Birinci vitse-prezidentin köməkçisi: “Prezidentin fərmanı ilə məhkəmə-hüquq sistemində süründürməçilik və digər neqativ hallar aradan qaldırılacaq”backend

Birinci vitse-prezidentin köməkçisi: “Prezidentin fərmanı ilə məhkəmə-hüquq sistemində süründürməçilik və digər neqativ hallar aradan qaldırılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Prezidentin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanın bir çox hissəsi sahibkarlığın inkişafına, onun maraqlarının qorunmasına və investisiyaların təşviqinə yönəlib. Fərmanda Prezident tərəfindən müxtəlif dövlət qurumlarına, təşkilatlara müəyyən tapşırıq və tövsiyyələr verilib. Bu tövsiyələr və tapşırıqlar həmin sahədə müxtəlif qanun, fərman və sərəncamların layihəsinin hazırlanması ilə bağlıdır. Sənəd bir çox məsələləri əhatə edir. Ona görə də bu fərmanı strateji sənəd kimi qəbul etmək olar”.

İnterPress.Az xəbər verir ki, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov \”Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr\” konfransında deyib.

G.Kərimov bildirib ki, fərmanda əksini tapan əsas məsələlərdən biri də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtsaslaşmış məhkəmənin yaradılmasının yer almasıdır:

\”İxtisaslamış, hüquq cəmiyyətinin etimadını qazanmış və dərin biliklərə malik olan hakimlərdən ibarət olan məhkəmənin olması bu sahəyə bir hüquqi tarazlıq gətirəcək. Fərmanda eyni zamanda süründürməçilik və digər neqativ halların aradan qaldırılması məsələsi də öz əksini tapıb. Bunu təmin etmək üçün hakimlərin müstəqilliyinin təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin işinə müdaxilələrin qarşısının alınması, hakimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi və hüquq pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin labüdlüyü məsələsi də xüsusilə vurğulanıb. Prezidentin də qeyd etdiyi kimi aktiv ictimai burada öz rolunu oynamalıdır və biz həmin məsələlərdə bütün biznes və hüquq ictimaiyyətini aktiv olmağa çağırırıq. Sənəddə eyni zamanda elektron məhkəmə ilə bağlı məsələlər var və hüquqi müəyyənliyin gücləndirilməsinə xidmət edəcək Elektron Məhkəmə Sistemi də çox vacibdir. Ədliyyə Nazirliyində elektron məhkəmə sistemi ilə bağlı işlərin yekunlaşdırılması və həmin sistem daxilində də müxtəlif meyarlar əsasında və dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsasən məhkəmə qərarlarının effektiv axtarış sisteminin yaradılması da nəzərdə tutulub. Bu sistemin effektivliyi nəinki məhkəmə sistemi, hüquq ictimaiyyəti, istənilən şəxs üçün məhkəmə qərarlarının şəffaflığını, ardıcıllığını və əlçatanlığını təmin edəcək”.

İnterPress.Az