivlərə, üfüqlərə çıxa bilərik. Bu üfüqlərdən biri tariximizi bugünümüz qədər dərk etmək və müasir dövrdə ondan mənalı şəkildə istifadə etməkdir”.

Akademik Kamal Abdulla qeyd edib ki, 22 orijinal sənədin daxil edildiyi topluda akademik Ramiz Mehdiyev xanlıqlar dövrünün bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Bu kitab Azərbaycan tarixi və mənəvi düşüncəsini irəli aparmaq amalına xidmət edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı Eldar Əmirov “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının xüsusən geniş elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını və bunun təsadüfi olmadığını bildirib. Qeyd edib ki, Azərbaycan tarixşünaslığında xanlıqlar dövrünə baxış konseptual nöqteyi-nəzərdən indiyə qədər natamam vəziyyətdə olub. Xanlıqlar dövrü haqqında kifayət qədər əsər yazılsa da, bunlar ayrı-ayrı xanlıqların tarixinə aid olub. Akademik Ramiz Mehdiyev bu kitabında Azərbaycan tarixşünaslığında olan boşluqları və onların yaranma səbəblərini göstərməklə yanaşı, problemlərin aradan qaldırılmasına dair öz baxışlarını da ortaya qoyur. Müəllif xanlıqlar dövrünün Azərbaycan tarixindəki rolunu, xanların yol verdikləri səhvləri təhlil edərək, dövrün obyektiv siyasi mənzərəsini canlandırır. Akademik Ramiz Mehdiyevin fikrincə, tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdırlar ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur: “Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən – hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır!”

Eldar Əmirov bildirib ki, kitabda xanlıqlar dövrünə dair hadisə və şəxsiyyətlərin geniş kütləyə çatdırılmasında ədəbiyyatın və kinonun rolu xüsusilə vurğulanıb. Belə ki, oxunaqlı dildə qələmə alınmış ədəbi əsərlər sırf elmi tədqiqatlarla müqayisədə daha böyük insan kütləsinə xitab etmək iqtidarında olur. Yüksək ədəbi nümunələr emosional təsirə malik olduğu üçün peşəsindən asılı olmayaraq, yazıb-oxumağı bacaran hər bir insanda maraq doğurur. Ona görə də ədəbiyyatın təsir imkanlarından və yayılma miqyasından milli şüurumuzun formalaşdırılması, tarixi yaddaşımızın sağlamlaşdırılması naminə mütləq istifadə edilməlidir. Tariximizin ən zəruri hadisələrinə və görkəmli şəxsiyyətlərinə dair qələmə alınan dəyərli əsərlər, öz növbəsində, ekranlaşdırılaraq həmişəlik insanların şüuruna və yaddaşına həkk edilməlidir.

Qeyd edilib ki, daha əvvəl Nadir şah Əfşar, yeni kitabında isə Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə sənədlər işığında nəzər salan akademik Ramiz Mehdiyev onların və ümumən türksoylu əfşarlar və qacarlar sülalələrinin xalqımızın taleyində oynadığı rola aydınlıq gətirir və Ağa Məhəmməd şah Qacarı “Qacarlar dövlətinin banisi, görkəmli dövlət xadimi və sərkərdə” kimi təqdim edir.

Tədbirdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA-nın folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, ADU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərova, azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, həmin laboratoriyanın baş elmi işçisi, professor Niyazi Mehdi, elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova çıxış ediblər.

Çıxışlarda nəşrin konseptual mövqeyi, tarixi və ideoloji yanaşmaları, xanlıqların İran, Rusiya və bir-biriləri ilə münasibətləri məsələlərinə toxunulub. Bildirilib ki, kitab tarixçilər və mütəxəssislər, həmçinin tarixlə maraqlanan şəxslər üçün dəyərli tədqiqat əsəri, metodik nöqteyi-nəzərdən istiqamətləndirici vəsaitdir. Kitabın istinad mənbələri haqqında danışan mütəxəssislər əsərin Azərbaycan elminə dəyərli töhfə olduğunu deyiblər.

Kitabda təqdim edilən sənədlər arasında Qacar şahlarının Azərbaycan xanlarına ünvanladıqları məktublar, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları xüsusilə böyük tarixi əhəmiyyətə malikdir. Həmin sənədlər Azərbaycan xanlarında mərkəzdənqaçma meylinin nə qədər güclü olduğunu açıq-aşkar göstərən inkaredilməz sübutdur. Topluda əksini tapmış materiallar xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan verəcək, eyni zamanda, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına kömək edəcək.

Çıxışlarda “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının tarixçilər, mənbəşünaslar, ədəbiyyatşünaslar üçün bir yol xəritəsi olduğu vurğulanıb. Bu kitabın ADU-da fənn proqramlarına, təqvim planlarına bir mötəbər mənbə kimi daxil etmək təklifi irəli sürülüb. Əsərin Azərbaycan elminə və təhsilinə dəyərli töhfə olduğu bildirilib, alimlərimizin, tədqiqatçılarımızın, tələbələrin stolüstü kitabına çevriləcəyinə əminlik ifadə edilib.

İnterPress.Az